24 Mart 2015 Salı

Şeyxin ehtiras mələyi ( hekayə )

                             

Arzuların ölümsüzlüyü məlum olanda məchulluğun  dərk  edilmə sahəsi azalır. 12 yaşlı qızın baxışlarından dünyaya nifrət oxunur. Uşaqlar evində yaşayır, ana nəvazişinə ehtiyac duyur.  Qız zorlanma hadisəsindən xəbərsizdir. Uşaqlar evinin müdiri kimsəsizlərin hesabına mədəsini böyüdərək vicdanını pəhrizdə saxlayır .
 Atası şeyx olub, siğəni Tanrının hökmü hesab edir, kəbindən sonra ehtirasın zirvəsinə çatırdı. Övladlarının sayını unutmuşdu. Avropaya səyahət edər, şeyx olduğunu unudar, qadınları məhəbbət rəqsinə dəvət etmədən dərhal yatağa atmaqdan həzz alardı. Saqqalı kişi qadın üçbucağında dünya həqiqətini axtararaq zülmətdə uyuyardı . Erməni konyakı ən çox sevdiyi içki növü idi. Qadın Həvva qədər hikkəli olsa da, Elledalı Yelena qədər günahsızdır. Savadsızlığı onu zindana qədər qovmuşdu.  Cadugər qadın ona söyləmişdi ki, şeyxin iradəsinə tabe olmamaq Tanrının lənətinə səbəb olmaq qədər qorxuludur. Qadın kəbini şeyxin deyil, Tanrının hökmü hesab edirdi. Etiraz etmək iqtidarında deyildi. Zifaf gecəsində şeyx qadına söyləmişdi :
- Mənim qadınım olmağı seçməklə cənnəti qazandın. Mənə bir oğul ver, əzizim. Şeyx günah toxumlarını müqəddəs bətinə tökəndə yeni bir oğulun deyil, qız övladının əsası qoyuldu. 9 ay sonra dünyaya qız övladı gəldi. Şeyx qəzəbləndi , bəlkə də 20 – dən çox qızı var idi. Dəqiq sayı bilmirdi. Ona qız övladı bəxş edən qadınları eyni bəhanə ilə boşamışdı. Pula hədsiz ehtiyac duyan kişilərə tapşırıq verirdi.
- İcazə verirəm, mənim qadınımı zorla, səni qızıla tutaram, yetər ki, boşanım.
Və beləcə şeyx azadlıq əldə edərdi. Qızın anasını orta yaşlı bir kişi zorlamaq istəyəndə qadın müqavimət göstərmiş, güldanı kişinin başında partlatmışdı. Sonra zindan həyatı yaşamalı oldu. Şeyx isə qadın ovunu davam etdirirdi. Şəhərdə söhbət dolaşırdı ki, bir qadın müğənni onun xəzinəsinin dadını gördükdən sonra xeyli məşhurluq qazanıb. Həmin gənc müğənni də müsahibə vermişdi :
 - Cavanlarda enerji yoxdur, qadını doydura bilmirlər, nə varsa qocalarda var.
Qadın həbsxana həyatına alışa bilmirdi. 12 yaşlı qız anasına yazdığı sonuncu məktubun məzmunu təxminən belə idi :
             Salam, ana. Necəsən ? Mənə görə narahat olma , hər şey yaxşıdır. Tərbiyəçilər bizə yaxşı baxırlar ( anasının narahat olmaması üçün belə yazıb ) . Dərslərimi yaxşı oxuyuram. Ana , keçən həftə eşitdim, tərbiyəçilər öz aralarında söhbət edirdilər ki, həbsxanalardakı qadınları fahişəlik etməyə məcbur edirlər. Fahişəlik nə deməkdir ? Ana, məktəbdə bir oğlan mənə bicbala dedi . Amma heç nə başa düşmədim. Bicbala nə sözdür ki ? Mənası nədir ? Darıxma ana, biz görüşəcəyik. Tanrı müqəddəsdir, mən onun ədalətinə, hökmünün qüdrətinə inanıram. Bağışla ana, məktubu bitirirəm . İndi müəlliməmiz gələcək. İstəmirəm sənə yazdıqlarımı kimsə görsün. Sağ ol, ana. Özünə yaxşı bax. ( Kağızda göz yaşlarının ləkəsi var idi )
Məktub sahibəsinə yetişmədi. Fahişəliyə məcbur edilən qadın qızının ləyaqətini düşündüyünə görə intihar etmişdi. Qız  heç zaman bilmədi ki, atası ölkənin ən nüfuzlu insanlarından biridir. Ömrü boyu atasının güldanla endirilən zərbədən sonra ölmüş kişi olduğuna inandı.         
 Şeyxin “müdrik” arzuları, “Tanrı sevigisi ”əsasında bu qız, kimsəsiz qalan sonuncu qız olmayacaqdı.  Bir neçə ildən sonra şeyx də həyatla vidalaşdı. Cümə axşamı mərasimində avara bir gənc molladan soruşdu :
- Molla əmi, qiyamət günü olacaq ?
- Bəli, oğlum olacaq.
- Molla əmi, qiyamət günü ölülər diriləcək ?
- hə, oğlum .
-Molla əmi, bəs şeyx də diriləcək.
- Bəli , diriləcək.

- Eh , molla əmi, bax, gördün ki,  Tanrıya inanmamaqda haqlıyam . . 

Hiç yorum yok:

Yorum Gönder