28 Aralık 2014 Pazar

Müqəddəs ruhun toxumları




Tüpürəsən  hər  şeyə,  gedəsən  bilmədiyin  yerə,
Çıxasan  göyə,  enməyəsən  bir  də. 
Tanrının  qadınını  sevəsən,
Hər  ikisini  aldadasan. 
Əzablarının  heyfini  çıxasan,
Yalnız  özünün  yox,  bəşəriyyətin
qisasını alasan.
Tanrıya  deyəsən,  materiyadan  gözünü  çək,
Bəşər  övladı  daha  inanmır,
öz  oğluna  qıyan  Varlığa .
Müqəddəs  ruhun  toxumları
hələ  o  zaman  günah  şərqisi  oxuyurdu.
Elə o  gündən  məsum  insan 
həsrət  qalıb  bir  udumluq  sevincə,
Elə o gündən  insan  arzuları
beşikdəcə  boğulur,
nakam  eşqin  bakirə  qalan  cismini
ləkələnmiş  ruh  lənətləyir 
Elə o  gündən 
Ömürlər  yuyulur  savaş  qanlarıyla


Yalan  bətnindəki  həqiqət


Kainatın  hər  zərrəsində 
bir  həqiqət  bir  yalanın  bətnindən  doğulub.
aclıqdan  ölən  körpənin  ümidsizliyindən 
yoğrulub  ən  acı  həqiqət.
Nifrət  gülləsindən  ölən  əsgərin 
dul  qadını  boğub  gerçəkləri.
bütün  nifrətlərin səbəbi  zənginlik  arzusu ,
sevgilərin  özəyisə  vəhşi  ehtiras,
Kainatın  hər  zərrəsində  bir  kiçicik  ümid  var,
o ümid  savaş  sözünü  bilməyən 
körpənin  həyat  eşqidir. 
atam  niyə  öldü  sualını  sora  bilməyən 
lal  qız  uşağının  Tanrıya  inamıdır. 
Övlad  qatillərinin  bağışlanma  arzusudur  o  ümid.
kainatın  hər  zərrəsində min ölüm əvəzində
ölümlərin  səbəbi tək 
bir  mənasız  həyat  var
.




Tənhalığım köhnəlir,
nişan tarixin qocaldıqca.
qızının doğum günündə
ümidisizliyimin 10 yaşı oldu.
ərli qadını sevmək,
qovuşmağa ümid etmək,
keçəl qızın hörüklərini
sığallamağa bənzəyir.
yazdığın son məktubda
dodaq boyasıyla, vida busəsinin
izini xatirə qoymuşdun.
yemlədiyimiz göyərçinlər
çürək qırıntılarını udmaqla
məni yadlaşdırdı gözündə.
xəyallarımızı aparır,
Xəzərin neftindən bezən qağayılar.
və gəmilər üzür nəhayətsizliyə
bir xatirəlik səadət tapmaq üçün.
Tənhalığım qocalır,
sevgilərim köhnəldikcə
barmağındakı üzükdən,
nigah sənədindən daha çox,
dəyişilən saç düzümün,
ərli qadın olduğunu xatırladır.
Yalqızlığımı yadıma salır.
arzularım tükənir,
sən ruhumda qaldıqca ,
hər gün bir az ölürəm,
hər gün bir az içirəm,
sərxoş olur,
dəli kimi gülürəm.
Tanrıdan küsürəm,
bəzən qarğış edirəm.
qaranlıq otağımda
gəlirəm , gedirəm,
bir az deyinirəm,
Tənhalığım qocalır,
sevgisizliyim köhnəlir,
həyat eşqim tükənir,
köçəri quşlar aparır ömrümü
bahar nəğməsi oxunan ellərə..


Hiç yorum yok:

Yorum Gönder