5 Ocak 2015 Pazartesi

sinoptiklər yenə yalan danışır

Sinoptiklər növbəti gün üçün proqnoz verir,
sənsizlik küləyi sabah da ruhumda əsəcək,
hər gün yeni xəbər oxuyan qısa ətəkli qız
ömründə ilk dəfə həqiqəti deyəcək,
Taleyimdəki sükut bir daha pozulmayacaq.
Küçə fahişəsinin çəkdiyi siqaretin burulğanı
bar köşəsinə son arzumu yazacaq.
Vətəndən qovulan didərdin şair,
keçmişimi qələmində daşıyacaq,
ağ vərəqlərə yazılan əzablarım,
bəşər övladının ilk tənhalığıdır.
Gecə seansı mənə zamanı xatırladır,
xoşbəxtliyə nə qədər qaldığını hələ də bilmirəm,
İnsan dünyaya gəlməzdən öncə
yollarına ümidsizlik toxumları səpilir.
Bu rəhimsiz toxumları udmağa,
bir şərəfli çəyirtkə də tapılmır.
Toxumlar sevgi zəmisində böyüyüb,
nəhayətsiz tənhalığa çevrilir,
Başqa tv kanalda sinoptiklər başqa proqnoz verir,
buludların göz yaşıyla ruhuma axıb
keçmişimi bu günə gətirəcəksən.
fəqət heç nə alınmır,
sinoptiklər yenə də yalan danışır.
uşaq vaxtı öldürdüyüm qarışqa
mənə sənin də tənha olduğunu pıçıldayır,
titullar paylayan gicbəsər qarı,
sənin vahiməli taleyini oxuyur.
kanalı dəyişirəm, aman nə gözəl,
mavi deməyə utandığım ekranda
Troya filmi canlanır,
Elledalı Yelena vəhşi ərindən bezdiyi üçün qaçır,
Axillesin dabanı mənim üsyanımdır.
Troya atında düşmən əsgəri yox,
kor şairin son sevgisi gizlənir
o da yanıb külə dönür.
film bitir, kanalı dəyişirəm,
tonqalda yandırılan Janna Dark
sənin bakirə ruhundur.
Məryəm ana Tanrı övladını bətnində gizlədir,
İsa Məsih deyil o,
mənim uğursuz eşqimdir,
onu da çarmıxa çəkirlər.

Hiç yorum yok:

Yorum Gönder