8 Mayıs 2015 Cuma

Sveyq vicdanın özüdür

                              


Alman roman ustası , bioqrafiya yazarı, araşdırmaçı və publisist. Stefan Sveyqi “ Yad qadının məktubları ” əsərinə görə tanımışam. Uzun zaman bu əsərin təsirindən xilas ola bilməmişdim.  Yəhudi əsilli fabrikantın oğlu olan Sveyq əsasən yaratdığı tarixi xarakterlərə və bioqrafik əsərlərə görə tanınır. Yaşadığı zamanda bir çox həmkarları Freydi qınaq obyektinə çevirsələr də Sveyq Freyd təfəkkürünü yüksək qiymətləndirir, onun ideyalarından yararlanır və bunu səmimi şəkildə etiraf edirdi. Hər iki dünya müharibəsinə şahidlik edən Sveyq savaşa həmişə etiraz etmiş,  sivil qaydada mübarizə aparmışdır.  1942 ci ildə savaşa, dünya böhranına etiraz edərək qadını ilə birlikdə intihar etmişdir. Həyatının son illəri nasist təqiblərindən qaçmağa sərf olunub.
“ Dünənin dünyası ” kitabında müəllif öz yaşadığı hadisələrdən bəhs edir. Tolstyoy haqqında bioqrafiya yazan müəllif  RomaN Rollandla tanışlığı və Ceyms Coysla bağlı xatirələrindən danışır. Nasistlər yəhudi bəstəkarlarının musiqilərinin ifasını qadağan edir, bu qadağa hətta ölən bəstəkalara da aid edilir. Sveyq bəşəriyyətə müharibədə ölümün mənasızlığını izah etməyə, sülhü qorumaq naminə hər kəsi bir araya cəlb etməyə çalışır. Maksim Qorki ilə görüş daha maraqlıdır. Çünki Qorki fransız və  alman dillərini bilmir, Sveyq isə rus dilini. Və müəllifin xatirələrindən belə məlum olur ki, Maksim Qorkinin üz cizgilərindən , jestlərindən nə söylədiyini anlamaq olur. Həmçinin bu kitabda Jozef Fuşenin siyasi xadim kimi əhəmiyyətini  , istənilən situasiyada doğru qərar verə bilmək iqtidarına malik olmasını yazır.
Sveyqi narahat edən ən kədərli məsələ bəşəriyyətin insan sevgisizliyidir. Hakimiyyəti, idarəetmədəki  problemləri kəskin şəkildə tənqid edir. Təhsil sistemindən narazılıq hiss olunur. Nasistlərin yəhudilərə qarşı bəslədiyi kin  Sveyqi narahat edir. Kitabda nəzərimi daha çox cəlb edən  məsələ Sveyqin Vyanaya olan həssas münasibətidir. Sveyq müharibə olmasına baxmayaraq Vyana insanından yüksək əhval, hədsiz enerji gözləyir. Lakin  böhran bütün ölkələri məhv etdiyi kimi Vyananı da bərbad hallara salmışdı.
Stefan Sveyq  hətta intihar etsə də inanırdı, inanırdı ki, müharibə bitəcək. İnsanlar müəyyən zamandan sonra savaşı unudub xoşbəxt yaşayacaqlar. Lakin ölən gənclər bir daha geri gəlməyəcək. Ölümə qarşı həssas olan, etiraz edən Sveyq öz həyatına ölümlə son qoyur . Bir çox ziyalılar intihar edərək müharibəyə etirazlarını ifadə ediblər. Sveyq isə tək yox, qadını ilə birlikdə intihar edib. Bu onu fərqləndirən cəhətlərdən bəlkə də ən vacibidir.  “ Dünən dünyası ” kitabını nəyə görə sevdim ?  Sveyq xatirələrində yazır ki , əgər bəşəriyyət müharibə qurbanına çevrilirsə bunun günahkarı siyasətçilər və ya silah satıcıları deyil, daha böyük  ərazilər əldə etmək üçün  vuruşan kapitalistlər deyil. Günahkar - biz ziyalılarıq. Deməli normal təfəkkürə sahib , sivil düşüncəli cəmiyyət yarada bilməmişik. Kitabda Sveyq sanki coğrafi xəritə yaradıb. Parisə səfərində qeyri – adi mühitlə qarşılaşan Sveyq alman sisteminin qəddarlığını daha dərindən dərk edir. Müharibə nələri məhv edir və sülh bəşəriyyətə nələr bəxş edir. Sveyq bütün həyatı boyu ölümsüz olmağı arzu edirdi. Hər iki dünya müharibəsinə məcburən şahidlikk etməyi onun əsəbləri pozmuş , yazıçı milyonlarla insanın ölümündə özünü günahkar saymış və intihar etmişdir. İstənilən savaşa görə hər kəs günahkardır və hər kəs cavab verməlidir. Müharibə mədəniyyət abidələrini məhv edir. Bir çox ziyalı insanların ölümünə səbəb olur. İnsanlar məcburən döyüş meydanlarına aparılır, hətta yəhudi uşaqlar da işgəncələrə məruz qalırlar. Sveyq qeyd edir ki, müharibənin ikinci mərhələsində Berlin də dağıdılmışdı. İnsanlar hakimiyyətə tabe olmaq istəmirdilər. Hər kəsi azadlığa çağıran gizli təşkilatlar dövlətdən daha qüdrətli idi. Sveyq həyatında ilk dəfə aclıq gördüyü insanların acısını təsvir edir. “ Çəkisi az olan çörək qapqaraydı, yapışqan- qətran qarışığını xatırladan dadı vardı , arpadan hazırlanır, qum kimiydi ” Insanların bəziləri ətin dadını unutmuş, digərləri isə unutmamaq üçün dovşan, sincab əti ilə qidalanırdılar. Köhnə çuvallardan şalvar tikilməsi adət halını almışdı. Sveyq bu kitabı yazmaqla sübut edir ki, bəşəri aclıq bütün əxlaqı dəyərləri, ən ali mənəvi aləmləri belə dağıtmaq gücünə malikdir. Həmin illər Sveyq pyeslər yazır. 2 dəfə pyesləri tamaşaya qoyulmağa yaxın olsa da uğursuzluğa düçar olur. Lakin sınmır, mübariizəsini davam etdirir. Romen Rollan bütün təqiblərə, hədələrə , aşağılayıcı qərəzli münasibətə baxmayaraq müharibə , ümumilikdə imperializm əleyhinə beynəlxalq miqyasda əks- səda yaradan məqalələr yazır. Heç bir səbəb onu sarsıtmır, Heç bir təhdid onu yolundan döndərə bilmir. Qorxmadan mübarizə aparmaq Rollandın həyat tərzinə çevrilir. Sveyq Rollanı sarsılmaz, ləkəsiz nümunə hesab edir. Lakin dahi mütəfəkkirin xəstəlik dönəmindəki çətinliklər Sveyqi üzür. Müəllif kitabda yazır ki. Avropa vicdani dəyərlərini qoruyub saxladığı üçün Romen Rollana minnətdar olmalıdır. Həyatı boyu azadlığını hər şeydən üstün tutan Rolland heç bir gizli təşkilata qoşulmur. Sveyq kütlənin ziyalılar, vicdanlı təfəkkür sahibləri tərəfindən deyil, vəhşilər tərəfindən idarə edilməsinə etiraz edir. Kitabda ən ağır səhnələrdən biri müharibədə ərləri ölən qadınların fahişə kimi çalışmasıdır. Savaş illərində fahişəlik kütləvi hal alır. Lakin sülh bərqərar olduqdan sonra bu problem həll olunmuş, fahişələrin sayı azalmışdır. Sveyqin atası yəhudi idi. O nasistlərin işgəncələrinə , yəhudilərə qarşı bəslədiyi vəhşi münasibətə daha həssas yanaşırdı.  Yəhudi xalqını bəşərriyətin canlı mədəni abidəsi sayan Sveyq bu nifrətə göz yuma bilməzdi . Müharibədən fiziki çatışmazlıqla qayıdan kişilər övladlarının aclıqdan əziyyət çəkdiyini görür və intihar edirdilər. Kitab həm də ona görə sevilir ki, Sveyq hər fikrində, hər cümləsində səmimidir, humanistdir. Sveyq bu kitaba qədər də tarixi əsərlər, miniaturlar yazıb. “ Bəşəriyyətin ulduzlu saatları ” bu baxımdan ən dəyərli nümunədir. Tərcümə də çox uğurlu alınıb . Eyni düşmənə qarşı mübarizə bir zamanlar fərqli cəbhələrdə olmuş tərəfləri birləşdirə bilər və bu birləşmə bəzən qaçılmaz olur .    “ Dünənin dünyası” nı oxumazdan öncə “Kazanova” və “ Iblisə savaşanlar – Nitşe haqqında monoqrafiyanı “ oxudum . Stefan Sveyq mütləq oxunmalı olan ziyalıdır. Sveyqi oxumaq dünyanı dərk etmək, özünü aliləşdirmək, mənəvi kamillik əldə etməkdir.                
   Ən çox sevdiyim yazıçılardan birinin kitablarını nəşr etdirən “Alatoran Yayınları” na təşəkkür edirəm . Həm “ Bəşəriyyətin ulduzlu saatları ” həm də “ Dünənin dünyası ” kitablarını Sveyq yazaraq yaşamayıb, yaşayaraq yazıb. Tam əminliklə oxucu dostlara bu kitabı oxumağı tövsiyyə edirəm .  

Nicat Həşimzadə 

Hiç yorum yok:

Yorum Gönder