28 Haziran 2015 Pazar

LGBT – lərə nə üçün dəstək oluram ?



23 illik yaşamım ərzində cinsi azlıqlar tərəfindən heç bir zərər görməmişəm. Öz həyat tərzləri ilə azadlığımı məhdudlaşdırmayıblar. Kavabata yazır ki, müdriklik yalnız ortaq cinsə mənsubdur. Platon isə bu mənada daha irəli gedərək söyləyir “ Cinsi azlıqlar bəşəri duyğuları daha dərindən dərk edirlər ” Azərbaycan cəmiyyətində anlaya bilmədiyim məsələlərdən biri də budur. İnsanların şəxsi həyatı nə üçün sizi bu qədər maraqlandırır. Bir insanın homoseksual olub olmaması sizi nə üçün narahat edir. Hər insanın öz seçimi, öz taleyi var. Azad yaşamaq hər insanın hüququdur. Sanki ölkəmizin bütün dərdləri düzəlib, təkcə geylərin problemləri qalıb. Əgər bir insan öz həyat tərzi ilə sizə mane olmursa niyə narahat olursuz ? Yəqin kişilər evlənməyə qadın, qadınlarsa kişi tapmamağa görə narahatdırlar.
   
Azərbaycanda qeyri-ənənvi cinsi oryentasiyaya malik olan şəxslərə münasibət birmənalıdır Problemin həlli cəmiyyətdən təcrid etməkdirmi? Ölkəmizdə ən ciddi problemlərdən biri məhkumluq həyatı yaşayanların işsizlik problemidir. Onlar təhlükəli insanlar hesab olunurlar. Bu səbəbə görə heç bir yerdə işə qəbul olunmur, məcburən yeni cinayət hadisələri törədirlər. Bu mənada cinsi azlıq nümayəndələri də bədbəxtdir. Çünki işlə təmin olunmurlar. Axı nə üçün insana gördüyü işə, savad dərəcəsinə görə yox, cinsinə görə hörmət edilir ?
Əksər insanlar onlara nifrət edir, xəstə kimi qəbul edənlər isə mərhəmət göstərirlər. Onlar niftərə layiq deyillər, heç yazıq da deyillər. Sadəcə bu , onların həyat tərzidir. Hörmət etməyə məcburuq. Kim sübut edə bilər ki, onlar iş qabiliyyətindən məhrumdurlar.
Qədim yunan mifologiyası ilə bağlı bir neçə detala diqqət yetirək.  Qədim Yunanıstanda insanın hansı cinslə cinsi əlaqəyə girməsi sırf zövq məsələsi idi. Hətta Qədim Yunan tanrıları da öz seksual zövqlərinin zənginliklərindən həzz alırdılar. Müharibə tanrısı Ares və axirət tanrısı Aid istisna olmaqla, bütün Olimp tanrıları həmcinsləri ilə eşq yaşayırdılar. Məhəbbətlə dolu Herakl həm qadınlarla, həm kişilərlə sevişər, onlar arasında fərq qoymağı ağlına gətirməzdi. Ən məşhur Yunan  cütlüyü isə Axill və Patrokl idilər. Onlar eyni zamanda dost, silahdaş olmaqla bərabər, yataqda eyni qadınları bölüşürdülər. İbrahim dinləri gəlmədən öncə Qədim Dünyada heç kim eynicinsli sevginin göydəndüşmə bir olay olduğunu ağlına gətirmirdi.
 Platonun cinslərin əmələ gəlməsi haqqında versiyasına görə əvvəllər kişilər və qadınlardan başqa, yer üzündə ikicinsli androginlər yaşayırdılar, lakin sonra tanrılar onları iki yerə böləndən sonra onlardan hər biri öz tayını axtarmağa başlamışdı, çünki sevgi tamlığa susamaq olaraq ona doğru can atmaqdı.
Cinsi azlıqlar məcburən asosial varlıqlara çevrilməsi nə dərəcədə düzgündür. Bəşər övladı qadınla kişinin vəhdətindən yaranır və cinsindən aslı olmayaraq özündə həm qadının, həm də kişinin xüsusiyyətlərini daşıyır. Bu yaxınlarda orta məktəblərin birində oldum. Qızlarla qızlarla, oğlanlar oğlanlarla əyləşmişdi. Daha sonra təcrübə üçün kollec və universitetlərdə məhz bu məsələyə fikir verdim. Cəmiyyətimizdə nəinki cinsi azlıqlara qarşı həmçinin qarşı cinsə qarşı qeyri – adi, qorxulu münasibət var. Sanki bir cins digərini kəskin psixoloji travmaya məruz qoyub. Əsrlər boyu işğala məruz qalan xalqın milli mental dəyəri ola bilməz. İmtahan verən şagirdlərin əksəriyyəti kafi qiymətlər alıb. Tələbələrimizin bilik səviyyəsi bərbad haldadır. Mən milli mənəvi dəyər dedikdə yalnız yüksək səviyyəli təhsil ənənəsini başa düşürəm. Bəlkə başqasının həyatı ilə oynamaqdansa öz səhvlərimizdən nəticə çıxaraq, övladlarımızın yüksək təhsil almasına çalışaq. Öncəki məqaləmdə də yazmışdım. İndi də yazmağa məcburam. Övladınıza 700 manatlıq planşet, 70 manatlıq köynək alanda 7 manatlıq da kitab alın.


Nicat Həşimzadə

5 Haziran 2015 Cuma

bütün ayrılıqlar sənə gedilən yoldur,
bütün yollar mənim tənhalıq tablom.
buludlar ilk öpüşümüzü dumana çevirəndə
sərha gəmisi 18 - ci gün susuzluqdan öləndə
yağış yerinə göydən yerə tüpürcək enəndə
nifrət özünə xurafatdan yuva quranda
gənc inqilabçı həbs olunanda
şəhər mərkəzindəki bina yananda da,
bəşər övladı öləndə, doğulanda da
mən hələ səni sevirdim .
qapının döyülməsi qulaqlarıma pıçıldayır
bütün ayrılıqlar sənə gedilən yoldu.
Nizami küçəsindəki bomuj da dünən
məndən şərab üçün pul istəyəndə
eyni sözləri dedi.
məktəbli uşaqlar əlifba bayramında,
müəllimlər mühazirə zamanında,
ölkə rəhbəri son çıxışında da
bu sözləri dedi,
bütün ayrılıqlar sənə gedilən yoldur,
gecə rəqqasələrinin fəzada süzməsi,
müdrik qocanın yalqızlıqdan ölməsi,
şəhərin son lapmasının sönməsi də
bu sözləri dedi,
bütün ayrılıqlar sənə gedilən yoldur,
hətta brend kostyum geyinən,
son model maşın sürən
Qarabağdan danışan şair də
bütün ayrılıqların sənə gedilən
yol olduğunu söylədi


Sartr ürəkbulandıran,
Çarlz qadın düşkünü,
Heminquey əyyaşdır,
Dostoyevski qumarbaz .
Dolaşıram dünyanı
səfil qocalar kimi
əslindəsə Rünöske
öldüyü bir yaşdayam.

Yaşım çatmayıb hələ
Cek London ölən yaşa.
Oruel unudub özün,
baş qoşubdur savaşa.
Tolstoy daha yazmır,
müasir oğlan olub,
saç saqqalın uzadıb,
Bərbərlik xərci yoxdu,
məndən borc pul istəyir.
Remark cərrahdır indi,
doğrayır xəstələri.
sənədini itirib,
getməyə yeri yoxdur,
Henrix Böldən danışma
qurşanıb siqaretə.
Ümid qalıb Millerə
o da yaman erotik.
Salman Rüşdi yaxşıdır,
amma gəlməz Bakıya,
fanatistlərdən qorxar.
Homer yaxşı oğlandır,
oxumaqdan kor olub.
Mövlanə də pis deyil,
Amma şərabdan uzaq.
Mopassan lap dəhşətdir,
gecələr evə gəlmir.
harda yatır bilinmir.
Həşimzadə yaxşıdır,
heç kimlə işi yoxdur,
yazır gic - gic şeirlər,
elə bilir, şairdir.

deyinmə qadın, daha bəsdir,
son savaşda anladım,
xoşbəxtlik sadəcə ehtimaldır.
həmişə özgələrə qismət olur
və düşünürsən
səadət başqalarıdır,
sən deyilsən,
mən deyiləm.
sənlə mən daha biz deyilik,
Nigah düz xətt kimi sonsuz deyil,
izdivac birgəlik deyil,
daha çox özgələşmək, unudulmaqdır.
yür kürə formasında deyil sanki,
əgər kainat çevrədirsə
onda məni hansı küncə sıxırlar,
hansı murdar qocaya görə döyülürəm ?
daha göyərçinlər də məktub daşımırlar,
qısalıb əzabların məsafəsi,
bir telefon zəngi qədər.
mən biletsiz bir səyyaham
həyat adlı qatarda,
son dayanacaqda qadın yoxdur,
sənsən sonuncu qadın.
baş qoşma, mənə qadın,
şair sözü fahişənin bakirəyəm
söyləməsi qədər etibarsızdır.
Nigah materiyanın uydurmasıdır,
yeni gicbəsər bəşər övladları
məcburən doğulduqlarından
xəbərsiz olurlar.
Zaman bizi də usandırdı, qadın.
ağaran saçlarımız bizə öyrətdi,
öyrətdi ki, eşq duyğu oyunu deyil,
adicə bir toxunuşdur,
bir fiziki təmasdır.
ona görə də etibarsızdır həyat,
unutqandır ürək.
daha ağlamağı da unutmuşuq.
bəzən insan ölməyə də tənbəllik edir,
bax, biz həmin tənbəl insanlarıq.
boş ver qadın, qocalmışam.
sevişməyi də unutmuşam.
özünə bir sevgili tap,
kişilər daha tez ölür, qadın.

3 Haziran 2015 Çarşamba

Sosializm Zooparkı

    

Əsl adı Erik Artur Bleyer . Dünya ədəbiyyatında isə Corc Oruel imzası ilə tanınır.  1903-cü il iyunun 25-də Hindistanın Motixari şəhərində doğulub. 1 yaşı olarkən ailəsi Londona köçür. İlk hekayələrini tələbəlik illərində yazıb və bu hekayələrə görə heç bir uğur qazanmayıb. İspaniyada vətəndaş müharibəsi baş verəndə ideyalarına görə solçu olan Oruel qəzet müxbiri kimi İspaniyaya yollanır və partizan dəstəsində vuruşur. Gizli polis agentləri tərəfindən təqib olunduğunu bildiyinə görə Londona qayıdır.
Oruell məşhur "Heyvanıstan" əsərini 1943 – cü ildə  yazır. 1945 – ci ildə çap olunan əsər kütlə tərəfindən maraqla qəbul olunur. Bu əsərdən sonra müəllif məşhurlaşır. “ Heyvanıstan ”  əsərində Romanda sovet dövlətinin lideri İosif Stalinin proobrazı yaradılıb. Napoelon Stalinin ümumiləşdirilmiş obrazıdır. Snouboll Trotskinin bədiiləşdirilmiş əksidir. Lakin çox maraqlı məqam var. Snouboll Napoelon tərəfindən fermadan – Heyvanıstandan qovulur. Əsəri çox bəyəndim. Amma başa düşməkdə çətinlik çəkdim. Tərcüməçi Vilayət Quliyevin ön sözünü bir neçə dəfə təkrarən oxudum. Əsəri ümumi qəbul edərkən anlamaq daha asan olur. Obrazların hansı tarixi şəxsiyyəti canlandırmasını araşdırarkən beyin yorulur, romanı anlamaq çətinləşir. Konkret olaraq birmənalı şəkildə hansl obrazın hansı tarixi şəxsiyyəti ifadə etməsini söyləmək çətindir. Mən əsərdən ümumi anladığım hadisələri sizə demək istəyirəm. Heyvanıstan əsəri hələ də aktual olaraq qalır, çünki əsərdə baş verən hadisələr əksər ölkələrdə yaşanır. Corc Oruel əsərlərində totalitarizmi kəskin tənqid edir. Müasir Azərbaycanda da ideya baxımından Oruelin davamçılarını görmək olar. Oruel ictimai fikrin davamçısı hesab olunurdu. Bu, təsadüfi məsələ deyildi.
Əsərin sujet xətti çox maraqlıdır. Fermaya cons rəhbərlik edir. Heyvanlar onun inzibati idarəçiliyindən bezirlər, biganə münasibətə etiraz edirlər, üsyana qalxırlar. Vilayət müəllimin ön sözünə inanaraq deyə bilərəm ki, Qoca Mayor obrazı Leninin və ya Marksın obrazıdır. Mayor heyvanları inqilab etməyə çağırır, heyvanların söhbətində Consun necə ədalətsiz qərarlar verdiyinin şahidi oluruq.  Mayorun heyvanlara dediyi bu sözlər çox maraqlıdır :
 -  İnsana qarşı mübarizə apararkən biz heç vəchlə özümüzü ona bənzətməyə çalışmamalıyıq. Hətta mübarizə qələbə ilə başa çatandan sonra da insanın həyat tərzini qəbul etməyin.
Minimus obrazı ehtimallara görə Maksim Qorkini ifadə edir. Maksim Qorkinin Stalinə şeir həsr edib etmədiyini dəqiq bilmirəm. Romanda liderlərə şeir həsr edən saxtakar şairlər, rejim qullar tənqid olunur, daha səmimi desəm Oruel onlarla məzələnir.
Yazıçı Marks və Lenin ideyalarını qəbul etmir, Marksın ideyalarını qəbul etmədiyindən qəti şəkildə əmin olmaq olmaz. Çünki Oruel də ideya baxımından sosial bərabərliyi dəstəkləyirdi. Amma Leninçi marksizmə qarşı etiraz etdiyini əminliklə demək olar.
Napoelonun heyvanlara qarşı törətdiyi qanlı əməllər 37 – ci il repressiyalarına işarədir. Heyvanların apardığı azadlıq mübarizəsi qələbə ilə nəticələnir, öz istəyinə çatan heyvanlar sevinərək “ Malikanə ferması ” sözlərini silib, yerinə Heyvanıstan ferması yazırlar. Napoelon Snoubollu tənbəllikdə təqsirkar bilir, ona qarşı ədalətsiz davranır. Hiss olunur ki, o, yeganə ağa olmaq istəyir. Heyvanlara onlara məcburən əzbərlədilən şüarları hər yerdə yüksək səslə oxuyurlar. Aldadıqlarının fərqinə varmırlar, lakin romanın sonunda biz heyvanların apardığı mübarizə nəticəsində ağalığı ələ keçirən obrazın Consdan daha təhlükəli idarəçi olduğunu görürük.
Napoelonun  əlamətdar günləri atəşfəşanlıqla keçirilir. Artıq ona yoldaş Napoleon deyərək müraciət edirlər. Bu hissələrdə şəxsiyyətə pərəstiş tənqid olunur.
Minimusun “ Yoldaş Napoelon ” şeirində o dövrün prosesləri geniş şəkildə təsvir olunub. Şeirdə rəhbərə məzlumların atası, xoşbəxtliyin memarı həm də  çirkablar hökmdarı kimi müraciət olunur.
......Yolumuza nur saçan
      Qürur və hökm dolu
      Gözlərinə baxanda
      Yaşa, yoldaş Napoleon .
Napoleon ( Stalin ) bu şeiri çox bəyənir.  Əsərin birinci hissəsində dedik ki, Malikanə ferması əvəzinə Heyvanıstan ferması yazılır. Qonşu fermalar məlum fermadakı anarxiyadan narahat olurlar. Heyvanlar sanki daha dəhşətli rejimdə yaşamaq üçün mübarizə aparırmışdılar. Romanın sonunda Heyvanıstan sözü silinir, əvəzinə yenidən Malikanə ferması yazılır. Corc Oruel  Heyvanların mübarizəsinin mənasızlığını sübut edir.

 Əsəri bu şəkildə anlamışam. Hər kəsə bu romanı oxumağa çağırıram. Mütləq oxuyun.


                                                                                  Nicat Həşimzadə 

2 Haziran 2015 Salı

Çağdaş gürcü romanı

                                   

   
 Gürcü ədəbiyyatından bu zamana qədər heç bir əsər oxumamışdım. Kənan Hacının məsləhəti ilə Aka Morçiladzenin “ Madatov adasına gediş və dönüş ” romanını oxudum. 1966 – ci ildə anadan olan Morçiladze postsovet Gürcü ədəbiyyatının ən oxunaqlı yazarlarından biridir. İxtisasca tarixçi olan nasir yeni nəsr üslubu yaradıb. Ssenariləri əsasında filmlər çəkilib. Azərbaycan tarixini və coğrafiyasını yaxşı bilən Morçiladze məşhur “ Qarabağa səyahət ” romanının müəllifidir.
 “ Madatov adasına gediş və dönüş ” romanını oxuyarkən insan fərqli  düşüncələrin şahisi olur. Rəngsaz Hafo romanın əsas qəhrəmanıdır. Sənətində əsl peşəkar olan Hafo cəmiyyət tərəfindən əxlaqsız hesab olunur. İnsanlardan ondan şikayətlər edirlər. Hafo kişibazlıqda günahkar bilinir. Hətta romanda elə bir məqam var ki, yeddi kişi birlikdə münasibətdə olurlar. Rəngsaz lal oğlanı evinə gətirir. İnsanlar deyir ki,  o oğlan Hafonun arvadını əvəz edir. Guya ki, həmin uşağı Hafo qorxutmuş və bu qorxunun nəticəsində uşaq lal olmuşdu. Hafonu sevmirlər, sevməmələri üçün yetərincə səbəbləri var. O, heç kimdən çəkinmir, insanlara qürurla baxır. Bütün həyatı dedi – qodularla dolu olsa da heç nəyə əhəmiyyət vermir. Bəlli bir həqiqət var ki, Hafo təkcə rəngsaz deyil, başqa işlərlə də məşğuldur və bu işlər insanlarda nifrət duyğusu yaradır.
Romanda keşiş obrazı var. Belə ki, Hafonun etdiyi əxlaqsız hərəkətlərə görə insanlar keşiş Zaxariya ataya şikayət edirlər. Parmeniy ağa Zaxariya ataya söyləyir ki, Hafonun varlığı məhəlləmizin əxlaqını pozur. O , insanları pis yola çəkir.
Burada təriqət parçalanmasının yaratdığı  gərginlik hiss olunur. Zaxariya ata kəskin qərar verməkdə çətinlik çəkir. Çünki özü də Hafonun əməllərindən çəkinir. Keşiş Hafonu görmək üçün evinə yollanır, lakin tapa bilmir, sonra Hafo özü kilsəyə gəlir. Keşiş isə onu kilsəyə qəbul etmək ismətir. Acıqlanır ki, sənin dinin, fikirlərin məlum deyil. Əsərin bu hissəsini oxuduğum zaman Kamyunun “ Yad ” povestini xatırladım. Hafo ilə Zaxariya atanın dialoqu ilə Mersonun keşişlə söhbəti arasında oxşarlıq var. Hafo da Merso kimi dinə qarşı etinasız münasibət göstərir. Keşişlərələ söhbətdə onlarla məzələnirlər. Hafo keşişə deyir :
 - Sənə nə lazımdır ? Çörəyimi çətinliklə qazanıram, vəssalam.
Zaxariya atasa öz – özünə danışır, nə zavallı adamdır, öz dinini də bilmir. Zakariya atanın müəmmalı ölümü romana olan marağımı daha çox artırdı. Araşdırma aparılsa da  keşişin ölümünü təsadüfi bədbəxt hadisə adlandıraraq istintaqa son qoyuldu.
Halfo general Şavişvilinin evindən qiymətli əşyaları oğurlamaqda günahkar bilinir. Onun ölümü vəziyyəti daha da çətinləşdirir. Kim idi onu öldürən, məqsədi nə idi ? İstintaq prosesi polkovnik Korqanova həvale edilir. O Korqanov ki, uzun müddət heç bir uğur qazanmayıb, yüksək nailiyyəti yoxdur. Təhmətlərlə rastlaşır. Bəs bu cinayətin istintaq prosesinin ona tapşırılmasında səbəb nədir ? Qatil tapılırmı ? Bu suallara cavab tapmaq üçün romanı oxumaq lazımdır .

                                                                                           Nicat Həşimzadə


                                             

doqquz hekayənin mənə dedikləri



Rafiq Tağı unudulmaz yazıçı  olmağa  layiq   yazıçıdır.  Bunu  inkar  etmək  ağılsızlıq olar. Qan Turalının   “  Doquz hekayə  ” kitabını  Rafiq Tağıya ithaf etməsi sevindirici haldır. Kitabı oxudum. Hər bir hekayə haqqında fikirlərimi yazıram.
 “ O qız və o oğlanın hekayəsi ”  mental  dəyərlərin sınmaz stereotiplərə çevrilməsi tənqid olunur. Sevil kədərli obrazdır. Qızların zorlanma xəbərlərini tez – tez eşidirik. Və həmin qızlar Sevil kimi onları alçaldan, təhqir edən oğlanla məcburən ailə qurmalı olurlar. Çox acınacaqlı haldır. Bu fikri birdəfəlik məhv etmək lazımdır. Vonnehutun Rüstəm Behrudiyə bənzədilməsi çox uğurlu alınıb. Ən çox bəyəndiyim məsələ hekayənin dialoq formasında qurulmasıdır.
“ Şahmat məktəbinin direktoru ” hekayəsində baş verənlər aktual olaraq qalmaqdadır. Mən belə anladım ki, məktəb direktorlarının savadsızlığı tənqid olunur. Lakin məktəb direktorunun hansı məqsədə xidmət etdiyi sonradan aydın olur. Uşağın məsum düşüncələri mənə saf uşaqlıq xəyallarımı xatırlatdı. Hekayədə axıcı təhkiyəni dəyərləndirmək lazımdır.
“ Şaxta babanın qətli ” hekayəsini oxumuşdum. Təkrar yenə oxudum. Rusiyaya gedib müxtəlif hoqqalardan çıxan kişilər yaramaz adamların sözlərinə aldanıb öz qadınlarını səbəb olmadan qısqanır, ailədə mübahisələr yaradırlar, bəzənsə bu məsələlər qətlə qədər gəlib çıxır. Nailə uşaqları ilə parka gedib Şaxta Babayla şəkil çəkdirir. Bu şəkildən iki ədəd çıxartdırır, birini özündə saxlayır, dgərinisə məktubla birgə ərinə göndərir. Ər də dost  tanışının atmacalarına inanır, arvadını qısqanır və sonra faciə törədir.
“ Bir – birini sevməkdən qorxan iki adamın hekayəsi ”  yaxşı alınıb. Amma dialoq çoxdur və həddən artıq fəlsəfidir.  Gözünün önündə baş verən real hadisələri qoyub səmalarda mövzu axtaran yazıçıların tənqidini gördüm. Çexovla bağlı söhbəti bəyəndim. Yumoristik səhnədir və uğurlu alınıb.
“ Darıxanlar ” hekayəsində ağır sosial həyat şəraiti tənqid olunur. Müəllimlərin gərgin durumlara düşməsindən bəhs olunur. Darıxan iki yoldaşın dialoqunda maraqlı məsələlərdən söhbət açılır. Amma etiraf edim ki, bu hekayəni digərləri kimi çox da bəyənmədim.
“ Kafka” hekayəsini bəyəndim, əla alınıb. Şablon sağlıqlardan uzaqlaşma qistəyən dostlar unikal sağlıqlara üstünlük verir və nostaliji anlar yaşayırlar.
“ Çılğınlar ” hekayəsində obrazların qeyri – adi hərəkətləri məni də cuşa gətirdi. Uğurlu alınıb. Səmimi, kopmlekssiz obrazları sevdiyimdən bu hekayəni sevdim.
Kitabda ən çox sevdiyim əsər “ Füzulinin qayıdışı ” oldu. İnsanı düşünməyə məcbur edir. Bir anlıq inanmaq istəyirsən ki, həqiqətən də heykəl canlı varlığa çevrilib şəhəri dolaşa bilər. Füzulinin şair yoldaşları ilə söhbətində dövrümüzün bir çox hadisələrinə etiraz amillərini görmək olur. Şairlər müxtəlif dpvrlərdə yaşamalarına baxmayaraq görüşləri alınır və söhbətləşirlər. Qan Turalının dialoq qurma bacarığınl qiymətləndirmək lazımdır. Bəzən dialoqlar da , dedi, söylədi, ifadə etdi kimi sözlər görəndə insan istər – istəməz əsəbiləşir. Füzulinin polislərlə söhbətində bir məsələ məni düşündürdü. Azərbaycan polisləri ümumiyyətlə şeir bilirlərmi, Füzulini tanıyırlarmı, ondan heç olmasa 1 – 2 beytlik nəsə əzbər öyrəniblərmi ? Maraqlı əsərdi, oxumağa dəyər. Nə zamansa bu kitabı yenidən oxusam ilk öncə bu əsərdən başlayacam.
“ Prokurorun 3 günü ” əsəri mənim üslubuma yaxın olmadığı üçün çox da zövq almadım. Ancaq aspirantın ölümü və bu ölümün müəyyən səbəblərlə əlaqələndirilməsi , həmçinin kodlardakı rəqəmlərin istintaqı həyata keçirən prokurorun həyatı ilə bağlandırılması çox yaxşı alınıb. Xüsusən də bu ölümün intihar kimi düşünülməsi də maraqlıdır. Firudin bəy Köçərlini öldürənlər bu ölümə görə də günahkar hesab olunurlar.
Qan Turalı haqqında tənqidi məqalə yazdıqdan sonra çoxları bəlkə də onun kitabını oxuduğuma və haqqında yazı yazdığıa inana bilməyəcəklər, amma şəxsi munasibətləri yaradıcılığa qarışdırmağı sevmirəm. Çünki müəllif həqiqətən də istedadlıdır, bunu danmaq olmaz.

Nicat Həşimzadə