27 Ağustos 2015 Perşembe

Şüurlu cəhalət

                                               

Nəcib Məhfuzun romanlarını   oxudum, maraqlı məqamlar var, amma insan elə zənn edir ki, kitabı hansısa hacı yazıb. Ciddi deyirəm. Salman Rüşdiyə " Şeytan ayələri " əsərinə görə nifrət bəsləyən Nəcib Məhfuz ölüm fitvasına qarşı da etirazını bildirmiş, yazıçının söz azadlığı məsələsini qabartmışdı. “Məhəllənin hekayətləri” əsərində mədrəsə təhsilinə etiraz motivi məni təsirləndirdi. 19 – cü yüzillikdəki Azərbaycanı xatırladım. Hətta 20 – ci əsrdə də mədrəsə təhsili qalmaqda idi. Savadlı insanlar mədrəsələrdən qaçırdılar. Savadsız azərbaycanlılar isə mədrəsə təhsili deyil, məktəb təhsili görsəydi xalqımız daha çox ziyalı qazanardı. Azərbaycan xalqının zurna – qaval mühitindən xilas ola bilməməsinin səbəbi sovet dönəmində yüzlərlə ziyalının sürgün edilməsi, öldürülməsidir.
Bilirəm, mövzudan yayındım. Amma Nəcib Məhfuzun yaradıcılığı ilə tanış olarkən hər şeydən öncə mədrəsə təhsilinə etiraz gördüm. Kəndlilərin silaha sarılıb imperializmə qarşı savaşa çıxmaları onu sevindirmişdi. Yazıçı, haqqında danışdığım romanda bu məsələyə xüsusi diqqət ayırıb. Misirdə qızların erkən yaşda ərə verilməsindən narazı olan yazar məntiqdən kənar köhnə xalq ənənələrinin kütləvi savadsızlığa yol açdığını bildirir. Romanda uşaqlar arasında mərc kəsilmə səhnəsi var. Obrazlardan biri mərc etdiyinə görə 10 ədəd acı bibər yeyir. Bəzən mən də uşaq olanda belə mənasız mərclər etmişəm. Lakin bir həqiqəti dərk edirəm ki, həmin mənasızlığa qayıtmaq üçün qarşıdakı mənalı illərimdən keçməyə hazıram. Gəlin, səmimi olaq və etiraf edək ki, uşaqlıq illərimizdə hamımız sevmişik və uğursuz eşq bizim üçün müəyyən müddətə qədər ciddi travmaya səbəb olub. Orta məktəbdə yaxşı oxumuşam. Başı eşq məsələlərinə qarışanlarsa həyatda heç bir uğur qazanmadılar. “  Məhəlləmizin hekayətləri ”ndə əsas qəhrəman uğursuz eşq yaşadığı üçün bəzi anlarda zahidlik həyatını arzulayır. Sevən insan həmişə narahatdır, şübhə qurdu həmişə beynini dağıdır, unudulmaqdan, satılmaqdan qorxur.
Seyyidə adlı qız elçilərə yox cavabı verir. İnsanlar şübhələnir, söz-söhbət yaymağa başlayırlar. Qızın atası bu dərdə dözməyib ölür. Ərəb yazıçı müsəlman xalqlarının savadsızlığının səbəbini göstərir. Hələ də inkişaf yoxdur. Ərəblərə maddi zənginliyi ona görə bəxş ediblər ki, mənəvi yoxsulluqlarının fərqinə varmasınlar.
Bütün münaqişələrin sülh yolu ilə həllini arzulayan Nəcib Məhfuz Misir ənənələrini pozaraq 43 yaşda evlənmişdir. Nəcib Məhfuz Nobel mükafatına layiq görülmüş ilk ərəb yazıçısıdır. Afrika mənşəli amerikalıların vətəndaş hüquqları uğrunda qeyri-zorakı yolla mübarizənin önündə gedən Martin Lüter Kinqin (1964-cü ildə Nobel Sülh mükafatına layiq görülmüşdü, bundan dörd il sonra o qətlə yetirilmişdi)  sözlərini xatırladım. . “Bu dünyada şüurlu cəhalətdən və axmaqlıqdan daha qorxulu şey yoxdur” Əminəm ki, müsəlmanların cəhaləti şüurludur. Onlar şüursuz olduqlarını dərk etsələr də tənbəlliklərinə görə bu bəladan xilas ola bilmir. Ağıllı insan ağıllı olmasından əmin olmadığı qədər axmaq adam axmaq olduğundan əmindir. Sadəcə tənbəllik edir. Ovcuna qoyulan hər şeyi rahatlıqla həzm edir. Hər növ nəticə ilə razılaşır. Ərəb şeyxləri cib dəsmallarını da qulluqçulara daşıtdırırlar.

Deyəsən, çox danışdım. 

Hiç yorum yok:

Yorum Gönder