8 Kasım 2015 Pazar

Hər kişi ölümündə bir qadın ətri var,
bəzən tünd, bəzən şirin qoxulu. 
Tünd qoxulu qadınlar daha erkən öldürür,
qəzəbli baxışlarını üzünə zillləyərək 
nifrət tüpürcəyi ilə səni məhv edir.
Şirin qoxulu qadınlar daha möhtəşəm, cazibədar olurlar.
parlaq gözlərini gözlərinə zilləyib gülümsəyərək
tənəzzülündən həzz alma saatını uzadaraq öldürür.
Öləndə də adam kimi öləsən,
it kimi gəbərmədən, saqqız kimi çeynənmədən.
Hər uşaq ölümündə bir hakimiyyət arzusu gizlənir,
hakimiyyəti kişilər təşkil edir.
Həmin kişilər də hansısa tünd ya şirin qoxulu qadınları təmsil edirlər.
Buludlar kişilərin axmayan göz yaşları,
axan yağışsa qadın sevgiləridir.
amma bu misraların söhbətə dəxli yoxdur,
bağışla dostum, bugün doğum günümdür,
yəqin bir az sərxoşam .
Tanrının cinsiyyəti bəlli deyl.
Bəşər övladı cinsiyyətini bilmədiyi varlığa inanır,
məhəlləmizdəsə İlkini döyərək öldürdülər.
Trans olduğuna görə.
Bəlkə insan hələ ibtidailikdən xilas ola bilməyib.
Bəlkə zamanı da saxtalaşdırıblar.
Şirin qoxulu qadınlardan hər şey gözləmək olar.
Şirin qoxulu qadınların sevgisi zəhər olur,
tünd qoxulu qadınlarsa həqiqətin özüdür.
Onlar həyata bənzəyirlər,
səhvləri bağışlamadan insan qanıyla qidalanırlar.
Dünən bir qız doğuldu, saçları qırmızıydı, zamanla o da
sarışın, şirin qoxulu qadına çevrilib
mərhəmətli bir kişini öldürəcək.
Həyat belədir, dostum.
İsmayıl, bilirəm ki, sərxoşsan, amma yatma ,dinlə məni
Bax içdiyimiz zəhəri də bizə hansısa bir qadın gətirib,
əgər sərxoş olmasaydım ətrini duyardım.
amma bəlkə də bu, ətirsiz qadınlardandır.
Yoxsul qadınların bahalı, ölümcül ətirləri olmur, İsmayıl . .

Hiç yorum yok:

Yorum Gönder