İnsanlar standart həyat yaşayırlar. Dünyaya gəlir,
baxçaya, məktəbə gedir, ağlı varsa universitetə qəbul olur, ağlı yoxdursa erkən
yaşda izdivac qurur. Tələbə qızların ailə qurmasını axmaqlıq hesab edirəm. Əgər
ərə gedəcəkdinsə universitetə niyə qəbul olurdun. Amma bir həqiqəti deyim ki, məqsədli
şəkildə nüfuzlu universitetlərə qəbul olub bahalı ər axtaran qızlar da var.
Hər zaman fərqlənmək, şablon həyat tərzindən qaçmaq
istəmişəm. Müxtəlif səbəblərim var. Ömür o qədər uzun deyil ki, həm məhəbbətə,
həm də yaradıcılığa həsr edəsən. Bu cümləni Somerset Moemin “ Ay və qara qəpik ”
əsərində oxumuşam. Ailə quran insanlara münasibətim mənfidir. Onlar standart məqsədlərə
xidmət edirlər. Əksər insanların məqsədləri evlənmək, uşaq böyütmək, nəsil
artırmaqdır. Bunu hamı bacarır. Bu sual ətrafında çox düşünmüşəm. Bir insanla
uzun müddət birlikdə necə yaşamaq, eyni simanı nə qədər görmək olar? İnsan bu
eynilikdən bezmirmi? İlk 2- 3 ildə cütlüklər xoşbəxt olur, sonrakı 1-2 ildə
xoşbəxt görünməyə çalışır, növbəti illərdə xoşbəxt görünməyə çalışma cəhdləri
iflasa uğrayır. İlk dəfə Cek Londonun “ Martin İden “ romanını oxuyarkən məhəbbət
haqqındakı düşüncələrim darmadağın oldu. Martin İden obrazında öz məqsədlərimi
tapmışdım. O da yazıçı olmaq istəyir. Heç bir qəzet, jurnal əsərlərini qəbul
etmir. Gərgin iztirablara dözməyə məcbur olur. Zəngin ailənin qızını sevir. Ruf
da onu başa düşmür. Martin İden kübar aləmin saxtakarlığına nifrət edir. Martin
İdenin əzablı aclıq illərindən sonra əsərləri yüksək tirajlarla çap olunur. Yüksək
məbləğdə qonorarlar alır. Onu rədd edən Ruf və ailəsi indi Martinə şəfqət dolu
münasibət göstərirlər. Martinsə bu saxtakarlığına nifrətini bildirir. Azərbaycanda
Martin İden tapmaq olarmı? Məncə hə. Amma bu ölkədə uzun illər Martin İden
olmaq çətindir. Ac olduğunu görüb səni
satın alacaqlar. Martini şöhrətpərəstlikdən daha çox şöhrətə gedən yol
maraqlandırır. Başqa bir nümunə də var. Milan Kunderanın “ Varlığın dözülmək
yüngüllüyü ” əsərində Tomaş bütün məhrumiyyətlərə, alçaldıcı münasibətinə
baxmayaq əqidəsindən dönmür. Çünki əmindir ki, düzgün yoldadır, satılmayan
vicdana sahibdir. Gənc yazar dostlarımız aclığa, məhrumiyyətlərə dözməyib AYB
kimi potensialsız, uğurlu gələcək vəd
etməyən quruma qoşuldular. Ümid edirlər ki, dövlət onlara ev, pul, fəxri fərman
verəcək, bəlkə də verəcək. Lakin onlar öz azad mövqelərini itirəcəklər. İstədiklərini
yaza bilməyəcək. Ayda bir dəfə Rəsul Rzanı, iki dəfə Anarı tərifləyəcəklər. Məcburdurlar.
Mövzudan çox qaçdım. Azərbaycanda yaşayırsansa qaçmalısan. O qədər qaçmışıq ki,
yazıda da hiss olunur.
Sveyqin novellalarını oxuyarkən qadınları qeyri –
ciddi varlıqlar hesab etdim. Sentimental insan ciddi xarakterə sahib ola bilməz.
Floberin “ Madam Bovari ” əsərində də qadın sentimentallığı, xüsusən də əyalət
qadınlarının davranışı mükəmməl təsvir olunub. İnsan satılmağa məhkumdur. Çarəsiz
xəstəliyə düçar olan ata, övladı aclıqdan ölən ana satılmaya bilməz. Nə bilim,
bəlkə də satılmaqdan qorxduğum üçün nikahı sevmirəm .
Hiç yorum yok:
Yorum Gönder