Tolstoy Anna Kareninanı öldürməsəydi, Anna Tolstoyu öldürərdi. Dünya ədəbiyyatında
ölmüş obrazlar daha çox yadda qalıb. Nümunələr çoxdur. Məsələn, İrvinq Stounun “
Yaşamaq yanğısı ” əsərində Van Qoq qardaşları ölür. Visente van Qoq intihar
edir. Teo isə bu dərdə dözməyib ölür. Əsəri oxumayan üçün məlumat verim ki,
povest ölümündən sonra dünya şöhrəti qazanmış dahi holland rəssamı Visente van
Qoqun həyat və yaradıcılığından bəhs edir. Qustav Floberin “ Madam Bovari” romanının
sonunda da xanım Bovari ölür. Bovari ölməliydi ki, əri Şarl Rodolfun simasına
baxanda arvadını xatırlasın. Onun baxışlarında nifrət varmı? Bu suala cavab
tapmaq çətin məsələdir. O, alicənablığını qorumuşdu. Somerset Moemin “ Ay və
qara qəpik” əsərində də belə nəcib obraz var. Stryov ona xəyanət edən qadınına
son anadək alicənab münasibət göstərir. Xanım Blanşsa ölür. Balzakın “Qorio
ata” əsərində Qorio ölməliydi. Bu cür möhtəşəm obrazlar ölməyə bilməz. Onlar öz
zəngin mənəvi dünyaları ilə bu rəzil madd dünyada yaşaya bilməzlər, bu cür
insanlara qocalıqdan ölmək yaraşmaz. Qorio ata qoca olsa da sadaladığım digər
obrazlar gənclik və orta yaş həddinə çatanda ölürlər.
Düşünürəm, axı niyə bu obrazlar ölür, niyə bu ölümlər
bir oxucu kimi məni sarsıdır, həm də düşündürür. Niyə mən madam Bovari Şarla xəyanət
edəndə özümü Şarlın yerinə qoyuram. Ümumiyyətlə oxuduğum əsərlərdə özümü daha
çox kədərli obrazların yerində görmüşəm. Əksər hallarda xoşbəxt obrazlar axmaq
olurlar. İnsan təbiətində kədərə ehtiyac duyğusu var. Kədərsiz insan dünyanı dərk
edə bilməz. Düzdür, Tolstoyun Anna Kareninadan daha dəyərli obrazları var. Bu
haqda başqa yazılarda yazacam. Anna Kareninaın alicənab, nüfuzlu əri var.
Floberin Madam Bovarisi ilə Tolstoyun Anna Kareninası, həmçinin Somerset Moemin
Madam Blanş obrazları arasında kəskin bir oxşarlıq var. Hər üç qadın xəyanət
edir. Hər üç qadının mədəni, nəcib əri var. Bəs niyə xəyanət edirlər? Kişi həddən
artıq nəcib olanda qadın bezir, yorulur, sərt kişi arzulayır. Azərbaycanda alicənab
kişini homoseksual hesab edirlər. Qadınlar dost olmağı bacarmır. Onlara qulaq
yoldaşı lazımdır.
Başqa bir ölmüş obraz Nelli yadıma düşdü.
Dostoyevskinin “ Alçaldılmış və təhqiredilmişlər” romanının qəhrəmanıdır. 13
yaşlı qız xoşbəxtliyə yaxınlaşanda, insanlar tərəfindən mərhəmət görəndə həyatla
vidalaşır. Mənə elə gəlir ki, dünya ədəbiyyatının ən kədərli uşaq obrazlarını
Dostoyevski yaradıb. Nestoçka Nezvanova obrazını çox sevirəm. Bu əsəri oxuyanda
düşünmüşdüm, axı necə olur ki, qız atalığını doğma anasından daha çox sevir.
Bu obrazlar ölməsəydi yazıçılar özləri öləcəkdi,
çünki belə ağır, kədərli obrazlar yaradandan sonra ya obrazı öldürməli, ya da
özün ölməlisən.
P.S. Azərbaycan dilində neçə hərf, neçə səs
olduğunu bilməyənlər bu yazıya görə də məni tənqid edəcəklər. Artıq öyrəşmişəm.
Azərbaycanda səmimi insan tapmaq çətindir. Səmimi oxucu tapmaq daha çətindir.
Gecdir daha, gedin yatın .
Hiç yorum yok:
Yorum Gönder