8 Mart 2015 Pazar

Sevginin iki övladı olur
ayrılıq və qısqanclıq.
Uğursuzluğun tək övladı olur,
Adı tənhalıq.
İnsan hələ kəşf olunmayıb,
qeyri- müəyyən varlıqdır.
Nigah qadının uydurmasıdır,
kişidən qisas almaq üçün.
pəncərədən həyətə baxıram,
kredit borcunu ödəməyə tələsən bağban
Çarmıxa çəkilən İsanı xatırladır.
Ərini ziyafətə səsləyən qadın
Həvvadır, Adəmi günaha sürükləyir
Vicdan məhbusunu gözləyən qadın,
Sonyadır, Raskolnikova sadiq qalır.
Evdən qaçan azyaşlı qız
Nellidir, babasını lənətlə yad edir.
Daş pilləkəndə uyuyan qoca
Şairdir, sükuta dalaraq
ölümünü gözləyir

səmada rəqs edən pəmbə buludlar,
sübut edir ki, gələcək keçmişə nəzərən dəyişir.
zaman kədərlə düz mütənasibdir.
xoşbəxtlik keçmiş zamanda yaşasa da
ümidlər gələcəyə səcdə edir.
və sonda heç bir zaman formasında dəyişməyən
ümidsizlik qalib gəlir



Hər gecə iki qədəh tənhalıq,
bir qədəh də ümid içirəm.
dörd qədəhlik ümidsizliyə çevrilir.
Pulun sayılmayan isim olduğunu deyən müəllim,
axı hardan biləsən ki, mənim üçün pul mücərrəddir,
varlığını duysam da toxuna bilmirəm.
Uğur qazanmaq üçün istinad nöqtəsinə ehtiyacım var.
Kapitalizm dünyasında yeganə istinad nöqtəsi puldur.
Yaşadığım məmləkət monopoliya dalğasında boğulur,
Dünən polislər 76 yaşlı qadını söyür,
yoxsul gənci döyürdülər.
Qədəhlərin sayını itirirəm,
bədbəxt ölkənin ölümünə içirəm.
Sabahdan şərab bahalaşacaq,
insan ucuzlaşacaq,
gözləmirəm sabahı ,
elə indi içirəm,
sonsuzadək sərxoş olub
ayılmamaq ümidiylə . . . .


Hiç yorum yok:

Yorum Gönder