13 Mayıs 2015 Çarşamba

Ölünün canlıdan yeganə fərqi 
ölüm arzulamamasıdır. 
doğulanda bətindən, 
öləndə həyatdan azad olursan,
ölüm də doğuluş kimi əsarətdən qurtuluşdur,
yaranışla son arasındakı insan
quldarlıq qurbanıdır.
hər bir tazə mövcudluq
kədərli sonluqdur.
həyat sirrdir, ölüm ümidsizlik
ən dəhşətli ümidsizlik
elə sirrin özüdür.
gecəyarı ölüm gözünə görünəndə
təlaşlanırsan, qorxursan
yaşayırsan yenə də qorxursan,
qorxudur sülhə və savaşa səbəb olan nəsnə
savaşın sülhdən yeganə fərqi
ölümün gözlənilən fəqət bir az da
təhlükəli olmasıdır.
tənha kişi yalnız ölüm anında dərk edir ki,
gözəlliyə həsrət qalan qadın
dünyanın ən gözəl qadını imiş .
gözəlliyin çirkinlikdən yeganə fərqi
insanda ehtiras yaratmasıdır.
həyatın gerçək üzüysə
elə dünyanın sonucu qadınıdır
ölüm , həyat- hər ikisi
həm son, həm də yaradılışdır


Hər qadın yeni məğlubiyyət,
özünü öymə fəlsəfəsi, 
bir az da gicbəsərlikdir.
Bir az əsəb mənbəyi, 
bir az da soyuq duşdur
hər yeni qadın.
Məqsəddən uzaqlaşmaq,
unudulmaq, tənha qalmaq,
borca düşmək, şəraba qurşanmaq,
boşanmaq üçün aliment axtarışına çıxmadır
hər yeni qadın.
Mənasız çərənləmələri dinləmək,
öncə özünə, sonra bəşəriyyətə nifrət etmək,
sonra da intihar dadını duymaqdır
hər yeni qadın.
rədd olsunlar hamısı
heç biri bir zibilə şəfa deyil.
bütün savaşların səbəbkarıdır
hər yeni qadın .


Həyatın ən dəhşətli anı
Qızın qadına çevrilmə anıdır.
Qızlar qadın olanda saxtalaşırlar 
Müqəddəsliklərini itirirlər,
bəşəri hissləri unudub bir kişinin
köləsi olurlar.
Indiki zamanın bitmiş forması
gələcəyin gəlməyəcəyini söyləyir
söyləyir ki,
sədaqət yalnız ölülərə məxsusdur,
yalnız ölü qadın sadiqdir,
yalnız ölü kişi xəyanət etmir
Əlacı olsa Azərbaycan qadını
ölü ərini işə göndərər.
qızın qəlbində sevgini
qadın ruhundakı vərəm əvəzləyir
inandığı eşq dünyası dağılır
ümidsizlik yaşayır,
qız öpüşləri qadın çərənləməsinə dönür.
bədən formalarını itirir,
enlə - uzunu birləşdirirlər
zirvələrdən enib müstəviləşirlər
qızlar qadın olanda


Ömür bitsə bu gecədə
sabahkı Günəş səni isitməyəcək,
heç zaman sənin olmayan sevgilin
sabah sənin olsa belə
bu həqiqət səni ovundurmayacaq.
Küləyin səsi qulaqlarına
həyat şərqisi pıçıldamayacaq.
Ömür bitsə bu gecədə
maddi borc qayğıları
sabah səni üzməyəcək.
məktəbli oğlununun geyim dərdi
səni bezdirməyəcək,
ananın qocalar evinə ,
sənin məzara yola salınmağın
sabah qonşuların ilk işi olacaq.
Ömür bitsə bu gecədə
həsrətində olduğun kitabı
heç kim çap etməyəcək,
üzüləcəksən nakam olmayan eşq
yaşamadığın üçün .
Sabahın Azan səsi
səni Tanrıyla barışdırmayacaq
Ömür bitsə bu gecədə.

Hiç yorum yok:

Yorum Gönder