1 Temmuz 2015 Çarşamba

Əyalət qadınları

                                           


Qustav Floberin  “ Madam Bovari ” si  dövrünün ən qalmaqallı əsəri hesab olunur. Əsərdə əyalət adətləri tənqid olunur. Madam Bovari mənim üçün sədaqətsizlik simvoludur. Onun təbiətində meşşan əxlaqı hiss olunur. Müsyo Bovari qadınının hər dəcəlliyinə dözür. Xəstəliyi dövründə ona dəstək olur. Həddən artıq sentimental olan Emma Şarlı görən an anlaşılmaz duyğular yaşayır. Onun izdivac təklifini qəbul edir. Nigahdan sonrasa seçimində yanıldığını düşünür. Madam Bovari daha kübar həyat arzulayır. Adətən belə qadınlar haqqında deyirlər:
  - İlk baxışdan sadiq qadına bənzəyir amma sonadək sədaqətli olcağından əmin olmaq olmaz.
Roman yazıldığı dövrdə Fransa ədəbiyyatı romantizmdən realizm ədəbi cərəyanına keçid mərhələsini yaşayırdı. Realist əsərlər insanlara daha çox kədər bəxş etdiyindən rahatlıqla həzm olunmurdu. Madam Bovari hər şeydən narazıdır, onun xoşbəxtliyi müvəqqətidir. Onun romantik ideyaları da kasaddır. Mən bu obrazı natamam qadın hesab edirəm. Evliliklərinin ilkin dönəmində Şarlla Emmanın həyatında hər şey qaydasındadır. Sonradan vəziyyət ciddi mənada dəyişir. Qadından ərinə qarşı biganə, təhqiredici münasibət başlayır. Arvadını sevən Şarl hər şeyə dözür. Oxuduğu sentimental eşq romanları Madam Bovarinin düşüncələrini qarışdırır. Şarlı da günahlandırmaq olar. Bəzi anlarda o da Emmaya qarşı laqeyd davranır. İş haqqındakı düşüncələr onun həyatını işğal edir. İlk zamanlarda ərinə qayğı göstərən, həvəslə qulluq edən Emma hansı səbəblərə görə ondan bezir. Ərinə sadiq qalmağa dəfələrlə cəhd etsə də heç nə alınmır. Emma ərindən nəvaziş almağa vərdiş etdiyi üçün davamlı olaraq bu qayğını gözləyir. Əyalət qanunlarından bezən Emma varlı ər arzusunda olduğu üçün Şarla ərə gedir. Lakin doktor Şarlın qazancı azalır. Bu, Emmada gərginlik yaradır. Madam Bovari öncə Leona aşiq olsa da, Leon başqa şəhərə köçür. Rodolf isə madamı şirin vədlərlə yoldan çıxararaq qadını özünə məftun edir.
Romanı konkret olaraq ərinə xəyanət edən qadının hekayəti kimi düşünmək düzgün olmaz. Əsərdə tacirlərin kələkbazlığı, kübar aləmin saxtakarlığı tənqid olunur, insanda məyusluq yaradan səbəblərə aydınlıq gətirilir. Emma həm də anadır, bir qadın kimi onun xəyanətini bəlkə də hansısa mənalarda anlamaq olar, lakin övladının atasına xəyanət edən qadına haqq qazandırmaq çox çətindir. Maddi qayğıları gündən -  günə ağırlaşan Bovari ailəsi borca düşürlər. Borc faizləri onları müflis edir. Madam Bovari ərinin xəbəri olmadan yüksək məbləğdə borc alır. Məhkəmə qərarına əsasən Bovarilərin daşınan əmlakı müsadirə olunur. Emma məşuqlarından yardım istəsə də heç biri ona yardım etmir. Romanın sonunda Emma intihara cəhd edir, ilk anda ona yardım etsələr də ölümü qarşısıalınmaz olur. Mənə maraqlı olan məsələlərdən biri Şarl Bovarinin arvadının ləyaqətsiz hərəkətlərindən xəbərdar olmamasıdır. Yəni ki, ərin qadından xəbəri yoxdur, ya da hər şeyi bilir, lakin susur. Bəs niyə susur? Müxtəlif səbəblər ola bilər. Bəlkə də alicənablığından susur. Arvadının etdiyi ən dözülməz hərəkətləri onun əsəb xəstəliyi ilə əlaqələndirən ər ona yenə də əvvəlki kimi şəfqətli münasibət göstərir. Emmanın ölümündən sonra məşuqla ərin görüşü baş tutur. Onlar arasındakı dialoqdan anlamaq olur ki,  Şarl arvadının xəyanətindən xəbərdardır. Hətta Rodolfun simasına baxarkən Emmanı xatırlayır və bu simaya sevdiyim qadının sevdiyi sima deyərək xitab edir .
Gəlin, əsas məsələyə diqqət edək. Madam Bovari niyə bu qədər üzgündür ? Onun məyusluğunun səbəbi nədir. Məncə onda zehni çatışmazlıq və yüksək sentimentallıq var. O, evdar qadındır və bu cansıxıcı mühit onda əsəb gərginliyi yaradır. Fərqliliklər həsrətində yaşayan Madam Bovarinin yeni eşqlər axtarışına səbəb olan məsələ elə budur. Ağlıma başqa nəsə gəlmir. Floberin Madam Bovari obrazı  Kamyunun Merso sürəti qədər gərgin, anlaşılmaz olmasa belə özlüyündə xüsusi xarakter əks etdirir. Bəlkə də Emma ərinə yalnız isterik anlarında xəyanət edirdi. Amma  bu fikir absurd səslənir.
Madam Bovarinin ölümündən sarsılan Şarl da çox keçmədən ölür və Berta yoxsulluq içində yaşamaq məcburiyyətində qalır. Əyalət qadınları həddən artıq sentimental olur və bunun cəzasını çəkirlər .

                                                                                                 

Hiç yorum yok:

Yorum Gönder