27 Aralık 2015 Pazar

Bir şeir yazdır mənə, qadın . . .
elə şeir ki, nəqarəti həzz anındakı
iniltilərin kimi ezackar, 
islaq öpüşlərin, isti nəfəsin,
ruhumda ərimək istəyin qədər 
fədakar olsun.
səndən öncəkiləri unudub,
səndən sonrakılara bağlayım
ruhumun qapısını,
bir şeir yazdır mənə qadın,
sevgisindən doğan şərbətin suyunda
boğulsun dünyanın tozu.
oxuduğum yüzlərlə kitabın
mənasızlığını anlatsın.
gecənin həzin bəstəsinə qoşulub
həqiqət şərqisi yaratsın.
Şərab çəlləyində uyumuş
zavallı şairi oyatsın.
bir şeir yazdır mənə qadın,
sədaqətə əvvəlki tək inanım,
gerçəklərdən usanım,
yalan çarpayısına uzanım
Bir şeir yazdır mənə qadın,
keçmişi xatırlatmasın,
səni unutduracaq qədər
sonsuz gücə sahib olsun.
dayan qadın, tələsmə getməyə,
həyat vərəqindəki ləkələri dodağının
şir əsiylə təmizlə, unut qadın, unut hər şeyi,
keçmişi, indini , gələcəyi.
yenidən başla, yenidən itir ,
yenidən məğlub ol, zatən dünya fırlanır,
başlanğıcla son eyni yerdə birləşir,
bir şeir yazdır qadın, kürəni parçalayıb
üçbucağa çevirsin,
hər yeni ehtiyacda
məni sənə yetirsin..
bir şeir yazdır mənə qadın


21 Aralık 2015 Pazartesi

Qaranlıq işığın, işıqsa qaranlığın yoxluğudur,
demək ki, birinin varlığı digərinin ölümüdür.
Xoşbəxtlik sirrini öyrənən anda
ölüm görünür insanın gözlərinə.
Kişini qadın gətirir dünyaya,
elə qadın da öldürür.
Yaşamağa yer tapmasan da,
heç olmasa ölməyə yer tapasan.
gözlərində sonsuz dərinlik gizlənən sonuncu sevgilim
mənə öyrətdi ki, kişi sonsuzluğu iki cür olur,
mənfi və müsbət sonsuzluqlar.
Qadınlar üçünsə yalnız mənfi sonsuzluqlar mövcuddur.
Sonsuzluq həm də xoşbəxtlikdir, əmin olursan ki,
yalnız iki adamı bədbəxt etmisən,
özünü və sevgilini.
övladların doğulmaması nəslindəki bədbəxtlərin sayını azaldır.
Kainatın zərrəciklərdən ibarət olması həqiqətinə nifrət etirəm.
Mən zərrəciklərdən ibarət deyiləm. Mən bütövəm,
yarımçıq nəsnələrə nifrət edirəm.
Qaranlıq işığın, işıqsa qaranlığın yoxluğudur
Və insan işıqla qaranlıq arasındakı
zavallı, bədbəxt varlıq



Elyanora, tərəddüd eşqin ilk mesajıdır.
Ay gözəlliyinə səcdə etsə,
günəş gözlərində gizlənsə və
ulduzlar yoxluğumda ərisə
biz qovuşa bilərikmi?
Elyanora həsrət uzaqlıq deyil, sevgisizlikdir.
Nikah sevginin doğma, ayrılıqsa ögey övladıdır.
Bəs onda sonsuzluq nədir, Elyanora?
Həbsxana divarları çox soyuqdur, gözəlim.
Mənə isti qucağını özlədir.
darıxıram, darıxmaq yoxluğu anlamaqdan daha çox
doğma olan nəsnələri arzulamaqdır.
Küsmə sevdiyim, xətrinə dəyməsin.
Kədər sənə yaraşır, sən taleyin,
sən kədərin özüsən.
sevmək cəsarət deyil, dostum.
sevmək öz natamamlığını anlamaq,
bötüvləşmək arzusudur.
eşq dünyanın ən möhtəşəm iztirabıdır, Elyanora.
Sənsizlik yoxluğunu anlamaqdan daha çox
varlığının qüdrətini duymaqdır.
Səni itirməkdən yox, itirməməkdən qorxuram, sevdiyim.
Bu vücudun, bu gözəlliyin qarşısında alçalıram, Elyanora.
necə rəzil olduğumu anlayıram, təhqir olunuram,
mən xoşbəxtliyə layiq deyiləm, Elyanora.
Sabah edam günümdür.
Mən körpəni, bizim körpəmizi, 3 yaşlı qızımızı öldürdüm.
Bağışla məni, əzizim, neynim?
Axı övladımız sənə bənzəmirdi.
Elyanora, Elyanora.
bu, edama məhkum olunmuş qatilin son məktubudur,
sən ölümsən, sən ölümün özüsən.
Ölüm qədər gözəlsən, Elyanora. .

9 Kasım 2015 Pazartesi

Mənə bir az həyat ver,
ölümdən uzaq, sevgiyə yaxın,
kədərdən uzaq, sevincə yaxın.
mənə bir az həyat ver.
xəyanəti unutsun,
sədaqətdən danışsın.
mənə bir az həyat ver,
savaşdan uzaq, sülhə yaxın,
mənə elə həyat ver ki,
bütün sevgilər qarşılıqlı,
bütün nifrətlər təktərəfli olsun.
elə həyat ki, 70 yaşlı qarı
7 yaşlı qız qədər səmimi olsun.
mənə bir az həyat ver,
bahalı viskilər ucuz olsun ,
bahalı siqar həsrətində olmayaq.
satılan hər şey ucuz,
satılmayan hər şey
yetkin qızın ilk sevgisi
qədər baha olsun.
elə həyat ver ki, ölümsüz olum,
hansısa təşkilatçı qızın düşündüyü
tədbirdə axmaq rollar oynamadan,
cəsur olub bağıraraq eşq nəğmələri oxuyum.
Mənə bir az həyat ver,
ölkələr sərhədsiz, körpələr qəhərsiz olsun,
amma şam yeməkləri
viski dolu qədəhlərsiz olmasın.
mənə bir az həyat ver,
senaristi, rejissoru, aktyoru özüm olum,
bir kimsəyə inanmadan, özüm özümü sevim.
bahalı smokinqlər, fransız ətirləri satılmasın,
yoxsul tələbələr brend markalar həsrətində olmasın,
gənc ailələr rütubətli otaqlarda kirələrdə qalmasın.
mənə bir az həyat ver,
ölümdən uzaq, sevgiyə yaxın..

8 Kasım 2015 Pazar

Hər kişi ölümündə bir qadın ətri var,
bəzən tünd, bəzən şirin qoxulu. 
Tünd qoxulu qadınlar daha erkən öldürür,
qəzəbli baxışlarını üzünə zillləyərək 
nifrət tüpürcəyi ilə səni məhv edir.
Şirin qoxulu qadınlar daha möhtəşəm, cazibədar olurlar.
parlaq gözlərini gözlərinə zilləyib gülümsəyərək
tənəzzülündən həzz alma saatını uzadaraq öldürür.
Öləndə də adam kimi öləsən,
it kimi gəbərmədən, saqqız kimi çeynənmədən.
Hər uşaq ölümündə bir hakimiyyət arzusu gizlənir,
hakimiyyəti kişilər təşkil edir.
Həmin kişilər də hansısa tünd ya şirin qoxulu qadınları təmsil edirlər.
Buludlar kişilərin axmayan göz yaşları,
axan yağışsa qadın sevgiləridir.
amma bu misraların söhbətə dəxli yoxdur,
bağışla dostum, bugün doğum günümdür,
yəqin bir az sərxoşam .
Tanrının cinsiyyəti bəlli deyl.
Bəşər övladı cinsiyyətini bilmədiyi varlığa inanır,
məhəlləmizdəsə İlkini döyərək öldürdülər.
Trans olduğuna görə.
Bəlkə insan hələ ibtidailikdən xilas ola bilməyib.
Bəlkə zamanı da saxtalaşdırıblar.
Şirin qoxulu qadınlardan hər şey gözləmək olar.
Şirin qoxulu qadınların sevgisi zəhər olur,
tünd qoxulu qadınlarsa həqiqətin özüdür.
Onlar həyata bənzəyirlər,
səhvləri bağışlamadan insan qanıyla qidalanırlar.
Dünən bir qız doğuldu, saçları qırmızıydı, zamanla o da
sarışın, şirin qoxulu qadına çevrilib
mərhəmətli bir kişini öldürəcək.
Həyat belədir, dostum.
İsmayıl, bilirəm ki, sərxoşsan, amma yatma ,dinlə məni
Bax içdiyimiz zəhəri də bizə hansısa bir qadın gətirib,
əgər sərxoş olmasaydım ətrini duyardım.
amma bəlkə də bu, ətirsiz qadınlardandır.
Yoxsul qadınların bahalı, ölümcül ətirləri olmur, İsmayıl . .
Altından qalın qara xətt çəkilən cümlələr daha tez unudulur,müəllimə
fədakar insanlar erkən öldüyü kimi.
isim təkcə insanların adını yox, nüfuzunu da bildirir.
yiyəlik hal ancaq zəngin insanlara məxsuzdur.
yoxsullar ismin yönsüz halında olurlar, müəllimə.
ac insanın ürəyində fellər təsriflənmir.
Məsdər heç vaxt azad olmur, şəkilçisin ata bilmir.
Sifət təkcə əlamət, keyfiyyət yox,
həm də əlamətsizlik, keyfiyyətsizlik göstərir.
Sifət 2 cür olur müəllimə. Ağ və qara sifətlər.
fel təkcə hərəkət yox, həm də taqətsizlik bildirir.
İnkar zəngin təsdiq qarşısında ikinci dərəcəli üzv olur, müəllimə,
sən anlamazsan müəllimə. İsim nədir, fel nədir,
sən heç zaman anlamazsan, ikinci dərəcəli üzv nədir, necədir, necə deyil?
Tabeli mürəkkəb cümlə sadə həyata həsrət qaldığı üçün tabelidir.
Tabesiz isə özü də bilmir, nə istəyir. Axmaq şair həyatına bənzəyir.
Müəllimə mənim üçün say miqdardan daha çox sıranı ifadə edir,
çünki ömrüm növbələrdə çürüdü. Səndən sonrakı zəngin insan üçün
növbə anlayışı yoxdur, müəllimə.
müəllimə təsirsiz fellər ac insanlardır. Onların həqiqətləri dəyişmə gücü yoxdur,
bu səbəbə görə də təsirsizdirlər.
Get yat, müəllimə. nə olsun ki, təhsilin var,
həyat haqqında anlayışın yoxdur, müəllimə.
Müsəlman qadınlarının 0 nöqtəsində qalmısan.
qızların sünnət olunmasına susub
Cəfər Cabbarlının Sevil obrazının cəsarətli olduğunu deyirsən.
get yat müəllimə, 1 ay beynini satsan da
vücudunu satan fahişə səndən daha çox qazanır.
Saq ol, get yat,
vaxtın olanda özünə hörmət edərsən .



Tanrının sığınacağında şamlar əriyəndə
müqəddəs ruh hələ əbədi bakirənin bətninə köçməmişdi.
İnsan arzuları hələ boz duman altında yox olmamışdı.
yoxsul ata ac övlad qarşısında çarəsiz qalmamışdı.
kainat bu qədər ümidsizləşməmişdi,
Hələ gələcək nəsillərin vəbadan, savaşdan xəbərləri yox idi,
hələ gələcək nəsillər dünyaya gəlməmişdi.
Məryəm ana günahsızlığını sübut etmək üçün
çarəsiz səbəblər axtarmırdı.
Şamlarsa ərimişdi, Tanrı insanı acizliyindən yaratdı.
Bütün nöqsanları insana köçürüb
özü müqəddəsləşdi və min illərdir ki, insanlar
bu yalana inanırlar .
Əgər Zina günahdırsa demək Tanrı da günahkardır,
Əgər İsa Tanrının oğludursa demək Tanrı günah edib.
Bəşər övladları Tanrının günah simasıdır.
Bu səbəbə görə də xoşbəxtliyə həsrət qalıb .
Bakirə qadın hamilə qalanda,
Tanrı insanların ölüm planını hazırlayırdı.


Bilirsən, mən bir az dəlisov adamam,
harda, nə zaman nə edəcəyim bəlli deyil,
Bəzən dalaşqanam, bəzən səbirli.
Hətta bəzən mənasızlaşmağı da bacarıram,
arada şeir yazıram, bəzən də hekayə,
sərxoş olanda dahi olduğumu zənn edir,
ayılanda bacarıqsızlığımın əzabını çəkirəm.
bəzən həssas oluram, bəzən soyuqqanlı,
amma bunların əhəmiyyəti yoxdur,
ən böyük həqiqət mənim yoxsulluğumdur.
unudulmaqdan qorxuram, tənha olmadığım anlardasa
gərginləşirəm.
özümü anlamıram. insan təbiəti ziddiyətlidir.
Uşaq olanda tanrı olmaq istəyirdim,
İbtidai sinif şagirdi olanda müəllimin
böyüyəndə nə olacaqsan sualına tanrı cavabı vermişdim.
Düşünürdüm ki, Tanrı olmaq istəməyən insan böyüyə bilməz.
Amma böyüyə bilmədim, məmləkətim məni əzdi, parçaladı.
zərrə-zərrə çürüyürəm, misqal- misqal əriyirəm,
sevdiyim, bir ömür mənlə birgə çürüməyə razısan?


bir noyabr gecəsi içimdəki sükut üsyan edərkən, sən bir az da sonsuzlaşırsan. mən qoca yazarın ölümündə öz məğlubiyyətimi gördüm, köhnə kilsə pilləkənində atamın yeni ayaqqabıları köhnə görünürdü. O zaman anladım ki, atam qocalmayıb, sadəcə köhnəlib. Atam mənə öyrətmişdi ki, yoxsul gənclər ağıllı olmağa daha çox məcburdurlar. bir noyabr gecəsi, yağış damcıları pəncərə şüşəsiylə öpüşür, öpüş ləkələrini silir yağış, küçənizdəki addım izlərimi yuyur. yağış keçmişin qatilidir. sevdiyim, yağışda romantika yoxdur, romantik nağıllara inanma. yağışda erotika var. küçədən evə qaçan sevgililər qucaqlaşırlar, əxlaqsız səslənməsin deyə buna romantika deyirlər, gör, necə də riyakardılar. Bu səbəbə görə məni sevmir qadınlar, axmaq eşq sözləri söyləməyi bacarmıram. İnan hələ gec deyil, tələs məni tərk etməyə . . .

17 Ekim 2015 Cumartesi

Tanrının sığınacağında şamlar əriyəndə
müqəddəs ruh hələ əbədi bakirənin bətninə köçməmişdi.
İnsan arzuları hələ boz duman altında yox olmamışdı.
yoxsul ata ac övlad qarşısında çarəsiz qalmamışdı.
kainat bu qədər ümidsizləşməmişdi,
Hələ gələcək nəsillərin vəbadan, savaşdan xəbərləri yox idi,
hələ gələcək nəsillər dünyaya gəlməmişdi.
Məryəm ana günahsızlığını sübut etmək üçün
çarəsiz səbəblər axtarmırdı.
Şamlarsa ərimişdi, Tanrı insanı acizliyindən yaratdı.
Bütün nöqsanları insana köçürüb
özü müqəddəsləşdi və mil illərdir ki, insanlar
bu yalana inanırlar .
Əgər Zina günahdırsa demək Tanrı da günahkardır,
Əgər İsa Tanrının oğludursa demək Tanrı günah edib.
Bəşər övladları Tanrının günah simasıdır.
Bu səbəbə görə də xoşbəxtliyə həsrət qalıb .
Bakirə qadın hamilə qalanda,
Tanrı insanların ölüm planını hazırlayırdı.

Unudulmağım gəlir, Tanrı 
Yağış sənin göz yaşlarındırsa 
bəs onda Günəş nədir?
Bizim sabahlara ehtiyacımız yoxdur,
tənhaların yeganə dostu gecələrdir.
Bir də heç yağış görməyən ölkələr var,
arada onlar üçün də ağla Tanrı.
Sən insanın ancaq materialını yaratmısan.
O materialdansa ali varlıq yarandı.
Amma sən gecikmişdin.
Bəşər övladı səni qabaqlamışdı.
İncilin arxasında yazılmış rəqəmlərin,
hərflərin də sənə dəxli yoxdur.
5 yaşlı uşaqın nifrəti
sənin sevgindən daha səmimidir, Tanrı.
Bitir bu oyunu, yazıqdır adamlar.
Yeganə günahkar sənsən.
Sən bəşərin ilk sadist varlığısan.
Sən öz övladını öldürmüsən.
müqəddəs bakirəylə birləşib
insanları dolamısan.
sən yaratdığın varlıqdan övladını
qurban kəsməsini istəmisən,
adına sınaq qoymusan.
Hətta De Sad da belə qəddar sınaq etməzdi.
Daha böyümüşəm,nağıllara inanmıram,
çıx get Tanrı,
bax, elə bu gecədə
unudulmağım gəlir . . .

11 Ekim 2015 Pazar

Ayrılıq ölümə doğru atılan ilk addımdır.
Qovuşmamaqsa hələ yaşama ümididir.
Sevgili olmadan izdivac qurmaq bədbəxtlikdir.
Sevgili olaraq nigah qurmaqsa eşqin sonudur.
Dost olmaqla təsəlli tapmaqsa acizlikdir.
Yad adamlar biri-birini ömür boyu tanımadan sevə bilərmi?
Səfil şair mənə demişdi. Bütün ayrılıqlar eyni yola gedir.
Bütün sevgilər ehtirasdan, şəhvətdən yaranır.
Amma inan, mən səni heç vaxt ehtiraslı pozada düşünmədim.
Sən müqəddəs deyildin, mən səni müqəddəsləşdirmişdim.
Bu mürəkkəb söz yığını nəyə lazımdır, bilmirəm.
Mən cəsarətsiz adamam, sənə deməyə qorxduqlarımı
vərəqlərə yazıram, adına şeir deyirlər.
Eşq insanın özünü alçaltmasıdır,
anlayırsan ki, daha özünün deyilsən, özgəninsən.
Söylə bilim, sən kiminsən?