28 Ağustos 2014 Perşembe

Məzardakı dul qadın

Səni səbirlə gözləyən var,
ey kədərli qoca bağban.

ölümüylə xəyanət edən,
məzardakı dul qadın.

ruhu kədərlənəcək ölümünə,
amma həm də sevinəcək.
sevdiyimi görəcəm deyə.

Bəlkə ləyaqətlə öləcəksən,
bəlkə həyatla vidalaşman
ərli qadını sevmək qədər
şərəfsiz olacaq.

bəlkə ölüm tezdir hələ,
nə sən həyatdan boşana biləcəksən,
nə məzardakı dul qadın
ölümdən ayrıla biləcək.

düşün, düşün, qoca bağban,
həyat sevgilinin cəsədini
öpməkdən, ruhuna qovuşmaqdan
daha dəyərlimi?

26 Ağustos 2014 Salı

gecikdin

Ya sən dünyaya gec gəldin ya mən tələsdim. ya mən sevməyə gecikdim, ya sən tərk etməyə tələsdin. ya mən layiq olmayacaq qədər sevdim, ya sənin ruhun sevgi duyğusuna səcdə etmədi. ya sən duyğularını edam etdin, ya mən layiq olmadım əbədi eşqə. ya əbədi sevgi yoxdur, ya da əbədi sevən sevgili. axı insan ölümsüz deyil. sevgi də həmçinin. ya sən inanmadın eşqin gücünə, ya mən sevmədim sən gözləyən qədər. uzun müddət görmədin məni, ya bəlkə gözlər görməyəndə könül unudur? ya mən çalışmadım özümü unutdurmamaq üçün. ya sən dünyaya gec gəldin, ya mən tələsdim. ya sən sadiq sevgili deyilsən, ya mən dəli aşiq.......

ayrılıq

Qəlbində kirədə qaldım, iki il,
son ayın ödənişin gecikdirdim.

ömürlük çöllərdə qaldım, 
kimsə qəlbində ev vermədi mənə.

üşüdüm soyuq qış gecələlərində,
qəlbindəki evin həsrətini duyaraq...

Daha gecdir sevgilim,
saç ağarıb, yaş ötüb.
bu yaşda məhəbbbət yaraşmır bizə.
inan ki, sevgilim gülərlər bizə.

gözlərində məskən salıb,
sükuta dalan arzularım.
özümsə dolanıram
Bakının bakirə gecələrində
utancaq qız kimi
başımı yerə dikərək.

Dünyaya sığmayan sevgin,
məni sənsizləşdirdi.
hər kəsi sevdin məndən başqa.
dərs dediyin uşaqları,
bəslədiyin gülləri,
yazdığın şeirləri,
çəkdiyin rəsmləri,
hər kəsi, hər şeyi sevdin,
məndən başqa.

Dünyaya sığmayan sevgin,
məni sənsizləşdirdi...

25 Ağustos 2014 Pazartesi

sadist məhəbbət


Həm çox yaxınsan,
həm bir o qədər uzaq.
sevsən də, sevilsən də,
hələ dünənki uşaqsan.
böyüdə bilmədim səni,
kiçik qəlbimin böyük sevgisi ilə,
bu o deməkdir ki,
anan haqlıdır, 
səni xoşbəxt edə bilmərəm.
get sevgilim, get,
anan böyütsün,
özü arzuladığı oğlana qovuşdursun.

Mənsə Tanrının bakirə fahişəsi,
Mariyanın rəsminə baxaraq,
tənhalıqla söhbətləşim.

Dünyanın seks simvolu -
Silvia Sayntın təhqir olunmuş
dodaqlarından öpüş almaq qədər
mənasızdır həyat.
Fəqət ölüm daha amansızdır.
Nakam qalır arzular,
anlayırsan ki, artıq hər şeyin sonudur.

Hə, bu arada, unut məni,
sənə divanə sadist gərək deyil,
mənə də xəstə mentalitet çoçuğu....

23 Ağustos 2014 Cumartesi

Fahişənin edam günü

Qərar verilmişdi , edam olunacaqdı . Bu zamana qədər həvəslə yanına qaçan kişilər indi sakit halda ölümünə tamaşa edəcəkdilər . Ölüm hökmünü oxuyan şeyx özü keçən həftə yatağında qonaq olmuşdu . Dörd divar arasında səbirsizliklə gözləyirdi ölümünü . Bezmişdi ləyaqətsiz həyatdan , təhqiramiz sözlərdən . Ərli qadınlar sevinclə baxacaqdılar onun edamına . Çünki bu edamdan sonra ərləri yalnız onlara məxsus olacaqdı . Doğrudur , şəhərdəki fahişə təkcə o deyildi , çox idi onun kimiləri , fəqət ən gözəli idi o . İndi isə utancverici ölümlə son qoyurdular həyatına . Hətta dul qadınlar və subay qızlar da məmnun olacaqdılar , bəlkə bundan sonra kişilərin gözləri onları görəcəkdi . Axı şəhərin ən gözəl qadını idi – bu fahişə . Kişilər öz arvadlarına deyə bilmədikləri sirrləri , söz – söhbətləri rahatlıqla onunla bölüşərdilər . Deyingən deyildi . İnsanları dinləyər , onların halına acıyar , dəstək olmağa çalışardı . Hətta pulsuz gənc oğlanları da yatağında qonaq edər , həvəslə xidmət göstərərdi . İndi isə dəqiqələri sayırdı Və nəhayət vədə yetişdi , günahkarı edam səhnəsinə gətirdilər , kəndiri boğazına keçirdilər , son arzusunu soruşdular . Övladımı tənha qoymayın , lənətləməyin onu , axı o , günahsızdır . Doğma balanız kimi baxın , qulluq edin ona . Bax bu idi , son arzusu . Üç yaşlı körpə qız dərin qüssə , kədərli göz yaşlarıyla seyr etdi anasının həyatla əbədilik vidalaşma səhnəsini . Sonra Azan səsi eşidildi və insanlar Tanrını axtarmaq üçün məscidə yollandılar.

20 Ağustos 2014 Çarşamba

iki sevgilin ola

Hava limanına gedib iki bilet alasan,
biri getmək, digəri geri qayıtmamaq üçün.
iki qadın sevəsən, biri səni yad kişiyə satanda
digərinin sədaqətindən həzz alasan.
iki kamandaya azarkeşlik edəsən ,
biri məğlub olanda digəri qalib gələ.
atan zəngin bəy oğlu,
anan fəhlə qızı ola.
zənginliyin sevinciylə yanaşı,
yoxsulluğun kədərini yaşayasan.
iki mənzilin ola, birində arvadın,
digərində məşuqənlə sevişəsən.
iki ali məktəb bitirəsən,
birini atan, digərini özün oxuyasan.
Qohum-qonşu sevinsin,
desinlər ki, iki ali təhsili var.
iki kitabın ola,
biri yazılmışların ən gözəli,
digərinsə özün yazasan..
iki şadlığın ola,sevgilinlə
övladının məhəbbəti.və
körpə nəvələrinin ilk dəfə baba deməsi
iki dərdin ola
qızını gəlin köçürəsən,
və bir də itirdiyin ana sevgisinin
həsrətini duyasan.

Ayrılıqdan öncə sevişək

gəl sevişək, ayrılıqdan öncəki son görüşdə.
sonra ağlayaq, göz yaşlarımızla yuyaq sevgimizi.
axı sevgi sona çatır, gözyaşları quruyanda.

bitsin zəfər nəğməsinin xoş sədası,
səslənsin həsrətin odlu nəğməsi.

sonra bir az şərab, bir az da
başqa qadınlarla sevişmək.
unutmaq reseptinə çevriləcək.
yadlaşaraq uzaqlaşacaqsan,
Qütb ulduzu kimi sonsuzluğa.

Mənsə yetim uşaqlartək
səmaya baxaraq səni xatırlayacam.
unutsam da yadıma düşəcəksən.
bəlkə bu heç unutmaq deyil?
mənasız təsəllidir.

sonra nigah gününə dəvət olunacam.
bəy olmasam da bəydən daha yaraşıqlı görünərək
sənə acıq verəcəm, məni sonadək sevmədiyin üçün.

sonra illər keçəcək, qısqanclıqdan dəliyə dönüb
ərini öldürərək qatil adını qazanacam.
Həbsə yollanacam, sənsə başqa kişiyə
qoşularaq gedəcəksən bu ölkədən,
xatirələrini də özünlə aparacaqsan.
mənə qalansa kədərli tənhalıq olacaq.



17 Ağustos 2014 Pazar

sonuncu sevgi

Dünyanın sonuna həsr olundu sevgimiz,
Anan razı olmadı izdivacımıza.
qan qruplarımız söylədi ki,
ey xoşbəxt sevgililər,
övladınız olmayacaq heç zaman.

Sən qorxdun, axı qızların arzusudur ana olmaq,
mənsə qorxmadım, sevgim məsafəsiz idi.
Unutmadım, unuda bilmədim, aradan uzun illər ötsə də.
Övladların mənə dayı desələr də
körpə qızın sevgi şeirlərimi söyləsə də.
təsəlli tapmadım lənətəgəlmiş dünyada.

Başa düşdüm ananın nənə olmaq arzusunu,
anlayışla qarşıladım insanların istəyin,
bəs mən indi hardayam, kiməm, kimdir məni anlayan?
kim yanacaq halıma, əgər ölsəm
kim yuyacaq göz yaşıyla məzarımı.

bəlkə körpə qızın ağlayacaq ölümümə,
bir zamanlar anamın sevgilisi olub deyərək.

Nicat Həşimzadə

sənsizlik


  1. Bir zamanlar kor insanın dünya haqqındakı xəyalları qədər gözəl idi məhəbbətimiz. Görüşdük, öpüşdük, sevişdik və ayrıldıq. Bütün sevgilərdə olduğu kimi. Mənim bədbəxtliyim sənə tənhalıq, mənə şöhrət gətirdi. Qonur gözlü sarışın qızın kölgəsi xəyallarımda gəzdi, Gülüşü qulaqlarımda səsləndi. Kədərli tale arzulamadım sənə. Axı sevmişdim. 

Sənsizlik gecələr evə gəlməmək, sabaha qədər avaralanmaq, şərab içməkdir. Sənsizlik ölümü həvəslə gözləməkdir. Sənsizlik özgə qadınlarda layiq olmadığım xoşbəxtliyi axtarmaqdır. Sənsizlik Real Madridin məğlubiyyətinə tənha kədərlənməkdir. Sənsizlik evimizin yeganə televizoruna baxmaq uğrunda mübahisə etməməkdir. Sənsizlik darıxmaqdır. Sənsizlik mənasız görkəmimdir. Sənsizlik heç kimə hesabat verməməkdir. Sənsizlik qısqanılmamaqdır, Sənsizlik evə döndüyüm anda itmiş qapı açarını axtarmaqdır. Sənsizlik saçlarımın hüzünlü sığallardan məhrum olmasıdır. Sənsizlik qəddar həyat dənizində təcrübəsiz səyyah olmaqdır. Sənsizlik mənasız təsəllilər axtarmaqdır. Sənsizlik cəhənnəmdir, lakin sənli həyat cəhənnəmdən daha dəhşətlidir bəlkə də? Sənsizlik ziyafətlərə getməyin üçün dostlardan borc almamaqdır. Sənsizlik mənasız söhbətlərdən xilas olmaqdır. Sənsizlik mənasız şeirlər yazmaqdır. Sənsizlik qadın nəfəsiylə uyumamaqdır. Sənsizlik sarı saçların ətrini duymamaqdır Sənsizlik qohumlarının doğum günlərinə hədiyyə almamaqdır. Sənsizlik xoşbəxtlik və bədbəxtlik arasındakı fərqi dərk etməkdir. Sənsizlik ailə dəyərini anlamaqdır. Sənsizlik Hegel kimi dahi filosof olmaqdır. Sənsizlik rus əyyaşları kimi bəxtəvər olmaqdır.
Bir zamanlar kor insanın dünya haqqındakı xəyalları qədər gözəl idi məhəbbətimiz..
Nicat Həşimzadə

11 Ağustos 2014 Pazartesi

Böyük şəhərin dərdləri

Böyük şəhərlərin tənha olur insanları,
kiçik şəhərlərdəsə dərd ortaqları dostlaşır,
Böyük şəhərlərdə insanları çarəsizlik kiçildir.
kiçik şəhərlərdəsə insanları kiçik xərclər böyüdür.

İlk eşqimə qovuşmaqçun gəldim böyük şəhərə,
unutdum gözləri yollarda qalan ananı,
kirələrdə süründüm, qış gecəsi
yun adyala büründüm. ac dolandım
böyük şəhərin küçələrində dalınca.
Bir gecə barında sərxoş olub
itirdim sənədlərimi.
əvvəl şəxsiyyətimin vəsiqəsini,
sonrasa özünü itirdim.....

Dönmədin geri, baxmadın mənə
ədayla yeridin məni heçə sayaraq.
mən yazıqsa nakam eşqi duyaraq
it sümüyə baxan kimi baxdım
pəncərənə.

ömrüm axdı böyük şəhərin çirkli sularına.
tənha qaldım böyük şəhərdə böyük adamlartək.
bir zamanlar eşqdən köksə siğmayan ürək də
Əridi böyük şəhərin əzablarından küsərək.

Bir yaz gecəsi kiçik şəhərə dönərək,
anamın can verdiyini gördüm.
kiçik şəhər də yaşasa da anam da dözmədi
böyük şəhərin dərdinə.

10 Ağustos 2014 Pazar

nə tez öldüm

Nə tez qocaldım ana,
22 yaşımda 90 yaşlı qoca qədər 
kədərli oldum.
Nə tez öldüm ana, 
yetim qaldı nakam arzularım.
sevgilim də olmadı ki, 
başımı qucağına qoyub
doyunca ağlayım.

Yoxsulluq da bir yandan 
parçaladı ömrümü.
yadına gəlir?
Məhləmizdəki Əli dayının
kafesində dadlı lahmacunlar bişərdi

uşaqlar dərs bitəndə kafeyə cumardılar.
mən getməzdim ana.
cibimdəki 20 qəpiklə
Müjgana qoğal alardım.

bir qış günündə
eşqimi etiraf etdim Müjgana.
Qardaşları məni döydü, ana,
sənə yıxıldığımı söylədim.
Bu, ilk yalanım idi.
Sonra Müjgangil başqa
şəhərə köçdülər.

atam alkaş idi. hər gecə döyürdü səni
məndən gizlədirdin, amma bilirdim.
Sən fədakar ana oldun,
mənsə naşükür övlad.

öldüm ana, canın qurtuldu məndən.
əlvida ana, əlvida.......nə tez öldüm,
yetim qaldı nakam arzularım...