29 Ağustos 2015 Cumartesi

Dahiləri öldürən obrazlar

                                       

Tolstoy Anna Kareninanı öldürməsəydi, Anna Tolstoyu öldürərdi. Dünya ədəbiyyatında ölmüş obrazlar daha çox yadda qalıb. Nümunələr çoxdur. Məsələn, İrvinq Stounun “ Yaşamaq yanğısı ” əsərində Van Qoq qardaşları ölür. Visente van Qoq intihar edir. Teo isə bu dərdə dözməyib ölür. Əsəri oxumayan üçün məlumat verim ki, povest ölümündən sonra dünya şöhrəti qazanmış dahi holland rəssamı Visente van Qoqun həyat və yaradıcılığından bəhs edir. Qustav Floberin “ Madam Bovari” romanının sonunda da xanım Bovari ölür. Bovari ölməliydi ki, əri Şarl Rodolfun simasına baxanda arvadını xatırlasın. Onun baxışlarında nifrət varmı? Bu suala cavab tapmaq çətin məsələdir. O, alicənablığını qorumuşdu. Somerset Moemin “ Ay və qara qəpik” əsərində də belə nəcib obraz var. Stryov ona xəyanət edən qadınına son anadək alicənab münasibət göstərir. Xanım Blanşsa ölür. Balzakın “Qorio ata” əsərində Qorio ölməliydi. Bu cür möhtəşəm obrazlar ölməyə bilməz. Onlar öz zəngin mənəvi dünyaları ilə bu rəzil madd dünyada yaşaya bilməzlər, bu cür insanlara qocalıqdan ölmək yaraşmaz. Qorio ata qoca olsa da sadaladığım digər obrazlar gənclik və orta yaş həddinə çatanda ölürlər.
Düşünürəm, axı niyə bu obrazlar ölür, niyə bu ölümlər bir oxucu kimi məni sarsıdır, həm də düşündürür. Niyə mən madam Bovari Şarla xəyanət edəndə özümü Şarlın yerinə qoyuram. Ümumiyyətlə oxuduğum əsərlərdə özümü daha çox kədərli obrazların yerində görmüşəm. Əksər hallarda xoşbəxt obrazlar axmaq olurlar. İnsan təbiətində kədərə ehtiyac duyğusu var. Kədərsiz insan dünyanı dərk edə bilməz. Düzdür, Tolstoyun Anna Kareninadan daha dəyərli obrazları var. Bu haqda başqa yazılarda yazacam. Anna Kareninaın alicənab, nüfuzlu əri var. Floberin Madam Bovarisi ilə Tolstoyun Anna Kareninası, həmçinin Somerset Moemin Madam Blanş obrazları arasında kəskin bir oxşarlıq var. Hər üç qadın xəyanət edir. Hər üç qadının mədəni, nəcib əri var. Bəs niyə xəyanət edirlər? Kişi həddən artıq nəcib olanda qadın bezir, yorulur, sərt kişi arzulayır. Azərbaycanda alicənab kişini homoseksual hesab edirlər. Qadınlar dost olmağı bacarmır. Onlara qulaq yoldaşı lazımdır.
Başqa bir ölmüş obraz Nelli yadıma düşdü. Dostoyevskinin “ Alçaldılmış və təhqiredilmişlər” romanının qəhrəmanıdır. 13 yaşlı qız xoşbəxtliyə yaxınlaşanda, insanlar tərəfindən mərhəmət görəndə həyatla vidalaşır. Mənə elə gəlir ki, dünya ədəbiyyatının ən kədərli uşaq obrazlarını Dostoyevski yaradıb. Nestoçka Nezvanova obrazını çox sevirəm. Bu əsəri oxuyanda düşünmüşdüm, axı necə olur ki, qız atalığını doğma anasından daha çox sevir.
Bu obrazlar ölməsəydi yazıçılar özləri öləcəkdi, çünki belə ağır, kədərli obrazlar yaradandan sonra ya obrazı öldürməli, ya da özün ölməlisən.
P.S. Azərbaycan dilində neçə hərf, neçə səs olduğunu bilməyənlər bu yazıya görə də məni tənqid edəcəklər. Artıq öyrəşmişəm. Azərbaycanda səmimi insan tapmaq çətindir. Səmimi oxucu tapmaq daha çətindir. Gecdir daha, gedin yatın .


Hiç yorum yok:

Yorum Gönder