24 Ağustos 2015 Pazartesi

Ağlaya və gülə bilməyən xalq

                                 
Azərbaycan xalqı ürəkdən sevinə bilmir. Sevinc duyğusunu unudub. Səbəblərdən biri kredit borclarıdır. Keçən həftə qonşumuz bu səbəbdən intihar etdi. Ölkəmizdə kredit faizləri çox yüksəkdir. İnkişaf səviyyəsinə görə Azərbaycandan dəfələrlə geridə qalan ölkələrdə kredit faizləri daha aşağıdır. Sual verə bilərsiz, kredit almağa məcburuq? Bəli məcburuq, çünki ya iş tapmırıq, ya da əmək haqqı yaşamaq üçün yetərli olmur. Ərzaq məhsullarının satış qiymətində artım müşahidə olunsa da əmək haqları artmır. Lakin 300 manat maaş alan adamın 30 minlik maşın sürdüyü ölkədə bu halları normal hesab etmək olar. Biz ayağımızı yorğana görə uzatmağı öyrənməmişik, əgər buna cəhd etsək yorğan belimizdə qalar. Bəs çıxış yolu nədədir? Heç özüm də bilmirəm. Dəfələrlə müşahidə etmişəm. Mövcud vəziyyətə aktiv formada etiraz edənlərin əlsəriyyəti rusdillilər və ya digər millətdən qarışığı olanlardır. Bu da təbii haldır, çünki onlar bizim kimi dözümlü xalq deyillər.
Nəinki sevinməyi, hətta  ağlamağı da bacarmırıq. Rusları bəyənmirik, deyirik ki, məzarlıqdan gəlib şərab içirlər, ingilisləri bəyənmirik, deyirik ki, məzarlığa kostyumda gedirlər, norveçliləri bəyənmirik, deyirik ki, məzarlıqda ağlamırlar. Özümüzü çox bəyənirik. Çünki dəfn zamanı şüvən arvadlar kimi mərsiyə deməyi, ağlamağı yaxşı bacarırıq.  Azərbaycanda qadınlar dəfn mərasimində iştirak etmirlər. Çünki mərsiyə oxuyur, özlərini daşa- divara çırpır, mənasız hərəkətlər edilər. İnsanın savadsızlığı həm də onun kədərə münasibətindən bəlli olur.
Keçən həftə məhəlləmizdə yas mərasimi keçirildi. Qadınlar çox çalışsalar da ağlaya bilmədilər. Məclisə mərsiyyə deyən gətirdilər. Qadın elə sözlər danışdı, elə ağlaşma qurdu ki, hamı ağladı. Həmin qonşum 30 minə atasına məzardaşı düzəltdirdi. 3 gün sonrasa qonşumuz Mirəziz dayı ciyər qanaxmasından öldü. Vaxtında əməliyyat olunsaydı yaşayardı. 20 min manat lazım idi. Xalqımız pulunu dirilərə yox, ölülərə xərcləyir. Yaşasın, 30 minlik ölülər. Biz ağlamağı da normal bacarmırıq.
Azərbaycanda 100 uşaqdan soruşsan ki, həyata niyə gəlmisən? 90 nəfər eyni cavabı verəcək. 
- Valideynlərimin sözünə baxmağa, anamın, atamın dediklərinə qulaq asmağa. 
Uşaqlara seçim şansı tanınmır. Valideynlər savadsız olduğuna görə övladlar da savadsızdır. Atalar və oğullar arasındakı oxşarlıq fərqlilikdən daha çoxdur.

Nicat Həşimzadə 

Hiç yorum yok:

Yorum Gönder