17 Ekim 2015 Cumartesi

Tanrının sığınacağında şamlar əriyəndə
müqəddəs ruh hələ əbədi bakirənin bətninə köçməmişdi.
İnsan arzuları hələ boz duman altında yox olmamışdı.
yoxsul ata ac övlad qarşısında çarəsiz qalmamışdı.
kainat bu qədər ümidsizləşməmişdi,
Hələ gələcək nəsillərin vəbadan, savaşdan xəbərləri yox idi,
hələ gələcək nəsillər dünyaya gəlməmişdi.
Məryəm ana günahsızlığını sübut etmək üçün
çarəsiz səbəblər axtarmırdı.
Şamlarsa ərimişdi, Tanrı insanı acizliyindən yaratdı.
Bütün nöqsanları insana köçürüb
özü müqəddəsləşdi və mil illərdir ki, insanlar
bu yalana inanırlar .
Əgər Zina günahdırsa demək Tanrı da günahkardır,
Əgər İsa Tanrının oğludursa demək Tanrı günah edib.
Bəşər övladları Tanrının günah simasıdır.
Bu səbəbə görə də xoşbəxtliyə həsrət qalıb .
Bakirə qadın hamilə qalanda,
Tanrı insanların ölüm planını hazırlayırdı.

Unudulmağım gəlir, Tanrı 
Yağış sənin göz yaşlarındırsa 
bəs onda Günəş nədir?
Bizim sabahlara ehtiyacımız yoxdur,
tənhaların yeganə dostu gecələrdir.
Bir də heç yağış görməyən ölkələr var,
arada onlar üçün də ağla Tanrı.
Sən insanın ancaq materialını yaratmısan.
O materialdansa ali varlıq yarandı.
Amma sən gecikmişdin.
Bəşər övladı səni qabaqlamışdı.
İncilin arxasında yazılmış rəqəmlərin,
hərflərin də sənə dəxli yoxdur.
5 yaşlı uşaqın nifrəti
sənin sevgindən daha səmimidir, Tanrı.
Bitir bu oyunu, yazıqdır adamlar.
Yeganə günahkar sənsən.
Sən bəşərin ilk sadist varlığısan.
Sən öz övladını öldürmüsən.
müqəddəs bakirəylə birləşib
insanları dolamısan.
sən yaratdığın varlıqdan övladını
qurban kəsməsini istəmisən,
adına sınaq qoymusan.
Hətta De Sad da belə qəddar sınaq etməzdi.
Daha böyümüşəm,nağıllara inanmıram,
çıx get Tanrı,
bax, elə bu gecədə
unudulmağım gəlir . . .

11 Ekim 2015 Pazar

Ayrılıq ölümə doğru atılan ilk addımdır.
Qovuşmamaqsa hələ yaşama ümididir.
Sevgili olmadan izdivac qurmaq bədbəxtlikdir.
Sevgili olaraq nigah qurmaqsa eşqin sonudur.
Dost olmaqla təsəlli tapmaqsa acizlikdir.
Yad adamlar biri-birini ömür boyu tanımadan sevə bilərmi?
Səfil şair mənə demişdi. Bütün ayrılıqlar eyni yola gedir.
Bütün sevgilər ehtirasdan, şəhvətdən yaranır.
Amma inan, mən səni heç vaxt ehtiraslı pozada düşünmədim.
Sən müqəddəs deyildin, mən səni müqəddəsləşdirmişdim.
Bu mürəkkəb söz yığını nəyə lazımdır, bilmirəm.
Mən cəsarətsiz adamam, sənə deməyə qorxduqlarımı
vərəqlərə yazıram, adına şeir deyirlər.
Eşq insanın özünü alçaltmasıdır,
anlayırsan ki, daha özünün deyilsən, özgəninsən.
Söylə bilim, sən kiminsən?