Səfalət
içində ömür sürən gənc yazıçı məhrumiyyətlərdən usanmışdı. Bu səbəb onu
intihara sövq edirdi. Lakin izlədiyi film düşüncələrini qarışdırdı. Yeni qərarlar
qəbul etdi. Vicdanlı aşiq obrazı yaradaraq ərli qadınları yoldan çıxartmaq,
pullarını mənimsəmək istədi. Bu işdə tək deyildi. Keçmişdə müğənnilik edən,
sponsor tapa bilməyən yaşlı qadın ona bu işin sirlərini öyrədirdi.
Nəhayət
bir gün elit təbəqənin tədbirlərindən birində gənc yazıçı məclisə dəvət olundu. Maddi imkanları bərbad
halda olsa da kübar cəmiyyət istedadlı olduğunu düşünürdü. Hədəfə aldığı qadını
rəqsə dəvət etdi. Baxışları ilə ovsunlamağa çalışdı. Qadın başını onun çiyninə
söykəyəndə uğurundan həzz aldı. Qulaqlarına pıçıldayaraq şəhərin mərkəzindəki
teatrın önündə görüş təklif etdi. Qadın gülümsəyərək razılaşdı. Bundan sonrakı
işlər şantajçı qadının təcrübəsindən asılı olacaqdı. Sevgililər görüş məkanında
görüşdülər. İlk görüş üçün həddən artıq səmimi görünürdülər. Gənc yazıçı ilk
fürsətdəcə məşuqəsini öpməyi bacardı. Necə deyərlər qadının ürəyi qulaqlarında
və dodaqlarında olur. Yaradıcı adamlar bu həqiqəti daha gözəl bilir.
Sonra
vidalaşdılar. Növbəti gün şantaşçı qadın ərli qadına anonim məktub göndərdi:
- Ərinizə xəyanət etdiyinizi, gənc məşuqunuzla
sevişdiyinizi bilirəm. Məktubu gətirənə dərhal 300 avro ödəyin.
Qadın məyus
oldu. Həyəcandan sarsıldı. Axı kim idi onu şantaj edən? Əri bilsəydi şübhəsiz.
ailə həyatı dağılacaqdı. Bəs 5 yaşlı qızı nə deyəcəkdi, anam atama xəyanət
edib? Bu dəhşət olardı. Dərhal pulu göndərdi. Məşuqu olan qadınların hər zaman
ehtiyatda pulu olur. Sonra şantajçı qadın tərəfindən izlənildi. Qaçmağa çalışsa
da bacarmadı. Keçmiş müğənni hər addımda izləyirdi onu. Yazıçı məktub göndərdi:
- Sabah səhər
ərin işə getdikdən sonra keçən dəfəki məkana gəl. Gecikmə.
Hazırlaşıb yola çıxdı. Şantajçı qadın yox idi, təəccübləndi. Rahatlıqla
görüş yerinə çatdı. Təxminən 1 saatdan sonra sevgililərin qarşısından keçdi.
Ərli qadın yenə də həyəcanlandı. Əsəbləri dözülməz həddə çatmışdı. Amma qaçıb
uzaqlaşmadı. Olan olmuşdu. Bilirdi ki, bu dəfə də rüşvətsiz keçinə bilməyəcək. Bu
dəfə keçmiş müğənni 500 avro qopara bildi. Yazıçı və Şantajçı qadın yenə də gəlirləri
yarı böldülər.
Üçüncü görüşdə əri də görüş yerinə gəldi.
Sonra arvadından boşandı. Hadisələr sona çatdıqdan, qarşıya qoyulan məqsəd
uğurla yekunlaşandan sonra qadının əri -
artıq keçmiş əri, Gənc məşuqu və şantajçı qadın qələbələrini zəfər nəğmələri
və Bordo şərabıyla qeyd etdilər. Məlum oldu ki, ər uzun zamandır ki, xanımından
boşanmaq istəyib, lakin lazımı bəhanələri olmayıb.
Hiç yorum yok:
Yorum Gönder