9 Kasım 2015 Pazartesi

Mənə bir az həyat ver,
ölümdən uzaq, sevgiyə yaxın,
kədərdən uzaq, sevincə yaxın.
mənə bir az həyat ver.
xəyanəti unutsun,
sədaqətdən danışsın.
mənə bir az həyat ver,
savaşdan uzaq, sülhə yaxın,
mənə elə həyat ver ki,
bütün sevgilər qarşılıqlı,
bütün nifrətlər təktərəfli olsun.
elə həyat ki, 70 yaşlı qarı
7 yaşlı qız qədər səmimi olsun.
mənə bir az həyat ver,
bahalı viskilər ucuz olsun ,
bahalı siqar həsrətində olmayaq.
satılan hər şey ucuz,
satılmayan hər şey
yetkin qızın ilk sevgisi
qədər baha olsun.
elə həyat ver ki, ölümsüz olum,
hansısa təşkilatçı qızın düşündüyü
tədbirdə axmaq rollar oynamadan,
cəsur olub bağıraraq eşq nəğmələri oxuyum.
Mənə bir az həyat ver,
ölkələr sərhədsiz, körpələr qəhərsiz olsun,
amma şam yeməkləri
viski dolu qədəhlərsiz olmasın.
mənə bir az həyat ver,
senaristi, rejissoru, aktyoru özüm olum,
bir kimsəyə inanmadan, özüm özümü sevim.
bahalı smokinqlər, fransız ətirləri satılmasın,
yoxsul tələbələr brend markalar həsrətində olmasın,
gənc ailələr rütubətli otaqlarda kirələrdə qalmasın.
mənə bir az həyat ver,
ölümdən uzaq, sevgiyə yaxın..

Hiç yorum yok:

Yorum Gönder