Qustav Floberin “ Madam Bovari ” si dövrünün ən qalmaqallı əsəri hesab olunur. Əsərdə
əyalət adətləri tənqid olunur. Madam Bovari mənim üçün sədaqətsizlik
simvoludur. Onun təbiətində meşşan əxlaqı hiss olunur. Müsyo Bovari qadınının hər
dəcəlliyinə dözür. Xəstəliyi dövründə ona dəstək olur. Həddən artıq sentimental
olan Emma Şarlı görən an anlaşılmaz duyğular yaşayır. Onun izdivac təklifini qəbul
edir. Nigahdan sonrasa seçimində yanıldığını düşünür. Madam Bovari daha kübar həyat
arzulayır. Adətən belə qadınlar haqqında deyirlər:
- İlk
baxışdan sadiq qadına bənzəyir amma sonadək sədaqətli olcağından əmin olmaq
olmaz.
Roman yazıldığı dövrdə Fransa ədəbiyyatı romantizmdən
realizm ədəbi cərəyanına keçid mərhələsini yaşayırdı. Realist əsərlər insanlara
daha çox kədər bəxş etdiyindən rahatlıqla həzm olunmurdu. Madam Bovari hər şeydən
narazıdır, onun xoşbəxtliyi müvəqqətidir. Onun romantik ideyaları da kasaddır.
Mən bu obrazı natamam qadın hesab edirəm. Evliliklərinin ilkin dönəmində Şarlla
Emmanın həyatında hər şey qaydasındadır. Sonradan vəziyyət ciddi mənada dəyişir.
Qadından ərinə qarşı biganə, təhqiredici münasibət başlayır. Arvadını sevən Şarl
hər şeyə dözür. Oxuduğu sentimental eşq romanları Madam Bovarinin düşüncələrini
qarışdırır. Şarlı da günahlandırmaq olar. Bəzi anlarda o da Emmaya qarşı laqeyd
davranır. İş haqqındakı düşüncələr onun həyatını işğal edir. İlk zamanlarda ərinə
qayğı göstərən, həvəslə qulluq edən Emma hansı səbəblərə görə ondan bezir. Ərinə
sadiq qalmağa dəfələrlə cəhd etsə də heç nə alınmır. Emma ərindən nəvaziş
almağa vərdiş etdiyi üçün davamlı olaraq bu qayğını gözləyir. Əyalət
qanunlarından bezən Emma varlı ər arzusunda olduğu üçün Şarla ərə gedir. Lakin
doktor Şarlın qazancı azalır. Bu, Emmada gərginlik yaradır. Madam Bovari öncə
Leona aşiq olsa da, Leon başqa şəhərə köçür. Rodolf isə madamı şirin vədlərlə
yoldan çıxararaq qadını özünə məftun edir.
Romanı konkret olaraq ərinə xəyanət edən qadının
hekayəti kimi düşünmək düzgün olmaz. Əsərdə tacirlərin kələkbazlığı, kübar aləmin
saxtakarlığı tənqid olunur, insanda məyusluq yaradan səbəblərə aydınlıq gətirilir.
Emma həm də anadır, bir qadın kimi onun xəyanətini bəlkə də hansısa mənalarda
anlamaq olar, lakin övladının atasına xəyanət edən qadına haqq qazandırmaq çox
çətindir. Maddi qayğıları gündən - günə
ağırlaşan Bovari ailəsi borca düşürlər. Borc faizləri onları müflis edir. Madam
Bovari ərinin xəbəri olmadan yüksək məbləğdə borc alır. Məhkəmə qərarına əsasən
Bovarilərin daşınan əmlakı müsadirə olunur. Emma məşuqlarından yardım istəsə də
heç biri ona yardım etmir. Romanın sonunda Emma intihara cəhd edir, ilk anda
ona yardım etsələr də ölümü qarşısıalınmaz olur. Mənə maraqlı olan məsələlərdən
biri Şarl Bovarinin arvadının ləyaqətsiz hərəkətlərindən xəbərdar olmamasıdır.
Yəni ki, ərin qadından xəbəri yoxdur, ya da hər şeyi bilir, lakin susur. Bəs
niyə susur? Müxtəlif səbəblər ola bilər. Bəlkə də alicənablığından susur.
Arvadının etdiyi ən dözülməz hərəkətləri onun əsəb xəstəliyi ilə əlaqələndirən ər
ona yenə də əvvəlki kimi şəfqətli münasibət göstərir. Emmanın ölümündən sonra məşuqla
ərin görüşü baş tutur. Onlar arasındakı dialoqdan anlamaq olur ki, Şarl arvadının xəyanətindən xəbərdardır. Hətta
Rodolfun simasına baxarkən Emmanı xatırlayır və bu simaya sevdiyim qadının
sevdiyi sima deyərək xitab edir .
Gəlin, əsas məsələyə diqqət edək. Madam Bovari niyə
bu qədər üzgündür ? Onun məyusluğunun səbəbi nədir. Məncə onda zehni
çatışmazlıq və yüksək sentimentallıq var. O, evdar qadındır və bu cansıxıcı
mühit onda əsəb gərginliyi yaradır. Fərqliliklər həsrətində yaşayan Madam
Bovarinin yeni eşqlər axtarışına səbəb olan məsələ elə budur. Ağlıma başqa nəsə
gəlmir. Floberin Madam Bovari obrazı
Kamyunun Merso sürəti qədər gərgin, anlaşılmaz olmasa belə özlüyündə
xüsusi xarakter əks etdirir. Bəlkə də Emma ərinə yalnız isterik anlarında xəyanət
edirdi. Amma bu fikir absurd səslənir.
Madam Bovarinin ölümündən sarsılan Şarl da çox keçmədən
ölür və Berta yoxsulluq içində yaşamaq məcburiyyətində qalır. Əyalət qadınları
həddən artıq sentimental olur və bunun cəzasını çəkirlər .
Hiç yorum yok:
Yorum Gönder