Salam, Nicat. 10 il əvvəlki
hesabata görə sən artıq ölməli idin. Amma materiya səni çox sevidiyindən dünyanı tərk etməyinə icazə vermədi. O
zamanlar hər həftə bir qıza aşiq olardın. İndisə eenrjin qalmayıb, qocalmısan,
şair. Bir az da yoxsullaşmısan. Qadınlar üçün uğursuz kişi obrazısan. Qadın
yazarlar səndən mükəmməl personaj yarada bilər. Elə bilirdin ki, kitabların
satılacaq. Gözəl qadınlar səndən imza almaq üçün saatlarla növbədə
dayanacaqlar. Unutmuşdun ki, kapitalizm dünyasında səfil şair uğurlu sevgili
sayılmır. 10 il ərzində çox şey dəyişsə də müsbət hadisə olmayıb. Valideynlərin
qocalıb. Aldığın əmək haqqı səni qane etmir. Zaman keçdikcə əyyaşa çevrilirsən.
Nədir, ay axmaq, elə bilirsən ki, özünü Heminqueyə bənzətsən dahi yazar
olacaqsan. Azad olmaq istəyirdin. Nə olsun ? Nədir axı azadlıq ? Hakimiyyətsizlik
sənin ən üstün ideyan idi. Dəfələrlə həbs olundun. İdeyandan imtina etmədin.
Amma heç nəyi də dəyişdirə bilmədin. O zamanlar sən Tanrı olmaq, dünyaya hökm
etmək istəyirdin. İndisə ən rəzil varlıqlar sənə Tanrılıq edirlər. Kədərinin
miqdarı artıb. Saçların ağarıb, üzündə qırışlar var. Əsəbdən əllərin əsir.
Unudulmusan şair. O qədər sevgilər yaşasan da tənhasan. Müdriklik tənha
insanlara məxsusdur. Bəlkə taleyinin belə
alınması daha yaxşı olub.
Məğlub oldun. Ehtiyac səni
də sındırdı. Səmimi ol, həqiqəti de. Hələ
də ümidlisən. Sən həqiqəti Nizami küçəsində şərab üçün pul dilənən bomujun
simasında tapmışdın. Hüzn dolu o sima bəşəriyyət üçün yas saxlayırdı. Aradan 10
il keçib. 10 ildir ki, o həqiqətlə görüşməmisən. Tənbəl olma. Cəhd elə,
saqqalını qırxma, üzünü yuma. Səliqəli görünsən bomuj qəzəblənəcək. Ona bənzəməyənlərə
nifrət edən o müdrik insan 10 il səni
gözlədi. Bu gün onun yatdığı küçəyə gedirsən. Bax, elə bu daş pilləkənin üzərində
yatardı şərab şüşəsini qucaqlayaraq. O dalandar qadın da sənin gəncliyinə
şahidlik edib. Soruş o qadından bomuj dostunu. Cavabı səni məhv edir. O bomuj 2
gün öncə sətəlcəmdən ölüb. Yox, Nicat niyə bu qədər qəddarsan? Axı o bomuja bir
martini söz vermişdin. Bəlkə də 10 il ərzində həmin martinini içməyi arzulayıb.
İncimə şair, özünü çox öysən də sən də həyat kimi yalançısan .
Nicat Həşimzadə
Hiç yorum yok:
Yorum Gönder