5 Haziran 2015 Cuma

bütün ayrılıqlar sənə gedilən yoldur,
bütün yollar mənim tənhalıq tablom.
buludlar ilk öpüşümüzü dumana çevirəndə
sərha gəmisi 18 - ci gün susuzluqdan öləndə
yağış yerinə göydən yerə tüpürcək enəndə
nifrət özünə xurafatdan yuva quranda
gənc inqilabçı həbs olunanda
şəhər mərkəzindəki bina yananda da,
bəşər övladı öləndə, doğulanda da
mən hələ səni sevirdim .
qapının döyülməsi qulaqlarıma pıçıldayır
bütün ayrılıqlar sənə gedilən yoldu.
Nizami küçəsindəki bomuj da dünən
məndən şərab üçün pul istəyəndə
eyni sözləri dedi.
məktəbli uşaqlar əlifba bayramında,
müəllimlər mühazirə zamanında,
ölkə rəhbəri son çıxışında da
bu sözləri dedi,
bütün ayrılıqlar sənə gedilən yoldur,
gecə rəqqasələrinin fəzada süzməsi,
müdrik qocanın yalqızlıqdan ölməsi,
şəhərin son lapmasının sönməsi də
bu sözləri dedi,
bütün ayrılıqlar sənə gedilən yoldur,
hətta brend kostyum geyinən,
son model maşın sürən
Qarabağdan danışan şair də
bütün ayrılıqların sənə gedilən
yol olduğunu söylədi


Sartr ürəkbulandıran,
Çarlz qadın düşkünü,
Heminquey əyyaşdır,
Dostoyevski qumarbaz .
Dolaşıram dünyanı
səfil qocalar kimi
əslindəsə Rünöske
öldüyü bir yaşdayam.

Yaşım çatmayıb hələ
Cek London ölən yaşa.
Oruel unudub özün,
baş qoşubdur savaşa.
Tolstoy daha yazmır,
müasir oğlan olub,
saç saqqalın uzadıb,
Bərbərlik xərci yoxdu,
məndən borc pul istəyir.
Remark cərrahdır indi,
doğrayır xəstələri.
sənədini itirib,
getməyə yeri yoxdur,
Henrix Böldən danışma
qurşanıb siqaretə.
Ümid qalıb Millerə
o da yaman erotik.
Salman Rüşdi yaxşıdır,
amma gəlməz Bakıya,
fanatistlərdən qorxar.
Homer yaxşı oğlandır,
oxumaqdan kor olub.
Mövlanə də pis deyil,
Amma şərabdan uzaq.
Mopassan lap dəhşətdir,
gecələr evə gəlmir.
harda yatır bilinmir.
Həşimzadə yaxşıdır,
heç kimlə işi yoxdur,
yazır gic - gic şeirlər,
elə bilir, şairdir.

deyinmə qadın, daha bəsdir,
son savaşda anladım,
xoşbəxtlik sadəcə ehtimaldır.
həmişə özgələrə qismət olur
və düşünürsən
səadət başqalarıdır,
sən deyilsən,
mən deyiləm.
sənlə mən daha biz deyilik,
Nigah düz xətt kimi sonsuz deyil,
izdivac birgəlik deyil,
daha çox özgələşmək, unudulmaqdır.
yür kürə formasında deyil sanki,
əgər kainat çevrədirsə
onda məni hansı küncə sıxırlar,
hansı murdar qocaya görə döyülürəm ?
daha göyərçinlər də məktub daşımırlar,
qısalıb əzabların məsafəsi,
bir telefon zəngi qədər.
mən biletsiz bir səyyaham
həyat adlı qatarda,
son dayanacaqda qadın yoxdur,
sənsən sonuncu qadın.
baş qoşma, mənə qadın,
şair sözü fahişənin bakirəyəm
söyləməsi qədər etibarsızdır.
Nigah materiyanın uydurmasıdır,
yeni gicbəsər bəşər övladları
məcburən doğulduqlarından
xəbərsiz olurlar.
Zaman bizi də usandırdı, qadın.
ağaran saçlarımız bizə öyrətdi,
öyrətdi ki, eşq duyğu oyunu deyil,
adicə bir toxunuşdur,
bir fiziki təmasdır.
ona görə də etibarsızdır həyat,
unutqandır ürək.
daha ağlamağı da unutmuşuq.
bəzən insan ölməyə də tənbəllik edir,
bax, biz həmin tənbəl insanlarıq.
boş ver qadın, qocalmışam.
sevişməyi də unutmuşam.
özünə bir sevgili tap,
kişilər daha tez ölür, qadın.

Hiç yorum yok:

Yorum Gönder