8 Kasım 2015 Pazar

Altından qalın qara xətt çəkilən cümlələr daha tez unudulur,müəllimə
fədakar insanlar erkən öldüyü kimi.
isim təkcə insanların adını yox, nüfuzunu da bildirir.
yiyəlik hal ancaq zəngin insanlara məxsuzdur.
yoxsullar ismin yönsüz halında olurlar, müəllimə.
ac insanın ürəyində fellər təsriflənmir.
Məsdər heç vaxt azad olmur, şəkilçisin ata bilmir.
Sifət təkcə əlamət, keyfiyyət yox,
həm də əlamətsizlik, keyfiyyətsizlik göstərir.
Sifət 2 cür olur müəllimə. Ağ və qara sifətlər.
fel təkcə hərəkət yox, həm də taqətsizlik bildirir.
İnkar zəngin təsdiq qarşısında ikinci dərəcəli üzv olur, müəllimə,
sən anlamazsan müəllimə. İsim nədir, fel nədir,
sən heç zaman anlamazsan, ikinci dərəcəli üzv nədir, necədir, necə deyil?
Tabeli mürəkkəb cümlə sadə həyata həsrət qaldığı üçün tabelidir.
Tabesiz isə özü də bilmir, nə istəyir. Axmaq şair həyatına bənzəyir.
Müəllimə mənim üçün say miqdardan daha çox sıranı ifadə edir,
çünki ömrüm növbələrdə çürüdü. Səndən sonrakı zəngin insan üçün
növbə anlayışı yoxdur, müəllimə.
müəllimə təsirsiz fellər ac insanlardır. Onların həqiqətləri dəyişmə gücü yoxdur,
bu səbəbə görə də təsirsizdirlər.
Get yat, müəllimə. nə olsun ki, təhsilin var,
həyat haqqında anlayışın yoxdur, müəllimə.
Müsəlman qadınlarının 0 nöqtəsində qalmısan.
qızların sünnət olunmasına susub
Cəfər Cabbarlının Sevil obrazının cəsarətli olduğunu deyirsən.
get yat müəllimə, 1 ay beynini satsan da
vücudunu satan fahişə səndən daha çox qazanır.
Saq ol, get yat,
vaxtın olanda özünə hörmət edərsən .



Tanrının sığınacağında şamlar əriyəndə
müqəddəs ruh hələ əbədi bakirənin bətninə köçməmişdi.
İnsan arzuları hələ boz duman altında yox olmamışdı.
yoxsul ata ac övlad qarşısında çarəsiz qalmamışdı.
kainat bu qədər ümidsizləşməmişdi,
Hələ gələcək nəsillərin vəbadan, savaşdan xəbərləri yox idi,
hələ gələcək nəsillər dünyaya gəlməmişdi.
Məryəm ana günahsızlığını sübut etmək üçün
çarəsiz səbəblər axtarmırdı.
Şamlarsa ərimişdi, Tanrı insanı acizliyindən yaratdı.
Bütün nöqsanları insana köçürüb
özü müqəddəsləşdi və min illərdir ki, insanlar
bu yalana inanırlar .
Əgər Zina günahdırsa demək Tanrı da günahkardır,
Əgər İsa Tanrının oğludursa demək Tanrı günah edib.
Bəşər övladları Tanrının günah simasıdır.
Bu səbəbə görə də xoşbəxtliyə həsrət qalıb .
Bakirə qadın hamilə qalanda,
Tanrı insanların ölüm planını hazırlayırdı.


Bilirsən, mən bir az dəlisov adamam,
harda, nə zaman nə edəcəyim bəlli deyil,
Bəzən dalaşqanam, bəzən səbirli.
Hətta bəzən mənasızlaşmağı da bacarıram,
arada şeir yazıram, bəzən də hekayə,
sərxoş olanda dahi olduğumu zənn edir,
ayılanda bacarıqsızlığımın əzabını çəkirəm.
bəzən həssas oluram, bəzən soyuqqanlı,
amma bunların əhəmiyyəti yoxdur,
ən böyük həqiqət mənim yoxsulluğumdur.
unudulmaqdan qorxuram, tənha olmadığım anlardasa
gərginləşirəm.
özümü anlamıram. insan təbiəti ziddiyətlidir.
Uşaq olanda tanrı olmaq istəyirdim,
İbtidai sinif şagirdi olanda müəllimin
böyüyəndə nə olacaqsan sualına tanrı cavabı vermişdim.
Düşünürdüm ki, Tanrı olmaq istəməyən insan böyüyə bilməz.
Amma böyüyə bilmədim, məmləkətim məni əzdi, parçaladı.
zərrə-zərrə çürüyürəm, misqal- misqal əriyirəm,
sevdiyim, bir ömür mənlə birgə çürüməyə razısan?


bir noyabr gecəsi içimdəki sükut üsyan edərkən, sən bir az da sonsuzlaşırsan. mən qoca yazarın ölümündə öz məğlubiyyətimi gördüm, köhnə kilsə pilləkənində atamın yeni ayaqqabıları köhnə görünürdü. O zaman anladım ki, atam qocalmayıb, sadəcə köhnəlib. Atam mənə öyrətmişdi ki, yoxsul gənclər ağıllı olmağa daha çox məcburdurlar. bir noyabr gecəsi, yağış damcıları pəncərə şüşəsiylə öpüşür, öpüş ləkələrini silir yağış, küçənizdəki addım izlərimi yuyur. yağış keçmişin qatilidir. sevdiyim, yağışda romantika yoxdur, romantik nağıllara inanma. yağışda erotika var. küçədən evə qaçan sevgililər qucaqlaşırlar, əxlaqsız səslənməsin deyə buna romantika deyirlər, gör, necə də riyakardılar. Bu səbəbə görə məni sevmir qadınlar, axmaq eşq sözləri söyləməyi bacarmıram. İnan hələ gec deyil, tələs məni tərk etməyə . . .

Hiç yorum yok:

Yorum Gönder