7 Mayıs 2015 Perşembe

Yeni olan hər şey kimlərinsə köhnələridir
Sən də kiminsə köhnəsi , 
kiminsə unudulmuşusan.
gələcək keçmişin köləsidir
insanı qatil edir,
Yenilik bir heçdir, cəfəngiyyatdır
köhnəliyin surətidir.
Xoşbəxtlik ehtimaldır, bədbəxtlik gerçək
Tənhalıq müdriklərə məxsusdur.
Yeni olan hər şeydə
sonsuz məchulluq gizlənir, saxtalıq daşıyır özündə
İnsan gələcəyi yox, keçmişi arzulayır
bilir ki , gələcək xoşbəxtlik vəd etmir
yeni olan hər şey kimlərinsə köhnəsidir,
döyülür, söyülür, unudulur haçansa
heç üzünə tüpürən də tapılmır
Şəhərin axmaq şairi
xoşbəxtlik haqqında şeirlər yazır.
o da kiminsə köhnəlməsi, unudulmasıdır
Çox da özünü öymə Bakı,
sən də kiminsə köhnəsi
kiminsə unudulmuşusan


yoxluğuna ağlayan bir qadının yoxdursa
yaşamağın bir heçdir,
bir qadının simasında təbəssüm ola bilmirsənsə
həyat əfsanədir.
bir qadının əzablarını anlaya bilmirsənsə
oxuduğun yüzlərlə kitab mənasızdır.
xoşbəxt olmaq haqqın bir qadından aslı deyilsə
bəşərin zərrə qədər də dəyəri yox gözündə.
bir qadına sevgin ayrılıqla deyil qovuşmaqla başlayırsa
bu sevginin qüdrətinə bel bağlama.
çərənləmə gecə vaxtı, qüssə çəkib zarıldama
özünü öymə, göyə çox dırmaşsan da unutma ki,
bir qadının vaginasından çıxmısan.
təbiət ədalətsizdir kişilərə qarşı.
bu səbəbə görə də Addəmlər Həvvalardan
itirilmiş cənnətin qisasını alırlar .


o sonuncu təbəssüm 
sənin tükənən sevgin,
mənim yeni sevgili axtarışım idi. 
o sonuncu sevişmə 
bəşərin kədərinə hamilə qaldı,
sərxoş dünya küçələşdi
o sonuncu pıçıltıdan
bətninə enən həyat
mənim ölüm hökmüm idi.
o sonuncu gecə
Afrodita kor şair Homerin ayaqlarını yuyanda
sən ruhumda əriyib toza çevrildin.
o sonuncu həbs
məni zindana aparanda
son dəfə tənhalaşdım.
əlin əlimə dəymədən,
dodağın dodağıma toxunmadan
qucaqlaşmadan sadəcə baxışlarla sevişmək
unudulmağını gecikdirdi, amma sadəcə gecikdirdi
çox da işə yaramadı.
O sonuncu şənlikdə
Dionis şərab süzməyi unutmuş,
Hermes silahdaşlarını satmışdı
o sonuncu gecədə
həyat davam etmirdi, heç ölmürdü də
sadəcə əbədi olmayan ömrümdə
müvəqqəti sükuta dalmışdı

Hiç yorum yok:

Yorum Gönder