15 Mayıs 2015 Cuma

10 il sonrakı mənə məktub




Salam, Nicat. 10 il əvvəlki hesabata görə sən artıq ölməli idin. Amma materiya səni çox sevidiyindən  dünyanı tərk etməyinə icazə vermədi. O zamanlar hər həftə bir qıza aşiq olardın. İndisə eenrjin qalmayıb, qocalmısan, şair. Bir az da yoxsullaşmısan. Qadınlar üçün uğursuz kişi obrazısan. Qadın yazarlar səndən mükəmməl personaj yarada bilər. Elə bilirdin ki, kitabların satılacaq. Gözəl qadınlar səndən imza almaq üçün saatlarla növbədə dayanacaqlar. Unutmuşdun ki, kapitalizm dünyasında səfil şair uğurlu sevgili sayılmır. 10 il ərzində çox şey dəyişsə də müsbət hadisə olmayıb. Valideynlərin qocalıb. Aldığın əmək haqqı səni qane etmir. Zaman keçdikcə əyyaşa çevrilirsən. Nədir, ay axmaq, elə bilirsən ki, özünü Heminqueyə bənzətsən dahi yazar olacaqsan. Azad olmaq istəyirdin. Nə olsun ? Nədir axı azadlıq ? Hakimiyyətsizlik sənin ən üstün ideyan idi. Dəfələrlə həbs olundun. İdeyandan imtina etmədin. Amma heç nəyi də dəyişdirə bilmədin. O zamanlar sən Tanrı olmaq, dünyaya hökm etmək istəyirdin. İndisə ən rəzil varlıqlar sənə Tanrılıq edirlər. Kədərinin miqdarı artıb. Saçların ağarıb, üzündə qırışlar var. Əsəbdən əllərin əsir. Unudulmusan şair. O qədər sevgilər yaşasan da tənhasan. Müdriklik tənha insanlara məxsusdur. Bəlkə  taleyinin belə alınması daha yaxşı olub.
Məğlub oldun. Ehtiyac səni də sındırdı.  Səmimi ol, həqiqəti de. Hələ də ümidlisən. Sən həqiqəti Nizami küçəsində şərab üçün pul dilənən bomujun simasında tapmışdın. Hüzn dolu o sima bəşəriyyət üçün yas saxlayırdı. Aradan 10 il keçib. 10 ildir ki, o həqiqətlə görüşməmisən. Tənbəl olma. Cəhd elə, saqqalını qırxma, üzünü yuma. Səliqəli görünsən bomuj qəzəblənəcək. Ona bənzəməyənlərə nifrət edən  o müdrik insan 10 il səni gözlədi. Bu gün onun yatdığı küçəyə gedirsən. Bax, elə bu daş pilləkənin üzərində yatardı şərab şüşəsini qucaqlayaraq. O dalandar qadın da sənin gəncliyinə şahidlik edib. Soruş o qadından bomuj dostunu. Cavabı səni məhv edir. O bomuj 2 gün öncə sətəlcəmdən ölüb. Yox, Nicat niyə bu qədər qəddarsan? Axı o bomuja bir martini söz vermişdin. Bəlkə də 10 il ərzində həmin martinini içməyi arzulayıb. İncimə şair, özünü çox öysən də sən də həyat kimi yalançısan .


Nicat Həşimzadə 

Hiç yorum yok:

Yorum Gönder