4 Temmuz 2015 Cumartesi

Şərabdan ucuz qadın


Bəzən darıxırsan və gərginlik səni öldürür. Bəzənsə darıxmırsan, uğrunda darıxacağın səbəbin olmur . Əsəblərin qarışır. Sənin üçün varlıqla heçlik arasındakı sərhəd itir. O zaman hər şey absurd görünür. Günəş batır, ay çıxır, qışda qar yağır, yayda qızmar isti olur, amma nə olsun ki ? Bütün bunların sənə dəxli yoxdur. Düşünürsən ki, hər şəy cəfəngiyyatdır. Və heç gözləmədiyin anda ürəyin bulanır, təbii ki, təbiət kişilərə hamilə olmaq görəvi vermədiyi üçün ürək bulanmanın yeganə səbəbi zəhərlənmə ola bilər. Fəqət sən qidadan deyil, ətrafdakı insanlardan, ümumən bəşəriyyətdən zəhərlənmisən. Dünya öz gərginliyi ilə səni yeyib bitirir. Ya da sən bəşəriyyəti öz kədərinlə məhv edirsən. Ya sən ətraf mühiti dəyişirsən, ya da mühit səni dəyişir. Bəs ətrafındakı dəyişikliklər insanı dəyişməyə bilərmi ? Yaşanan xaoslar, mövcudluqlar, qəfil hərəkətlər, ölümlər insan təbiətinə təsirsiz ötüşə bilərmi ?
 Ürəkbulanma ”  romanını  oxuyan gənc  həyatdakı bütün mövcudluqların absurd olmasına inanmaq istəsə də bacarmırdı. Eşq hələ də onun üçün ali həqiqət olaraq qalırdı. Evli olduğu zamanlar bir ərli qadına aşiq olmuşdu. Sonra qadın boşandı, lakin boşanma səbəbi təkcə o , deyildi. Sadəcə bir gerçək var idi ki, gəncin əminliyi ona cəsarət vermişdi. Bəzən etirazlar edirdi.
- Yox. , bağışla , mümkün deyil, mən evli kişini sevə bilmərəm. Axı buna layiq deyiləm.
İsterik hallara qapılmaq qadınların ən çox arzuladıqları məqamdır. Onların isteriyaya ehtiyacları var. Şöhrət qadınlar üçün ən ali həqiqətdir. Dostoyevski yazırdı ki, rus qadını dünyanın ən dözümlü qadınıdır. Çünki əyyaş rus kişisinə dözür. Fəqət rus qadınının kübar aləmdə nüfuz qazanmaq üçün etməyəcəyi rəzillik yoxdur.
- Mən tezliklə boşanacam. Hər şey gözəl olacaq. İnan.
Qadın susdu. Etiraz etmədi. Bəlkə də bir kişi tərəfindən bu dərəcədə cəsarətli eşq görmək onu məmnun edirdi.
Kişi  boşandı.  Qadınla münasibəti çox gözəl idi. Amma bir zamana qədər. Xəyanət eşqin qatilidir demək nə qədər şablon səslənsə də reallıqdır. Mən evli kişini sevmərəm deyən qadın elə evli kişi ilə ona xəyanət etdi.
Bir müddətə qədər liberal təfəkkürlü idim. Qadınların azadlığa layiq olmadığından əmin olduqdan sonra bu mənadakı liberallağımı məcburən öldürdüm.
İndi biz şərab içirik, qızının dünən  2 yaşı oldu. Bu günsə sevdiyi qadının xəyanət xəbərini aldı. Hələ də bilmirəm ki, içdiyimiz şərab dünənin sevinci yoxsa bu günün kədəridir ? İçək deyir, mən də içirəm. Bəlkə də içməkdən öləcək 

3 Temmuz 2015 Cuma

Qadın sünnəti

Feminist yazardır. Yaşadığı mühit onu kişilərə nifrət etməyə məcbur edib. Düşünür ki, qadın günahkar ola bilməz. Çünki onun cəmiyyətində günahları yalnız kişilər edə bilər. İslamda qadının rolu və yerinə dair çoxsaylı kitablar müəllifidir.  Ölkəsində qadın sünnətinə qarşı etiraz çıxışları təşkil etdiyinə görə həbs olunmuşdur. Ərəb cəmiyyətində qadının statusunu ironik dillə təsvir etmişdir. Söhbət Nəval Əl Səədavidən gedir.
Müsəlman qadını niyə bədbəxtdir. O, müsəlman ölkələrində aşağılanan, təhqir olunan qadınların dərdlərindən söhbət açır. Müsəlman ailələrində qız övladı doğulanda kədərlənirlər, qızlar ölü doğulanda və ya sonradan öləndə atalar sevinirlər. “Sıfır nöqtəsində qadın ” romanına görə qadın yazara qarşı təqiblər artmışdı. Səəadavi yazır ki, müsəlman qadın əri tərəfindən döyülməyi, alçaldılmağı ilahi xoşbəxtlik zənn edir. Modern təfəkkürə sahib olan qadın dərhal lənətlənir.
Adını çəkdiyim roman real hadisələr əsasında yazılıb. Qənatir zidanında həbsdə olun qatil qadının həyat hekayəsi yazarı bu romanı yazmağa həvəsləndirib. Firdovs uğursuz qadın simvoludur. Uğursuzluğuna görə onu günahlandırmaq olmaz. Səəadavi ilə görüşdən bir neçə dəfə imtina etmiş Firdovs nəhayət yazarla görşmək qərarına gəlir. Ona öz faciəli taleyi haqqında danışır. Keçmişində fahişəlik etməyə məcbur olan, bir insanı qətlə yeyirən Firdovs əfv ərizəsinə imza çəkməyəcək qədər qürurludur. O, bağışlanmasını istəmir, çünki etdiyinin günah olduğunu zənn etmir. Onu edam edəcəklər, bu qaçılmaz məsələdir, özü də bu həqiqəti anlayır.
Uşaq yaşlarında Firdovsu sünnət edirlər. Qızlarda erkən ehtiraslanma hallarının qarşısını almaq üçün vaginalarının zövq hissəsini kəsirlər. Bunun da nəticəsində onlarda psixoloji travma yaranır. Əgər Allah hər şeyi  mükəmməl yaradıbsa müsəlmanlar qızlarını və oğullarını nə üçün  sünnət etdirirlər ? Yəqin ki, bu sualıma görə məni döyməzlər. Anasını erkən itirən Firdovs bunun acısını yaşayır. Başqa bir qadın ona analıq edir. Əgər buna analıq demək olarsa. Firdosun anası qızının gözləri önündə atasının ayaqlarını yuyur. Sonrasa qız özü atasının ayaqlarını yuyur. Bu cür hallar kişi hakimiyyətinin göstəricisidir.
Əsər haqqında fikrimi soruşsanız, tək cümlə ilə belə ifadə edərdim. Bu əsər məni yıxdı, sözün əsl mənasında sürüdü. Belə düşündüm ki, belə bir mühafizəkar cəmiyyətdə Firdovs xoşbəxt ola bilməzdi. Əmisi yoxsulluq səbəbinə görə Firdovsu yaşlı kişiyə ərə verir. O da qocaldıqdan sonra Firdovsa baxmaq, maddi və mənəvi ehtiyaclarını ödəmək gücünü itirir. Əslində heç Firdovsun qayğısını da çəkmirdi. Nəticədə Firdovs fahişəlik etməyə məcbur olur. Maddi qayğılar və tənhalıq əzabı qadını əxlaqsızlaşdırır. Əsərin verdiyi əsas iki ideyadan biri budur. Digər ideyasa qadın sünnətinə etirazdır. Təbiət hər şeyi mükəmməl yaradıb. 
 Mən də bu mənada həm qadın, həm kişi sünnətinə etiraz edirəm. Sünnət edilən hissə kişi cinsi orqanını müxtəlif infeksiyalardan qoruyur. Sünnət zamanı isə həmin müdafiəedici dəri kəsilir. Elm artıq sübut edib ki, sünnətin xeyirdən daha çox ziyanı var. Qadın sünnəti də olduqca anormal haldır. Əsl əxlaqsızlıq budur.
Fahişə olduğu zaman duyğularından məhrum olan Firdovsun həyatı edamla sona çatır. O, özü edam cəzasının ömürlük həbslə əvəz edilməsini istəmir. Ölüm anı Firdovs gerçəyə çatdığını düşünürdü. Bəs çatmışdımı ? Bəlkə də bu, təsəlli idi ? Ancaq ölümünü rahatlıqla qəbul edən insan təsəlliyə ehtiyac duyarmı ?
Bu, bir həqiqətdir ki, dünyanın hər hansı bir nöqtəsində bir qadın sıfır nöqtəsində gözləməkdədir.
                                                                        
                                                                                                    

1 Temmuz 2015 Çarşamba

neçə qız sevib 
neçə qadın həsrəti çəkmişik,
biz natamam kişi olmağı öyrənəndə 
qızlar qadın olurdu,
biz tam kişi olandasa
həsrətini çəkdiyimiz qadınlar
körpə bəsləyirdilər . .


Mən səni sevirəm, sən onu,
O da başqasını və beləcə
bütün bəşəriyyət sevilmədən sevir.
Ümidsiz insanı yaşamaqdan daha çox
öləndə kimin çiyni üzərində məzara 
yola salınması düşündürür.
Ümidli insan isə yaşamaq üçün
başqa birinin ölümünü arzulayır.
gözlərim baxışlarına son dəfə zillənəndə anladım,
bu dəfə də həbsdən xilas ola bilməyəcəm.
solçular tez öldüyü kimi
solçu şeirlər də erkən görüşür
torpağın soyuq qatı ilə.

biz inqilab övladı,
müharibə körpəsiyik.
mədəmizi qənd tozu yemək qurutdu,
gözlərimizi şam işığında oxumaq kor etdi,
arzularımızı qara məktublar qaraltdı,
anamı atamın yolunu gözləmək qocaltdı.
mənim üçün türkün atası Mustafa Kamal yox,
Aziz Nesin oldu, onu oxudum, ona inandım.
Zindandakı qarışqalar qozbel fəhlələri xatırladır .
Fəqət onlar kapitalizmə deyil, yalnız özlərinə xidmət edirlər.
Sevinc paylaşınca azalır, kədərsə onsuz da həmişə çox olur.
demək ki, iki insanın biri - birindən gizli saxladıqları kədər
paylaşdıqları sevinc duyğusundan daha çoxdur,
bəs onda insanlar niyə izdivac qururlar ?
lənətəgəlmiş zindanda işıqlar söndü,
birazdan siçovullar üsyan nəğməsi oxuyacaqlar.
mənsə özümə təsəlli verəcəm ,
vicdan azadlıqdan daha dəyərlidir . . .

Əyalət qadınları

                                           


Qustav Floberin  “ Madam Bovari ” si  dövrünün ən qalmaqallı əsəri hesab olunur. Əsərdə əyalət adətləri tənqid olunur. Madam Bovari mənim üçün sədaqətsizlik simvoludur. Onun təbiətində meşşan əxlaqı hiss olunur. Müsyo Bovari qadınının hər dəcəlliyinə dözür. Xəstəliyi dövründə ona dəstək olur. Həddən artıq sentimental olan Emma Şarlı görən an anlaşılmaz duyğular yaşayır. Onun izdivac təklifini qəbul edir. Nigahdan sonrasa seçimində yanıldığını düşünür. Madam Bovari daha kübar həyat arzulayır. Adətən belə qadınlar haqqında deyirlər:
  - İlk baxışdan sadiq qadına bənzəyir amma sonadək sədaqətli olcağından əmin olmaq olmaz.
Roman yazıldığı dövrdə Fransa ədəbiyyatı romantizmdən realizm ədəbi cərəyanına keçid mərhələsini yaşayırdı. Realist əsərlər insanlara daha çox kədər bəxş etdiyindən rahatlıqla həzm olunmurdu. Madam Bovari hər şeydən narazıdır, onun xoşbəxtliyi müvəqqətidir. Onun romantik ideyaları da kasaddır. Mən bu obrazı natamam qadın hesab edirəm. Evliliklərinin ilkin dönəmində Şarlla Emmanın həyatında hər şey qaydasındadır. Sonradan vəziyyət ciddi mənada dəyişir. Qadından ərinə qarşı biganə, təhqiredici münasibət başlayır. Arvadını sevən Şarl hər şeyə dözür. Oxuduğu sentimental eşq romanları Madam Bovarinin düşüncələrini qarışdırır. Şarlı da günahlandırmaq olar. Bəzi anlarda o da Emmaya qarşı laqeyd davranır. İş haqqındakı düşüncələr onun həyatını işğal edir. İlk zamanlarda ərinə qayğı göstərən, həvəslə qulluq edən Emma hansı səbəblərə görə ondan bezir. Ərinə sadiq qalmağa dəfələrlə cəhd etsə də heç nə alınmır. Emma ərindən nəvaziş almağa vərdiş etdiyi üçün davamlı olaraq bu qayğını gözləyir. Əyalət qanunlarından bezən Emma varlı ər arzusunda olduğu üçün Şarla ərə gedir. Lakin doktor Şarlın qazancı azalır. Bu, Emmada gərginlik yaradır. Madam Bovari öncə Leona aşiq olsa da, Leon başqa şəhərə köçür. Rodolf isə madamı şirin vədlərlə yoldan çıxararaq qadını özünə məftun edir.
Romanı konkret olaraq ərinə xəyanət edən qadının hekayəti kimi düşünmək düzgün olmaz. Əsərdə tacirlərin kələkbazlığı, kübar aləmin saxtakarlığı tənqid olunur, insanda məyusluq yaradan səbəblərə aydınlıq gətirilir. Emma həm də anadır, bir qadın kimi onun xəyanətini bəlkə də hansısa mənalarda anlamaq olar, lakin övladının atasına xəyanət edən qadına haqq qazandırmaq çox çətindir. Maddi qayğıları gündən -  günə ağırlaşan Bovari ailəsi borca düşürlər. Borc faizləri onları müflis edir. Madam Bovari ərinin xəbəri olmadan yüksək məbləğdə borc alır. Məhkəmə qərarına əsasən Bovarilərin daşınan əmlakı müsadirə olunur. Emma məşuqlarından yardım istəsə də heç biri ona yardım etmir. Romanın sonunda Emma intihara cəhd edir, ilk anda ona yardım etsələr də ölümü qarşısıalınmaz olur. Mənə maraqlı olan məsələlərdən biri Şarl Bovarinin arvadının ləyaqətsiz hərəkətlərindən xəbərdar olmamasıdır. Yəni ki, ərin qadından xəbəri yoxdur, ya da hər şeyi bilir, lakin susur. Bəs niyə susur? Müxtəlif səbəblər ola bilər. Bəlkə də alicənablığından susur. Arvadının etdiyi ən dözülməz hərəkətləri onun əsəb xəstəliyi ilə əlaqələndirən ər ona yenə də əvvəlki kimi şəfqətli münasibət göstərir. Emmanın ölümündən sonra məşuqla ərin görüşü baş tutur. Onlar arasındakı dialoqdan anlamaq olur ki,  Şarl arvadının xəyanətindən xəbərdardır. Hətta Rodolfun simasına baxarkən Emmanı xatırlayır və bu simaya sevdiyim qadının sevdiyi sima deyərək xitab edir .
Gəlin, əsas məsələyə diqqət edək. Madam Bovari niyə bu qədər üzgündür ? Onun məyusluğunun səbəbi nədir. Məncə onda zehni çatışmazlıq və yüksək sentimentallıq var. O, evdar qadındır və bu cansıxıcı mühit onda əsəb gərginliyi yaradır. Fərqliliklər həsrətində yaşayan Madam Bovarinin yeni eşqlər axtarışına səbəb olan məsələ elə budur. Ağlıma başqa nəsə gəlmir. Floberin Madam Bovari obrazı  Kamyunun Merso sürəti qədər gərgin, anlaşılmaz olmasa belə özlüyündə xüsusi xarakter əks etdirir. Bəlkə də Emma ərinə yalnız isterik anlarında xəyanət edirdi. Amma  bu fikir absurd səslənir.
Madam Bovarinin ölümündən sarsılan Şarl da çox keçmədən ölür və Berta yoxsulluq içində yaşamaq məcburiyyətində qalır. Əyalət qadınları həddən artıq sentimental olur və bunun cəzasını çəkirlər .