2 Eylül 2014 Salı

Boşanma mədəniyyəti

    Səfalət içində ömür sürən gənc yazıçı məhrumiyyətlərdən usanmışdı. Bu səbəb onu intihara sövq edirdi. Lakin izlədiyi film düşüncələrini qarışdırdı. Yeni qərarlar qəbul etdi. Vicdanlı aşiq obrazı yaradaraq ərli qadınları yoldan çıxartmaq, pullarını mənimsəmək istədi. Bu işdə tək deyildi. Keçmişdə müğənnilik edən, sponsor tapa bilməyən yaşlı qadın ona bu işin sirlərini öyrədirdi.
    Nəhayət bir gün elit təbəqənin tədbirlərindən birində gənc yazıçı  məclisə dəvət olundu. Maddi imkanları bərbad halda olsa da kübar cəmiyyət istedadlı olduğunu düşünürdü. Hədəfə aldığı qadını rəqsə dəvət etdi. Baxışları ilə ovsunlamağa çalışdı. Qadın başını onun çiyninə söykəyəndə uğurundan həzz aldı. Qulaqlarına pıçıldayaraq şəhərin mərkəzindəki teatrın önündə görüş təklif etdi. Qadın gülümsəyərək razılaşdı. Bundan sonrakı işlər şantajçı qadının təcrübəsindən asılı olacaqdı. Sevgililər görüş məkanında görüşdülər. İlk görüş üçün həddən artıq səmimi görünürdülər. Gənc yazıçı ilk fürsətdəcə məşuqəsini öpməyi bacardı. Necə deyərlər qadının ürəyi qulaqlarında və dodaqlarında olur. Yaradıcı adamlar bu həqiqəti daha gözəl bilir.
  Sonra vidalaşdılar. Növbəti gün şantaşçı qadın ərli qadına anonim məktub göndərdi:
    -  Ərinizə xəyanət etdiyinizi, gənc məşuqunuzla sevişdiyinizi bilirəm. Məktubu gətirənə dərhal 300  avro ödəyin.
    Qadın məyus oldu. Həyəcandan sarsıldı. Axı kim idi onu şantaj edən? Əri bilsəydi şübhəsiz. ailə həyatı dağılacaqdı. Bəs 5 yaşlı qızı nə deyəcəkdi, anam atama xəyanət edib? Bu dəhşət olardı. Dərhal pulu göndərdi. Məşuqu olan qadınların hər zaman ehtiyatda pulu olur. Sonra şantajçı qadın tərəfindən izlənildi. Qaçmağa çalışsa da bacarmadı. Keçmiş müğənni hər addımda izləyirdi onu. Yazıçı məktub göndərdi:
    - Sabah səhər ərin işə getdikdən sonra keçən dəfəki məkana gəl. Gecikmə.
    Hazırlaşıb yola çıxdı. Şantajçı qadın yox idi, təəccübləndi. Rahatlıqla görüş yerinə çatdı. Təxminən 1 saatdan sonra sevgililərin qarşısından keçdi. Ərli qadın yenə də həyəcanlandı. Əsəbləri dözülməz həddə çatmışdı. Amma qaçıb uzaqlaşmadı. Olan olmuşdu. Bilirdi ki, bu dəfə də rüşvətsiz keçinə bilməyəcək. Bu dəfə keçmiş müğənni 500 avro qopara bildi. Yazıçı və Şantajçı qadın yenə də gəlirləri yarı böldülər.
      Üçüncü görüşdə əri də görüş yerinə gəldi. Sonra arvadından boşandı. Hadisələr sona çatdıqdan, qarşıya qoyulan məqsəd uğurla yekunlaşandan sonra qadının əri -  artıq keçmiş əri, Gənc məşuqu və şantajçı qadın qələbələrini zəfər nəğmələri və Bordo şərabıyla qeyd etdilər. Məlum oldu ki, ər uzun zamandır ki, xanımından boşanmaq istəyib, lakin lazımı bəhanələri olmayıb.
                                                                                          

Hiç yorum yok:

Yorum Gönder