30 Nisan 2015 Perşembe

o sonuncu təbəssüm 
sənin tükənən sevgin,
mənim yeni sevgili axtarışım idi. 
o sonuncu sevişmə 
bəşərin kədərinə hamilə qaldı,
sərxoş dünya küçələşdi
o sonuncu pıçıltıdan
bətninə enən həyat
mənim ölüm hökmüm idi.
o sonuncu gecə
Afrodita kor şair Homerin ayaqlarını yuyanda
sən ruhumda əriyib toza çevrildin.
o sonuncu həbs
məni zindana aparanda
son dəfə tənhalaşdım.
əlin əlimə dəymədən,
dodağın dodağıma toxunmadan
qucaqlaşmadan sadəcə baxışlarla sevişmək
unudulmağını gecikdirdi, amma sadəcə gecikdirdi
çox da işə yaramadı.
O sonuncu şənlikdə
Dionis şərab süzməyi unutmuş,
Hermes silahdaşlarını satmışdı
o sonuncu gecədə
həyat davam etmirdi, heç ölmürdü də
sadəcə əbədi olmayan ömrümdə
müvəqqəti sükuta dalmışdı



yoxluğuna ağlayan bir qadının yoxdursa
yaşamağın bir heçdir,
bir qadının simasında təbəssüm ola bilmirsənsə
həyat əfsanədir.
bir qadının əzablarını anlaya bilmirsənsə
oxuduğun yüzlərlə kitab mənasızdır.
xoşbəxt olmaq haqqın bir qadından aslı deyilsə
bəşərin zərrə qədər də dəyəri yox gözündə.
bir qadına sevgin ayrılıqla deyil qovuşmaqla başlayırsa
bu sevginin qüdrətinə bel bağlama.
çərənləmə gecə vaxtı, qüssə çəkib zarıldama
özünü öymə, göyə çox dırmaşsan da unutma ki,
bir qadının vaginasından çıxmısan.
təbiət ədalətsizdir kişilərə qarşı.
bu səbəbə görə də Addəmlər Həvvalardan
itirilmiş cənnətin qisasını alırlar .


bu gün həyat məndən küsdü, mən də ölkədən
belə küsmək hələ görülməmişdi.
dünya hələ belə söyülməmişdi.
ümidlər beləcə döyülməmişdi.
bu zamana qədər bəşər övladı
kədərlə beləcə öpüşməmişdi.
bu gün bir əsgər öldü, gözlənilmədən
bir tərəf üzüldü, bir tərəf güldü.
ailəsi yas qurdu, ağladı xeyli
bu gün bir ulduz söndü, qəmə bataraq
bir tale tərsinə döndü bu axşam
bu Ulduz əsgərin sevgilisiydi.
dul qaldı qəhrəman əsgər qadını.
bu gün düşmən əsgər qəhrəman oldu.
açdığı atəşdən insan ölmüşdü.
dəyişir insanlar, ölür ümidlər
fərqi nə , düşməndi ya da dostundu.
bir cana qıyırlar səbəb bilmədən.
sabah o tərəfdən əsgər öləcək.
bu günü unudan həmin dul qadın
ərinin qatili ölübdür deyə
kədərin unudub büsat quracaq.
hələ neçə canlar öləcək görən
nə qədər qadınlar dul qalacaqdır,
həyatdan həzz alan, ürəkdən gülən ,
sabahkı savaşda vurulacaqdır.

Hiç yorum yok:

Yorum Gönder