5 Ocak 2015 Pazartesi

zamanın qeyri müəyyən forması

xoşbəxtlikdən qorxuram, insanlar şadlığımı qısqanar,
ana körpəsinin başını konfetlə aldatdığı kimi
qorxuram Tanrı da məni xoşbəxtlik verməklə aldada.
anamın geniş bətnindən dar dünyaya gələndə 
hələ anlamırdım ki, xoşbəxtlik nisbi anlayışdır,
kainatda mütləq həqiqət yoxdur.
hələ anlamırdım ki, diqqət çəkmək üçün
özünü cəfakeş müdrik kimi göstərən
səfeh şairlər var imiş.
Hələ bilmirdim ki, Baki sakinlərindən
Xoşbəxtlik küçəsinin harda olduğunu soruşmaq
ölümə könüllü getməkdir. Çünki onlar
iki sözün birliyindən yaranan xoşbəxtliyin
xoş hissəsini hələ dadmamışdılar.
şərab satan erməni qadın hələ
gəncliyinin sadiq sirdaşı Bakıdan qovulmamışdı.
göydələnlər hələ qədim şəhərin
namusuna təcavüz etməmişdi.
sarışın qadınların döşlərinə baş qoyub uyuyan şəhərə
Herakıla oxşayan rus əsgərləri Yanvar faciəsi yaşadanda
mən hələ dünyaya gəlməmişdim.
anam körpə həsrətinin göz yaşlarından
kədər çələngi hörəndə mən hələ
kədər duyğusundan xəbərsiz idim.
hələ xoşbəxt idim, var olmadığım o zamanlar.
insanın doğuluşu xoşbəxtliyə əl sallayaraq əlvida söyləməsidir
və vidalaşmaq əslində yeni əyləncə tapmaqdır .
hər kəs keçmişdə doğulur, indiki zamanda yaşayır
və gələcək zamanda həyatla vidalaşır,
mən həyata elə keçmiş zamanda əlvida demişəm.
və indi zamanın ümidsizlik adlı qeyri- müəyyən formasında
nə etdiyimi, nə yazdığımı anlamağa çalışıram . . .

Hiç yorum yok:

Yorum Gönder