31 Aralık 2014 Çarşamba

Kokain kralının həyat eşqi ( hekayə )

                                       

 Məzar  daşları  oğurlayıb  satdığı   ehtimal edilsə  də  şübhələr  əsassız  qaldı.  Kolumbiyanın Medellin şəhəri narkotik ocağına çevrilmişdi. Narkobaronların silahlı toqquşmaları şəhər əhalisini təşvişə salırdı. Pablo Vaskes  gənclik dövründə maşın oğurluqları edərək ilk cinayətlərini edirdi. Az qazanclı oğurluqlar onu qane etmədiyindən  1970 – ci illərdə narkotik biznesinə qoşuldu. Etdiyi uğurlu oğurluqlar onu cinayət aləmində məşhur simaya çevirdi. Baron ona yeni vəzifə təklif etdi. Kokainin küçə satışına o rəhbərlik edəcəkdi. Yaratdığı  yeni üsula görə kokain şəhərin ən kiçik mağazalarında şokalad qutularında satılacaqdı.

 Qüsursuz  fəaliyyətinə  görə onu  Medelinin ən nüfuzlu narkotik satıcısı  Felipenin səfiri təyin etdilər . Kolumbiyada hüquq- mühafizə orqanları zəngin ailələrin törətdiyi cinayətlərə göz yumurdu. Qanunun hökmü yaşamaqdan daha üstün deyil. O, iş təcrübəsini zənginləşdirdikdən sonra Felipe əhəmiyyətsiz insana olmuşdu .  Bütün tərəfdaşları Felipeni unutmuş, Pabloyla iş birliyi qurmuşdular. Sərt üz cizgiləri, nifrət dolu baxışları ilə dünyaya  meydan oxuyan Vaskes şərikinə nifrət edirdi. Ən zəngin  narkobaron onun sifarişi nəticəsində güllələnərək öldürüldü. Nəticədə Vaskes  Kolumbiyada olan bütün narkotik ticarətinin şəriksiz liderinə çevrildi. Daha sonra ABŞ – a narkotik ixrac etdi . Satılan məhsuldan əldə edilən gəlirin 70 % - i  mübahisəsiz olaraq onun hesabına yazılırdı. Latın Amerikası ölkələri hər zaman narkotik istifadəsinə və satışına qarşı göstərdiyi liberal münasibətlə fərqlənirlər. Nəticədə ən qüdrətli narkobaronlar bu ölkələrin iş adamları olurdu. Pablo biznesini genişləndirərək hakimiyyətdə rəhbər vəziləfələrdən birinə sahib oldu. Dövlət məmurları ilə xoş münasibətlər yaratmaqla öz nüfuzunu artırdı. Rəhbərlik etdiyi qruplaşma yüzlərlə insanın ölümündə günahkar bilinirdi. Lakin hakimiyyət susurdu, çünki dövlət – Pablo Vaskesin özü idi.  Dünyanın ən böyük narkobaronu olsa da heç zaman spirtli içkilərdən, narkotikdən və siqaretdən istifadə etməmişdi. Bu məlumat çoxlarının simasında ikrah dolu gülüş yaratsa da gerçək idi. 80- ci illərdə artıq böyük narkotik imperiyasını yaratdı. Onun karteli gün ərzində 60 kq- a qədər narkotik satırdı. Bacısı  vicdansız əməllərinə  etiraz etsə də, Vaskes  narkobaronluq uğurundan imtina etmirdi.  Mən satmasam zatən ağ ölümü kimlərsə satacaq deyərək bacısına təsəlli verirdi.  Çox qəribə haldır ki, yüzlərlə insanın ölümünə səbəb olan kokain kralı həm də xeyriyyəçiliklə məşğul olur, məktəblər, uşaq evləri tikdirirdi.  Yeganə övladı Xuan Vaskes kokain aludəçisi  olmuşdu . Pablonun hökmünü keçirə bilmədiyi tək insan oğlu Xuan idi. Dəfələrlə  məcburi müalicəyə göndərsə də nəticələr xoşagəlməz oldu. Oğlunun bədbəxtliyinə kədərlə baxan  kokain kralı məhv etdiyi gənclərin atalarını düşündü. Əzablarını dərk etmək, şərəfsizlik etməkdən daha çətindir. Amma təsəllisi dəyişməz olaraq qaldı.
 - Mən olmasam belə  onsuz da bu lənətəgəlmiş tozu mütləq kimsə satacaq..
   Və bir gün narkotik istehsal edilən emalatxanada uyuşdurucunun təsirinə  qapılan   Xuan Vaskes   axmaq hərəkətlər edərək kokain çəlləyinə yıxılmış, boğularaq ölmüşdü. Dünya hələ də kokain tozunda boğulur, lakin Pablo Vaskes bir daha toz işlərinə bulaşmadı. Kokain kralının həyat eşqini, yaşama səbəbini elə kokain öldürmüşdü. 

28 Aralık 2014 Pazar

Müqəddəs ruhun toxumları




Tüpürəsən  hər  şeyə,  gedəsən  bilmədiyin  yerə,
Çıxasan  göyə,  enməyəsən  bir  də. 
Tanrının  qadınını  sevəsən,
Hər  ikisini  aldadasan. 
Əzablarının  heyfini  çıxasan,
Yalnız  özünün  yox,  bəşəriyyətin
qisasını alasan.
Tanrıya  deyəsən,  materiyadan  gözünü  çək,
Bəşər  övladı  daha  inanmır,
öz  oğluna  qıyan  Varlığa .
Müqəddəs  ruhun  toxumları
hələ  o  zaman  günah  şərqisi  oxuyurdu.
Elə o  gündən  məsum  insan 
həsrət  qalıb  bir  udumluq  sevincə,
Elə o gündən  insan  arzuları
beşikdəcə  boğulur,
nakam  eşqin  bakirə  qalan  cismini
ləkələnmiş  ruh  lənətləyir 
Elə o  gündən 
Ömürlər  yuyulur  savaş  qanlarıyla


Yalan  bətnindəki  həqiqət


Kainatın  hər  zərrəsində 
bir  həqiqət  bir  yalanın  bətnindən  doğulub.
aclıqdan  ölən  körpənin  ümidsizliyindən 
yoğrulub  ən  acı  həqiqət.
Nifrət  gülləsindən  ölən  əsgərin 
dul  qadını  boğub  gerçəkləri.
bütün  nifrətlərin səbəbi  zənginlik  arzusu ,
sevgilərin  özəyisə  vəhşi  ehtiras,
Kainatın  hər  zərrəsində  bir  kiçicik  ümid  var,
o ümid  savaş  sözünü  bilməyən 
körpənin  həyat  eşqidir. 
atam  niyə  öldü  sualını  sora  bilməyən 
lal  qız  uşağının  Tanrıya  inamıdır. 
Övlad  qatillərinin  bağışlanma  arzusudur  o  ümid.
kainatın  hər  zərrəsində min ölüm əvəzində
ölümlərin  səbəbi tək 
bir  mənasız  həyat  var
.




Tənhalığım köhnəlir,
nişan tarixin qocaldıqca.
qızının doğum günündə
ümidisizliyimin 10 yaşı oldu.
ərli qadını sevmək,
qovuşmağa ümid etmək,
keçəl qızın hörüklərini
sığallamağa bənzəyir.
yazdığın son məktubda
dodaq boyasıyla, vida busəsinin
izini xatirə qoymuşdun.
yemlədiyimiz göyərçinlər
çürək qırıntılarını udmaqla
məni yadlaşdırdı gözündə.
xəyallarımızı aparır,
Xəzərin neftindən bezən qağayılar.
və gəmilər üzür nəhayətsizliyə
bir xatirəlik səadət tapmaq üçün.
Tənhalığım qocalır,
sevgilərim köhnəldikcə
barmağındakı üzükdən,
nigah sənədindən daha çox,
dəyişilən saç düzümün,
ərli qadın olduğunu xatırladır.
Yalqızlığımı yadıma salır.
arzularım tükənir,
sən ruhumda qaldıqca ,
hər gün bir az ölürəm,
hər gün bir az içirəm,
sərxoş olur,
dəli kimi gülürəm.
Tanrıdan küsürəm,
bəzən qarğış edirəm.
qaranlıq otağımda
gəlirəm , gedirəm,
bir az deyinirəm,
Tənhalığım qocalır,
sevgisizliyim köhnəlir,
həyat eşqim tükənir,
köçəri quşlar aparır ömrümü
bahar nəğməsi oxunan ellərə..


9 Aralık 2014 Salı

bəşəri həqiqət

Həqiqət Somalidə aclıqdan ölən körpələrdi. Həqiqət qaradərili, azyaşlı qızların təhqir olunmasıdır. Həqiqət Qarabağda əsir düşən qadınların alçaldılmış ləyaqətidir. Həqiqət dilənçi qarının baxışlarındakı dünyanı inkar fəlsəfəsidir. Həqiqət soyuq qış günündə yoxsul atanın su keçirən ayaqqabısıdır. Həqiqət anası xadimə işləyən tələbənin lahmacun yemək arzusudur. Həqiqət çörək pulu tapmayan bomujun şərab üçün yalvarmasıdır. Həqiqət kral itinin boynundakı qızıl zəncirdi. Həqiqət körpəsinə süd verən dul gəlinin göz yaşlarıdır. Həqiqət nişanlı qıza bəslədiyin sevgini məktəb partalarına köçürməkdir. Həqiqət gözləri xəstə şairin ruhundakı tənhalıqdır. Həqiqət mənfi və müsbət sonsuzluqlardı. Həqiqət təsirlə əks - təsirin bərabərsizliyidir. Həqiqət günəş şəfəqlərinin sənə aid olmamasıdır. Həqiqət Fələstindəki uşaqların süd əvəzinə güllə içməsidir. Həqiqət müdrik qocanın 50 illik ömür yoldaşının məzarı başında ağlamasıdır. Həqiqət küçə qadının keçmişi qaytarmaq arzusudur. Həqiqət sonsuz qadının ana olmaq istəyidir. Həqiqət nifrət dolu baxışlarını dünyaya zilləyən, üçbucaq arasındakı möcüzəvi gözdür.

Tənhalıq tablosu

Siqaret tüstüsüylə boş otaqda tənhalığın rəsmini çəkmək,
Həyatındakı sonuncu qadının vidalaşma anını düşünmək,
hər gün yaşamaq istədikcə bir az daha ölmək,
Puç olmuş arzularını mavigözlü qaraçı qızın baxışlarında görmək,
dərdlərini şərab dolu qədəhlərin son damlasında unutmaq,
Limana getmək. qağayıların uçuşunda ümid axtarmaq.
Nizami küçəsindəki bomujla dərdləşmək, yoxsulluğa tüpürmək,
Kirə haqqını ödəyə bilməmək, Tanrını öldürmək,
Səliqəsiz saqqalında dünyanın tozunu gəzdirmək,
Van Qoq kimi qulağını hansısa" Raşel " ə hədiyyə etmək,
Salvador Dali kimi dəlilik etmək, ağıllı adamları söymək,
Ruhunu döymək, cismini əzmək, sonsuzluğa enmək
Əzablarına aşiq olmaq, kədərdən həzz almaq,
Sevişməyə qadın tapmamaq, erotik filmlərə baxmaq,
Könüllü aldanılmaq
və ölümü gözləmək,

Rahibələr monastrında kişilər ( hekayə )


Zorlanma nevrozu dinin karikaturasıdır.( Freyd ) Ən böyük həqiqət sənsən, qalan hər şey uydurmadır.

Uğursuz qadınların ömürlərini çürütdükləri bir məkan düşünün, sonra o məkanda toz basmış, oxunmayan minlərlə kitabı xəyal edin, kişi üzü görməyən divarların qadın kimi zərif görkəmdə olmasını, bir də həyatının 40 ilini burada keçirən 60 yaşlı bakirə qadının aqibətini təsəvvür edin. Qotik üslubunda inşa edilmiş monastrın divarları insan kədəriylə bəzədilmişdi. Gürcü memarlarının hazırladığı Məryəm ana ikonası mərkəzə, hər kəsin görə biləcəyi yerə qoyulmuşdu, ikonanın arxasındakı divardan “ Çarmıça çəkilən İsa ” tablosu asılmışdı. Rəssamın kimliyi bilinmirdi, monastırı inşa edən memarın bəlli olmadığı kimi. Deyilənlərə görə gürcü bir memarın sxemi əsasında inşa edilib bu tarixi məkan, Xaç yürüşündə əsir düşən müsəlmanlardan qul kimi istifadə olunmuşdu. Məğlubiyyəti həzm edə bilməyən Səlahəddin intiqam alanadək çox insan ölmüşdü aclıqdan. Monastır divarlarından kədərlə bərabər günahsız insan qanları da axırdı. Bəzən rahibələr qorxu hissi yaşayırdılar.

Rahibələr İsanın Tanrı oğlu olduğuna inanırdılar, əmin idilər ki İsa heç zaman qadınla yatmayıb. Fəqət, İsa çarmıxa çəkiləndə Maqdalalı Məryəm hamilə idi. Ona sədaqətlərini nümayiş etdirən rahibələrlə yanaşı peşiman olanlar, gənc ömrümü niyə bu vəhşətli divarlar arasında məhv edirəm deyə düşünənlər də var idi. Özlərini mühakimə etməyə yetərincə səbəbləri olan qadınların yeganə təsəllisi vardı. Onlar üçün Günəş əbədilik qürub etmişdi, yalnız İsanın zühuru sayəsində Günəş yenidən doğacaqdı onlara görə . Körpə görəndə gənc rahibələrin qəlbi sızlayardı, lakin susardılar və düşünərdilər :
- Məryəm ana Tanrı yolunda Övladı İsadan imtina edərdimi?
Yalnız mavi gözlü, qumral saçlı gözəl Yelena İsanın ruhuna tüpürərək sevdiyi kişiylə sevişirdi. O, əmin idi ki, Tanrının elçisinin mübarək vücudu bir neçə qadının qoynunda həzz duyğusu yaşayıb. Məsələdən xəbərdar olan rahibələr Yelenanı qovmaq qərarına gəldilər. 60 yaşlı qarı hökmü təsdiq etdi. Hər kəslə ehtiramla sağollaşan qız ilk dəfə idi ki, uğursuzluğundan zövq alırdı. Uzun müddət övlad sahibi ola bilməyən valideynlər Tanrıya dua etmişdilər :
- Yeri göyü heçdən xəlq edən ey müqəddəs Yaradan, bizə övlad yetir, vəd edirik, onu monastra göndərəcəyik, ömür boyu sənə səcdə etsin. Oğlumuz olsa onu keşiş məktəbinə göndərərik, insanlara Tanrının sözlərini oxuyar. Qızımız olsa rahibələr məktəbinə göndərib dini biliklər qazanmasına və əbədilik sənin qulun olmağına səbəb olarıq. Və beləcə Yelena 12 yaşına çatanda monastıra göndərildi, daha doğrusu qovuldu. Bir neçə dəfə qaçmaq istəsə də Tanrının qəzəbindən qorxmuşdu. Yelena 218 addım atmaqla məzarlığa çatırdı, həmin məsafəni geri qayıtdığı zamansa 209 addım atırdı. Məzarlıqdan qorxduğu üçün asta addımlarla gedirdi. Geri qayıdan zamansa özünü rahat hiss etdiyindən sürətini nisbətən artırmalı olurdu. O, bütün dinlərə qarşı üsyan etməyə hazır idi, lakin məğlubiyyətdən, tənha mübarizə aparmaqdan qorxurdu. Kilsəni məcburən tərk etdikdən sonra sevgilsinə qovuşdu, zatən istədikləri zaman görüşə bilirdilər, əvvəlkindən fərqli olaraq indiki görüşlər, sevişmələr həyəcansız idi. Yelena sevişməkdən bir kdaha əvvəlki kimi həzz ala bilmədi, ona zövq yaşadan səbəb yalnız sevgi rəqsi olmayıb, təlatümlü duyğuların ruhuna hakim kəsildiyi an monastr qorxusuyla sevişmək olub.
Və bir gün gözlənilməzlərin ən dəhşətlisi yaşandı bəlkə də, ilk dəfə idi ki, monastra quldurlar hücum etmişdilər. Mərhəmətsiz canilər monastırdakı qiymətli əşyaları, yoxsulların yardımı üçün bağışlanılmış bəxşişləri oğurlamaqla kifayətlənməyib rahibələri zorladılar. Müqəddəs İsa, mərhəmətli Məryəm ana, bizə kömək ol, - dedi rahibə qadınlar. Amma heç bir qüvvə onlara təcavüz edilməsinin qarşısını ala bilmədi, Bütün dini inancların edam olunduğu gün idi , həmin gün. Tablodakı İsa dəli kimi gülürdü, Məryəm ana ikonası isə başını aşağı dikmişdi utankc hissindən. Sanki bu sözləri demək istəyirdi:
-- İnsan faciəsinə istehzayla gülən o varlığı mənmi dünyaya gətirmişəm ?
Yelena həmin gün ana olmuşdu, məsum körpənin dünyaya göz açdığı gündə zorlanan qadınlar öldürüldülər. Ölən rahibələrin sayı haqqında heç kəsin dəqiq məlumatı yox idi. İki nəfər sağ qalmışdı, monastırdan qovulan Yelana və 60 yaşlı bakirə rahibə. Qarını zorlayan olmamışdı, bu idi , sağ qalma səbəbi. O hələ də bakirəliyini İsa üçün qoruyurdu