29 Ağustos 2015 Cumartesi

Dahiləri öldürən obrazlar

                                       

Tolstoy Anna Kareninanı öldürməsəydi, Anna Tolstoyu öldürərdi. Dünya ədəbiyyatında ölmüş obrazlar daha çox yadda qalıb. Nümunələr çoxdur. Məsələn, İrvinq Stounun “ Yaşamaq yanğısı ” əsərində Van Qoq qardaşları ölür. Visente van Qoq intihar edir. Teo isə bu dərdə dözməyib ölür. Əsəri oxumayan üçün məlumat verim ki, povest ölümündən sonra dünya şöhrəti qazanmış dahi holland rəssamı Visente van Qoqun həyat və yaradıcılığından bəhs edir. Qustav Floberin “ Madam Bovari” romanının sonunda da xanım Bovari ölür. Bovari ölməliydi ki, əri Şarl Rodolfun simasına baxanda arvadını xatırlasın. Onun baxışlarında nifrət varmı? Bu suala cavab tapmaq çətin məsələdir. O, alicənablığını qorumuşdu. Somerset Moemin “ Ay və qara qəpik” əsərində də belə nəcib obraz var. Stryov ona xəyanət edən qadınına son anadək alicənab münasibət göstərir. Xanım Blanşsa ölür. Balzakın “Qorio ata” əsərində Qorio ölməliydi. Bu cür möhtəşəm obrazlar ölməyə bilməz. Onlar öz zəngin mənəvi dünyaları ilə bu rəzil madd dünyada yaşaya bilməzlər, bu cür insanlara qocalıqdan ölmək yaraşmaz. Qorio ata qoca olsa da sadaladığım digər obrazlar gənclik və orta yaş həddinə çatanda ölürlər.
Düşünürəm, axı niyə bu obrazlar ölür, niyə bu ölümlər bir oxucu kimi məni sarsıdır, həm də düşündürür. Niyə mən madam Bovari Şarla xəyanət edəndə özümü Şarlın yerinə qoyuram. Ümumiyyətlə oxuduğum əsərlərdə özümü daha çox kədərli obrazların yerində görmüşəm. Əksər hallarda xoşbəxt obrazlar axmaq olurlar. İnsan təbiətində kədərə ehtiyac duyğusu var. Kədərsiz insan dünyanı dərk edə bilməz. Düzdür, Tolstoyun Anna Kareninadan daha dəyərli obrazları var. Bu haqda başqa yazılarda yazacam. Anna Kareninaın alicənab, nüfuzlu əri var. Floberin Madam Bovarisi ilə Tolstoyun Anna Kareninası, həmçinin Somerset Moemin Madam Blanş obrazları arasında kəskin bir oxşarlıq var. Hər üç qadın xəyanət edir. Hər üç qadının mədəni, nəcib əri var. Bəs niyə xəyanət edirlər? Kişi həddən artıq nəcib olanda qadın bezir, yorulur, sərt kişi arzulayır. Azərbaycanda alicənab kişini homoseksual hesab edirlər. Qadınlar dost olmağı bacarmır. Onlara qulaq yoldaşı lazımdır.
Başqa bir ölmüş obraz Nelli yadıma düşdü. Dostoyevskinin “ Alçaldılmış və təhqiredilmişlər” romanının qəhrəmanıdır. 13 yaşlı qız xoşbəxtliyə yaxınlaşanda, insanlar tərəfindən mərhəmət görəndə həyatla vidalaşır. Mənə elə gəlir ki, dünya ədəbiyyatının ən kədərli uşaq obrazlarını Dostoyevski yaradıb. Nestoçka Nezvanova obrazını çox sevirəm. Bu əsəri oxuyanda düşünmüşdüm, axı necə olur ki, qız atalığını doğma anasından daha çox sevir.
Bu obrazlar ölməsəydi yazıçılar özləri öləcəkdi, çünki belə ağır, kədərli obrazlar yaradandan sonra ya obrazı öldürməli, ya da özün ölməlisən.
P.S. Azərbaycan dilində neçə hərf, neçə səs olduğunu bilməyənlər bu yazıya görə də məni tənqid edəcəklər. Artıq öyrəşmişəm. Azərbaycanda səmimi insan tapmaq çətindir. Səmimi oxucu tapmaq daha çətindir. Gecdir daha, gedin yatın .


28 Ağustos 2015 Cuma

Satılmaqdan qorxanlar

İnsanlar standart həyat yaşayırlar. Dünyaya gəlir, baxçaya, məktəbə gedir, ağlı varsa universitetə qəbul olur, ağlı yoxdursa erkən yaşda izdivac qurur. Tələbə qızların ailə qurmasını axmaqlıq hesab edirəm. Əgər ərə gedəcəkdinsə universitetə niyə qəbul olurdun. Amma bir həqiqəti deyim ki, məqsədli şəkildə nüfuzlu universitetlərə qəbul olub bahalı ər axtaran qızlar da var.
Hər zaman fərqlənmək, şablon həyat tərzindən qaçmaq istəmişəm. Müxtəlif səbəblərim var. Ömür o qədər uzun deyil ki, həm məhəbbətə, həm də yaradıcılığa həsr edəsən. Bu cümləni Somerset Moemin “ Ay və qara qəpik ” əsərində oxumuşam. Ailə quran insanlara münasibətim mənfidir. Onlar standart məqsədlərə xidmət edirlər. Əksər insanların məqsədləri evlənmək, uşaq böyütmək, nəsil artırmaqdır. Bunu hamı bacarır. Bu sual ətrafında çox düşünmüşəm. Bir insanla uzun müddət birlikdə necə yaşamaq, eyni simanı nə qədər görmək olar? İnsan bu eynilikdən bezmirmi? İlk 2- 3 ildə cütlüklər xoşbəxt olur, sonrakı 1-2 ildə xoşbəxt görünməyə çalışır, növbəti illərdə xoşbəxt görünməyə çalışma cəhdləri iflasa uğrayır. İlk dəfə Cek Londonun “ Martin İden “ romanını oxuyarkən məhəbbət haqqındakı düşüncələrim darmadağın oldu. Martin İden obrazında öz məqsədlərimi tapmışdım. O da yazıçı olmaq istəyir. Heç bir qəzet, jurnal əsərlərini qəbul etmir. Gərgin iztirablara dözməyə məcbur olur. Zəngin ailənin qızını sevir. Ruf da onu başa düşmür. Martin İden kübar aləmin saxtakarlığına nifrət edir. Martin İdenin əzablı aclıq illərindən sonra əsərləri yüksək tirajlarla çap olunur. Yüksək məbləğdə qonorarlar alır. Onu rədd edən Ruf və ailəsi indi Martinə şəfqət dolu münasibət göstərirlər. Martinsə bu saxtakarlığına nifrətini bildirir. Azərbaycanda Martin İden tapmaq olarmı? Məncə hə. Amma bu ölkədə uzun illər Martin İden olmaq çətindir.  Ac olduğunu görüb səni satın alacaqlar. Martini şöhrətpərəstlikdən daha çox şöhrətə gedən yol maraqlandırır. Başqa bir nümunə də var. Milan Kunderanın “ Varlığın dözülmək yüngüllüyü ” əsərində Tomaş bütün məhrumiyyətlərə, alçaldıcı münasibətinə baxmayaq əqidəsindən dönmür. Çünki əmindir ki, düzgün yoldadır, satılmayan vicdana sahibdir. Gənc yazar dostlarımız aclığa, məhrumiyyətlərə dözməyib AYB kimi potensialsız, uğurlu  gələcək vəd etməyən quruma qoşuldular. Ümid edirlər ki, dövlət onlara ev, pul, fəxri fərman verəcək, bəlkə də verəcək. Lakin onlar öz azad mövqelərini itirəcəklər. İstədiklərini yaza bilməyəcək. Ayda bir dəfə Rəsul Rzanı, iki dəfə Anarı tərifləyəcəklər. Məcburdurlar. Mövzudan çox qaçdım. Azərbaycanda yaşayırsansa qaçmalısan. O qədər qaçmışıq ki, yazıda da hiss olunur.
Sveyqin novellalarını oxuyarkən qadınları qeyri – ciddi varlıqlar hesab etdim. Sentimental insan ciddi xarakterə sahib ola bilməz. Floberin “ Madam Bovari ” əsərində də qadın sentimentallığı, xüsusən də əyalət qadınlarının davranışı mükəmməl təsvir olunub. İnsan satılmağa məhkumdur. Çarəsiz xəstəliyə düçar olan ata, övladı aclıqdan ölən ana satılmaya bilməz. Nə bilim, bəlkə də satılmaqdan qorxduğum üçün nikahı sevmirəm .


27 Ağustos 2015 Perşembe

Şüurlu cəhalət

                                               

Nəcib Məhfuzun romanlarını   oxudum, maraqlı məqamlar var, amma insan elə zənn edir ki, kitabı hansısa hacı yazıb. Ciddi deyirəm. Salman Rüşdiyə " Şeytan ayələri " əsərinə görə nifrət bəsləyən Nəcib Məhfuz ölüm fitvasına qarşı da etirazını bildirmiş, yazıçının söz azadlığı məsələsini qabartmışdı. “Məhəllənin hekayətləri” əsərində mədrəsə təhsilinə etiraz motivi məni təsirləndirdi. 19 – cü yüzillikdəki Azərbaycanı xatırladım. Hətta 20 – ci əsrdə də mədrəsə təhsili qalmaqda idi. Savadlı insanlar mədrəsələrdən qaçırdılar. Savadsız azərbaycanlılar isə mədrəsə təhsili deyil, məktəb təhsili görsəydi xalqımız daha çox ziyalı qazanardı. Azərbaycan xalqının zurna – qaval mühitindən xilas ola bilməməsinin səbəbi sovet dönəmində yüzlərlə ziyalının sürgün edilməsi, öldürülməsidir.
Bilirəm, mövzudan yayındım. Amma Nəcib Məhfuzun yaradıcılığı ilə tanış olarkən hər şeydən öncə mədrəsə təhsilinə etiraz gördüm. Kəndlilərin silaha sarılıb imperializmə qarşı savaşa çıxmaları onu sevindirmişdi. Yazıçı, haqqında danışdığım romanda bu məsələyə xüsusi diqqət ayırıb. Misirdə qızların erkən yaşda ərə verilməsindən narazı olan yazar məntiqdən kənar köhnə xalq ənənələrinin kütləvi savadsızlığa yol açdığını bildirir. Romanda uşaqlar arasında mərc kəsilmə səhnəsi var. Obrazlardan biri mərc etdiyinə görə 10 ədəd acı bibər yeyir. Bəzən mən də uşaq olanda belə mənasız mərclər etmişəm. Lakin bir həqiqəti dərk edirəm ki, həmin mənasızlığa qayıtmaq üçün qarşıdakı mənalı illərimdən keçməyə hazıram. Gəlin, səmimi olaq və etiraf edək ki, uşaqlıq illərimizdə hamımız sevmişik və uğursuz eşq bizim üçün müəyyən müddətə qədər ciddi travmaya səbəb olub. Orta məktəbdə yaxşı oxumuşam. Başı eşq məsələlərinə qarışanlarsa həyatda heç bir uğur qazanmadılar. “  Məhəlləmizin hekayətləri ”ndə əsas qəhrəman uğursuz eşq yaşadığı üçün bəzi anlarda zahidlik həyatını arzulayır. Sevən insan həmişə narahatdır, şübhə qurdu həmişə beynini dağıdır, unudulmaqdan, satılmaqdan qorxur.
Seyyidə adlı qız elçilərə yox cavabı verir. İnsanlar şübhələnir, söz-söhbət yaymağa başlayırlar. Qızın atası bu dərdə dözməyib ölür. Ərəb yazıçı müsəlman xalqlarının savadsızlığının səbəbini göstərir. Hələ də inkişaf yoxdur. Ərəblərə maddi zənginliyi ona görə bəxş ediblər ki, mənəvi yoxsulluqlarının fərqinə varmasınlar.
Bütün münaqişələrin sülh yolu ilə həllini arzulayan Nəcib Məhfuz Misir ənənələrini pozaraq 43 yaşda evlənmişdir. Nəcib Məhfuz Nobel mükafatına layiq görülmüş ilk ərəb yazıçısıdır. Afrika mənşəli amerikalıların vətəndaş hüquqları uğrunda qeyri-zorakı yolla mübarizənin önündə gedən Martin Lüter Kinqin (1964-cü ildə Nobel Sülh mükafatına layiq görülmüşdü, bundan dörd il sonra o qətlə yetirilmişdi)  sözlərini xatırladım. . “Bu dünyada şüurlu cəhalətdən və axmaqlıqdan daha qorxulu şey yoxdur” Əminəm ki, müsəlmanların cəhaləti şüurludur. Onlar şüursuz olduqlarını dərk etsələr də tənbəlliklərinə görə bu bəladan xilas ola bilmir. Ağıllı insan ağıllı olmasından əmin olmadığı qədər axmaq adam axmaq olduğundan əmindir. Sadəcə tənbəllik edir. Ovcuna qoyulan hər şeyi rahatlıqla həzm edir. Hər növ nəticə ilə razılaşır. Ərəb şeyxləri cib dəsmallarını da qulluqçulara daşıtdırırlar.

Deyəsən, çox danışdım. 

24 Ağustos 2015 Pazartesi

Ağlaya və gülə bilməyən xalq

                                 
Azərbaycan xalqı ürəkdən sevinə bilmir. Sevinc duyğusunu unudub. Səbəblərdən biri kredit borclarıdır. Keçən həftə qonşumuz bu səbəbdən intihar etdi. Ölkəmizdə kredit faizləri çox yüksəkdir. İnkişaf səviyyəsinə görə Azərbaycandan dəfələrlə geridə qalan ölkələrdə kredit faizləri daha aşağıdır. Sual verə bilərsiz, kredit almağa məcburuq? Bəli məcburuq, çünki ya iş tapmırıq, ya da əmək haqqı yaşamaq üçün yetərli olmur. Ərzaq məhsullarının satış qiymətində artım müşahidə olunsa da əmək haqları artmır. Lakin 300 manat maaş alan adamın 30 minlik maşın sürdüyü ölkədə bu halları normal hesab etmək olar. Biz ayağımızı yorğana görə uzatmağı öyrənməmişik, əgər buna cəhd etsək yorğan belimizdə qalar. Bəs çıxış yolu nədədir? Heç özüm də bilmirəm. Dəfələrlə müşahidə etmişəm. Mövcud vəziyyətə aktiv formada etiraz edənlərin əlsəriyyəti rusdillilər və ya digər millətdən qarışığı olanlardır. Bu da təbii haldır, çünki onlar bizim kimi dözümlü xalq deyillər.
Nəinki sevinməyi, hətta  ağlamağı da bacarmırıq. Rusları bəyənmirik, deyirik ki, məzarlıqdan gəlib şərab içirlər, ingilisləri bəyənmirik, deyirik ki, məzarlığa kostyumda gedirlər, norveçliləri bəyənmirik, deyirik ki, məzarlıqda ağlamırlar. Özümüzü çox bəyənirik. Çünki dəfn zamanı şüvən arvadlar kimi mərsiyə deməyi, ağlamağı yaxşı bacarırıq.  Azərbaycanda qadınlar dəfn mərasimində iştirak etmirlər. Çünki mərsiyə oxuyur, özlərini daşa- divara çırpır, mənasız hərəkətlər edilər. İnsanın savadsızlığı həm də onun kədərə münasibətindən bəlli olur.
Keçən həftə məhəlləmizdə yas mərasimi keçirildi. Qadınlar çox çalışsalar da ağlaya bilmədilər. Məclisə mərsiyyə deyən gətirdilər. Qadın elə sözlər danışdı, elə ağlaşma qurdu ki, hamı ağladı. Həmin qonşum 30 minə atasına məzardaşı düzəltdirdi. 3 gün sonrasa qonşumuz Mirəziz dayı ciyər qanaxmasından öldü. Vaxtında əməliyyat olunsaydı yaşayardı. 20 min manat lazım idi. Xalqımız pulunu dirilərə yox, ölülərə xərcləyir. Yaşasın, 30 minlik ölülər. Biz ağlamağı da normal bacarmırıq.
Azərbaycanda 100 uşaqdan soruşsan ki, həyata niyə gəlmisən? 90 nəfər eyni cavabı verəcək. 
- Valideynlərimin sözünə baxmağa, anamın, atamın dediklərinə qulaq asmağa. 
Uşaqlara seçim şansı tanınmır. Valideynlər savadsız olduğuna görə övladlar da savadsızdır. Atalar və oğullar arasındakı oxşarlıq fərqlilikdən daha çoxdur.

Nicat Həşimzadə 

13 Ağustos 2015 Perşembe

Milli mənəvi dəyərlərimiz


Azərbaycan oxucusu "Bozun əlli çaları" nı, "On bir dəqiqə"ni oxuya bilər. Azərbaycan yazarının erotik romanınsa oxumaq olmaz. Hətta söymək, alçaltmaq da olar. Çünki Azərbaycan yazarının erotik əsər yazması milli mənəvi dəyərlərə ziddir.  Hansısa qızın arxasına göz dikmək, parkda tum çırtlamaq, eyvandan aşağı zibil atmaq, küçədə hündür səslə danışmaq, alt paltarını küçədən asmaq, azyaşlı uşaqların yanında siqaret çəkmək olar. Öz yazarımızın erotik əsərini oxumaqsa milli mənəvi dəyərlərə ziddir. Milli dəyərləri kim müəyyən edir? Bu dəyərlər bizə hansı müsbət keyfiyyətləri bəxş edib?
Bir yoldaşım deyirdi ki, Azərbaycan qızının əcnəbiyə ərə getməsi milli dəyərlərimizə ziddir. İnkişaf etmiş, intelekti ilə mövcudluğunu sübut etmiş xalqın nəcib bir nümayəndəsi xalqımızın qızını sevsə bu cür inanılmaz fədakarlığa görə həmin əcnəbiyə təşəkkür etməliyik.
Xalqın təfəkkürünü korlayan, darmadağın edən əsas nəsnələrdən biri də şifahi xalq ədəbiyyatı nümunələrimizdir. Dastanlarımız bərbad səviyyədədir. Zurna – qaval havası əks etdirir. Dədə Qorqud ud çalır, ayrandan, qatıqdan, gəlin-qayınana münasibətlərindən danışır. Koroğlu saz çalır, mahnı oxuyur, toylara gedir. Folklorumuzun ən geniş yayılmış nümunələrindən biri də əmək nəğmələridir. Bu millət iş gördüyü zaman da mahnı oxuyurmuş. İndi bildinizmi biz nə üçün zurna- qaval xalqıyıq. Eşq olsun bizə.
Müasir Azərbaycan gənci fərqli görünmək üçün özünü gicliyə qoyur. Əksər gənclər heç nəyi səmimi etmirlər. Olduqları kimi görünməkdən qorxub fərqlənmək eşqinə görə gic - gic hərəkətlər edirlər. Bunun səbəbkarı da milli mental dəyərlərimizin kasadlığıdır. Yadıma gəlir, orta məktəbdə bədən tərbiyəsi dərsinə çıxmağa çox şagird tənbəllik edərdi. Zalın pəncərəsindən tullanıb dərsdən qaçardılar.  Bədənimizi tərbiyə edə bilmədik, şüurumuzu necə tərbiyə edək ? 
İnsan elə bir varlıqdır ki, həmişə özündə olmayanı axtarır. Əksər adamların əxlaqlı kitablar axtarması da bu səbəbdən doğur. Həqiqətən də insanların əxlaqa ehtiyacı var. Məsələn onlar üçün Henri Miller və Markes dahi yazıçı deyil. sadəcə əxlaqsızdırlar.

3 Ağustos 2015 Pazartesi

Düşmən dahilərin mehriban qadınları

Dostoyevki ilə Lev Tostoy arasında çox münaqişələr yaşanıb. Lakin onlar heç zaman görüşməyiblər. Lev Tolstoyun qadını Sofiya Andreyevna Tolstoy dünyaya 19 övlad gətirmişdi. Onlardan 5- i erkən yaşlarda həyatla vidalaşsalar da Sofiya 14 övlad böyütmüşdü. Bundan əlavə “Hərb və sülh” kimi geniş həcmli əsərin 7 dəfə üzünü köçürtmüşdü. O, uşaqlarını səs-küy salmağa qoymurdu ki, əri rahatca işləyə bilsin. Həm də onlar arasında 17 yaş fərqi olub. Maraqlıdır ki, Tolstoy bu cür  qadından imtina edib. Dostoyevskinin türk xalqına qarşı münasibəti birmənalı olub. “Karamazov qardaşları” romanında müsəlmanları kafir adlandıran yazıçı “Ölü evindən qeydlər” əsərində türk qılıncının kəskinliyindən danışır. Tolstoy tərəfdarları Dostoyevskini savaşa meyilli yazıçı sayır, Tolstoyun sülhsevər mövqeyindən həvəslə danışırdılar. Onlar arasında paxıllıq münasibətləri var idi. Tolstoyun maddi həyatı qaydasında olub. Dostoyevskinin xanımı Anna Qriqoryevanın dili ilə desək Lev Tolstoy Turgenyev kimi təmin olunmuş yazıçılardan idi. Onun borcları, maddi problemləri olmayıb. Dostoyevski isə bütün həyatı boyu borc ödəyib, hətta borclarını tam ödəmədən öldü. Maddi qayğılarına görə Dostoyevski romanları tələsərək yazır, hətta təkrar oxumadan, düzəliş etmədən çapa göndərirdi.
Lev Tolstoy Dostoyeskinin dilini səliqəsiz hesab edir, romanlarında tələskənlik hiss olunduğunu yazır. Anna Qriqoryevanın gündəliyini oxuyarkən bu suallara cavab tapmaq olur. Tolstoy Etiraflar” ında mistik qüvvələri həqiqət saymadığını yazır. Dostoyevskinin əsərlərindəsə mistik yanaşmalar, ilahi qüvvələrə inam çoxdur. Tolstoy onun qəhrəmanlarını həddən artıq şişirdilmiş hesab edir. Dostoyevski daim təqib olunub. Məhkəmə hakimiyyətinə qarşı çıxışları onun sürgün olunmasına səbəb olub. Həm də əyyaşlıq və qumar həyatı onun sağlamlığına sağalmaz yaralar vurub. İki dahi yazıçı arasında mübahisəli məqamlar olmasına baxmayaraq onların qadınları rəfiqə olublar. Anna Qriqoryevna Sofiyaya çapetmə sənətinin sirlərini öyrədib. Dostoyevskinin əsərlərini çapa hazırlayan Anna Qriqoryevna bu prosesi Sofiyaya da öyrədib. Xanım Qriqoryevna gündəliyində yazır :
 - Mən əmin oldum ki, Sofiya dahi yazarımızın qoruyucu mələyidir.
Tolstoyun Staxova yazdığı məktubda Dostoyevski haqqında yüksək fikirlər var. Lakin Dostoyevski artıq həyatda deyildi. Yüksək fikirlərə görə Anna Qriqoryevna Tolstoya təşəkkür edir. Borclara görə romanları tələsərək yazan Dostoyevski buna görə çox üzülürdü. Bəzən etdiyi kiçik bir qüsur romanlarının ideyasını öldürürdü. Jurnallar onun təmin olunmamış, pula su kimi ehtiyacı olduğuna görə az qonorar ödəyirdilər.
Dostoyevski bədbəxt insan idi. Xoşbəxtlik hissi  ona yad idi.  Uşaqlığını sərxoş ata və xəstə anasının yanında keçirən Dostoyevskinin əksər əsərlərində  kədərli uşaq obrazları var. Dünya ədəbiyyatının ən kədərli uşaq obrazlarını məhz Dostoyevski yaradıb. Nümunə kimi “ Alçaldılmış və təhqiredilmiş insanlar” romanındakı Nelli, Nestoçka Nezvanova povestindəki Nestoçka obrazları dediklərimin əyani sübutudur.
Birinci yoldaşının və qızının ölümü onda əsəb gərginliyi yaratmışdı. Sonra sekretarıyla evlənən Dostoyevski yenidən borclara düşür və ömrünü qumarxanalarda keçirməyə məcbur olur.
Mən sizə o Dostoyevskidən danışdım ki, Sartr və Kamyu onu mənəvi ataları sayır, Nitşe isə onu həyatının sevinci, bəşəriyyətin nuru sayır. Bəşəriyyətin nurusa ciyər qanaxmasından öldü. Sibirdə yaşadığı sürgün illəri onun ciyərlərini məhv etmişdi. Nitşenin həyatımın sevinci adlandırdığı dahi yazıçı bütün həyatı boyu heç zaman xoşbəxt olmadı.

Nicat Həşimzadə 

1 Ağustos 2015 Cumartesi

şeirvari hekayəciyəz . . .
Gecənin sükutu qulaqlarıma pıçıldayır,
darıxmamaq ən dəhşətli bədbəxtlikdir,
darıxma səbəbi olmayan insan bədbəxtdir.
dünyanın sonuncu insanı evində tək qalanda da
külək qapını döyür
düşünürsən, kimdir gələn.
Uşağı yatmaq, gənci oyaq qalmaq böyüdür,
qocalar isə eyni ölçüdə qalırlar.
müxtəlif dildə sevən insanlar
eyni dildə ayrılırlar.
bir qadını ağlatmaq
bir kişini sevindirmək qədər asandır,
sükut dolu gecələrdə.
Bir adam var səkidə,
bax, uyuyur daş üstdə.
bəşər üçün ağlayana
ağlayacaq bir insan da qalmayıb.
Sənsən həmin tənha qoca,
dünyada səndən özgə kimsə qalmayıb.
ölümündən öncə bir rəsim çəkdirmək istəyirsən,
amma rəsmini çəkməyə bir kimsə yoxdur daha.
kişi bətnindən doğulanlar daha tez ölür bəlkə də,
bəlkə indi qadın belindən yaranır varlıqlar.
bəlkə daha yaranış olmayacaq.
dünya bizdə qonaq deyil,
biz dünyada qonağıq.
heç bir vicdansız belə qonaq qarşılamaz,
belə rəhimsizcə yola salmaz.
Həyat məktəbinin şagirdi
səni evdə unudurdu həmişə,
alnına yazılan " 2 " lər
taleyinə yazılıbmış, qoca.